Görkəmli şərqşünas-alim Aida İmanquliyeva vəfatının 30-cu ildönümündə yad edilib

 

Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın (1939–1992) məzarını ziyarət edib. Məzarın önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla anılıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, 30 il öncə sentyabrın 19-da dünyasını dəyişmiş Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında silinməz iz qoyub. Əsas elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən alim üç monoqrafiya, 100-dən çox elmielmi populyar məqalənin müəllifidir. O, ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilk alimimiz olub.

Vurğulanıb ki, Aida İmanquliyevanın tədqiqatları nəticəsində yeni ərəb ədəbiyyatının Qərb ədəbiyyatına, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizmi nümayəndələrinin yaradıcılığına çox güclü təsir etdiyi müəyyən olunub.

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində təmsil edən gözəl alim idi.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Aida İmanquliyevanın elmi fəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi qayğıdan danışıb.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.6.