Tarix Muzeyində dahi bəstəkarla bağlı eksponatlar

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan tədbirlə bağlı afişalar, Etnoqrafiya fondunda isə böyük sənətkarın ailəsinə aid kolleksiya qorunur.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, qeyd olunan nümunələr arasında Ü.Hacıbəylinin ailəsinə (anası Şirin) məxsus süfrə, boğça, quranqabı, müxtəlif geyim nümunələri və s. mühafizə edilir. Digər bir nümunə isə Şirin xanıma məxsus geyim dəstidir. Mavi rəngli geyim dəsti ipək parçadan hazırlanıb.

Bəsrəkara aid digər eksponatlar – 1913-cü il iyulun 30-da Ü.Hacıbəyli tələbə olarkən Peterburqdan Azərbaycanın Xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktubun surəti və bəstəkarın fotoşəkili muzeyin Köməkçi materiallar fondunda saxlanılır.

Xatırladaq ki, dahi bəstəkarlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin muzeydə qorunan kolleksiyası əsasında eyniadlı kataloqlar (Bakı, “Təhsil”, 2021) nəşr olunub.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.7.