VI “DokuBaku” Beynəlxalq
Sənədli Film Festivalı
başlayıb
33 ölkədən 60-dan çox
film yarışır
Mədəniyyət Nazirliyi və bir sıra qurumların tərəfdaşlığı ilə 21-25 sentyabr tarixində VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçirilir.
Sentyabrın 21-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində festivalın açılış mərasimi gerçəkləşdi.
Jurnalistlərə açıqlama verən festivalın direktoru İmam Həsənov qeyd etdi ki, festival hər il bir mövzuya həsr olunur: “Builki festivalın mövzusu “Təkamülə qarşı inqilab”dır. Bu mövzunu seçməkdə məqsədimiz odur ki, insanlar təbiəti və bir-birilərini qorusunlar. Burada kinonun, xüsusilə sənədli filmin böyük rolu var”.
İmam Həsənov bildirdi ki, festivala bu il 100-dən artıq film təqdim olunub. 33 ölkədən 60-dan çox film seçilib, avstriyalı rejissor Maria Arlamovskinin “Robosevgi” filmi isə müsabiqədən kənar göstəriləcək.
Açılış mərasimindən öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Robosevgi”
filmi nümayiş olundu. Film gələcəkdə
insanların və bəşəriyyətin süni
intellektə daha çox üstünlük
verməsi haqqındadır.
Ekran əsərində insanın
özünün əksi
olan robotun yaranması və bu robotun gələcəkdə
insan üçün
törətdiyi fəsadlardan
bəhs olunur.
Qeyd edək ki, festivalda
filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “No-Main”, “Ən
yaxşı beynəlxalq
və yerli qısametrajlı sənədli
film”, “Müsabiqədənkənar”, “DokuKids” və “DokuUA” kateqoriyaları üzrə təqdim olunur. Münsiflər heyətinə tanınmış
sənədli kino rejissorları, kino və foto dünyasının
nümayəndələri daxildir.
Onların arasında Mədəniyyət Nazirliyi
Audiovizual və interaktiv media şöbəsinin
müdiri Rüfət
Həsənov, çoxsaylı
mükafatlar laureatı,
Kann Film Festivalının
qalibi Sergey Dvortsevoy, dünya şöhrətli
azərbaycanlı fotojurnalist
Reza Deqati və “Emmy” mükafatı laureatı,
“Oskar” mükafatının nominantı, prodüser
Kirstin Barfod və digərləri var.
Hər il festival dünyaca
məşhur bir rejissorun filmlərindən
ibarət silsilə nümayiş təşkil
edir. Bu il qazaxıstanlı rejissor,
2009-cu ildə “Oskar” mükafatının
nominantı (“Zanbaq” filmi) olmuş Sergey Dvortsevoyun dörd filmindən (“Cənnət”,
“Qaranlıqda”, “Çörək
günü”, “Magistral”)
ibarət retrospektiv hazırlanıb.
6-cı festivalın proqramına
ilk dəfə uşaqlar
üçün sənədli
filmlər də daxil edilib. Bundan başqa,
festival Ukraynadan sənədli
filmlər nümayiş
etdirməklə bu ölkənin rejissorlarına
dəstək olacaq.
Builki festivalın
xüsusi qonağı
polşalı sənədli
film rejissoru və ssenaristi, bir sıra festivalların laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində
özünün rejissor,
həyat yoldaşı
Aqneşka Mankieviçin
isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.
Festival çərçivəsində filmlər Nizami Kino Mərkəzi, Azərbaycan
Dövlət Film Fondu,
YARAT Müasir İncəsənət
Məkanı, ARTIM Layihə
Məkanı və “Kapellhaus” – Alman-Azərbaycan
Mədəniyyət Birliyində
nümayiş etdiriləcək.
Səsvermə onlayn və ənənəvi şəkildə baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək.
Qeyd edək ki, “DokuBaku” Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdir.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 23
sentyabr.- S.2.