Köhnə filmlərdə gördüyümüz kimi...

 

Paytaxtda tarixi binaların blokları keçmiş görkəmi əsasında bərpa olunur

 

Bir neçə gün əvvəl Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə yolum düşmüşdü. Səid Rüstəmov küçəsində tarixi binada yerləşən mərkəzin binasının giriş qapısında və blokda restavrasiya işlərinin aparıldığı diqqətimi çəkdi.

Ustalara yaxınlaşıb maraqlanmaq istəyirdim ki, memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyevin binaya daxil olduğunu gördüm. Elçin Əliyevi görər-görməz məsələni təxmin etmiş oldum. Salamlaşan kimi memar niyyətimi anlayıb özü həvəslə görülən işlər haqqında məlumat verdi. Məlum oldu ki, artıq bir neçə müddətdir başlanan təmir-bərpa işləri şəhərin müxtəlif istiqamətlərində həyata keçirilir.

Səhəri gün təmir işləri gedən ərazilərə birgə baxış keçirdik.

Rəsul Rza küçəsindəki hazır olan bina girişlərinə baxış zamanı gözoxşayan mənzərələr ürəyimizi açdı. Uzun zamandır köhnə filmlərimizdə, kadrlarda yaşayan tarixi binaların bloklarındakı naxışlar, həmin dövrün üslubunu qoruyan bəzəkləri görəndə köks ötürürdük... Bu gün həmin tarix yerinə qayıdır, bərqərar olur. Blokların uçuq-sökük, elektrik naqillərinin dolaşıq halından əsər-əlamət qalmayıb.

Elçin Əliyev deyir ki, görülən bərpa işləri ölkə rəhbərliyinin və birbaşa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi əsasında həyata keçirilir. “Bakı Abadlıq Xidməti” MMC tərəfindən aparılan işlərə memar özü rəhbərlik edir: “1890-cı ildə tikilən binaya bu günə kimi neçə dəfə elektrik naqili çəkilibsə, o qədər də köhnə naqillər sökülmədən blokda dolaşıq şəkildə qalmışdı: “Azərişıq” və “Azəriqaz”, rabitə idarələri bloklarda xətləri yenilədikdən sonra Bakı Abadlıq Xidməti burada təmirə başlayır. İşlər əsaslı şəkildə aparılır. İlk əvvəl sakinlərin bütün problemləri dinlənilir, nəzərə alınır, daha sonra restavrasiyaya başlayırıq. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər pilləkənlər yenilənir. İlk baxışda pilləkənlər yeni görünsə də, biz bərpa üsulu ilə köhnə pilləkənlərə əvvəlki görkəmini qaytarıb yeniləyə bilmişik. Bloklarda quraşdırılan su nasosları da yığışdırılıb və tam səliqəli görkəm yaranıb. Su nasoslarının əvəzinə isə yüksəktəzyiqli su xətləri çəkilir. Yəni estetik görünüşə xüsusi diqqət edirik”.

Memar deyir ki, bərpa işləri aparılan binalar memarlıq abidələri olduğu üçün necə gəldi müdaxilə etmək olmaz: “Girişdəki çilçıraqları yerinə qaytarmaqla bu bloklara işıqla bərabər öz keçmişiniqaytarmağa nail olmuşuq. Rəssamlarla danışıqlara başlamışıq. Onlar bloklardakı qədim rəsmləri bərpa edəcəklər”.

Rəsul Rza küçəsində bir neçə binanın blokuna baxış zamanı mütəxəssis bildirdi ki, işlər bir ildir həyata keçirilir. 5-6 blokda işlər tamamlanıb, 15-16 blokda işlər davam edir: “Əsas odur ki, işləri tələsmədən görürük. Ustalar dəvət olunur və nəzarət altında işləri həyata keçirirlər. Bu binalar bir əsrdən çoxdur xalqmıza qulluq ediblər və elə restavrasiya olunmalıdır ki, 100 il bundan sonra təmirə ehtiyacları qalmasın. Bakı Abadlıq Xidməti tərəfindən bloklarda xüsusi elanlar yerləşdirilib. Bu elanlarda sakinlərdən restavrasiya olunmuş bloka müdaxilə ilə bağlı məlumat vermələri xahiş olunur”.

Bərpa işlərinin yüksək keyfiyyətlə aparıldığını deyən memar verilən dəstəyə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi: “Dövlətimiz qədim binaların təmiri ilə bağlı bütün ləvazımatların alınmasına yardımçı olur. Qapıların hamısı yenilənib. Palıd ağacından olan bu qapılar çox uzunömürlüdür. Nizami küçəsindən başlayan bu təmir işləri Yusif Məmmədəliyev, Rəsul Rza və digər küçələrdə davam etdirilir. Böyük və əhatəli layihə çərçivəsində 5-6 il müddətində şəhərdəki memarlıq abidəsi olan bütün binaların bloklarında təmir işlərinin aparılması nəzərdə tutulub. 

Binaların girişindəki mərmər döşəmələr də yenilənib. Bu mərmərlər Bakının tarixi fotolarına əsasən sifariş edilib və döşənib. Sovet dövründə çox zaman XIX əsrə aid binalardakı naxış və bəzəklər ləğv edilir, yaxud da sökülürdü. Sənətşünas deyir elə blok var ki, orada keçmişdən heç bir nümunə qalmamışdı: “Biz işə başlamazdan əvvəl arxivlərdə aparırıq. Hər bir binanın interyerini tapırıq. İzsiz blokları da bu nümunələr əsasında bərpa edirik. Hər blokda bir-iki ay davam edir. Bəzi bloklarda pilləkənaltı sahələr zəbt edildiyi üçün dövlət buna görə sakinlərə kompensasiya verib. Onlar blokları boşaldaraq başqa yerdə məskunlaşıblar. Ən böyük problem azad və bərpa edilmiş bu blokları nəzarətdə saxlamaqdır. Çünki belə gözəlliyə göz dikməyən adam az olar”.

Elçin müəllimi həm ustalar, həm də müxtəlif binaların sakinləri gözlədiyi üçün onunla sağollaşırıq. Belə bir gözəlliklər yaratdıqları üçün memaraustalaraişiniz avand olsun” deyərək, günə çıxmış blokların öz “donlarında” necə möhtəşəm göründüyünü bir daha seyr edib məmnun oluruq...

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.5.