Ömür yaşı 50, səhnə
yaşı 30
Şövqi Hüseynov: “Bir dəfə
tamaşanı yarımçıq qoyub
çıxmışam. Antraktdan sonra tamaşaçı
qarşısına çıxmağa utandım...”
O, istedadı, peşəkarlığı və ən əsası da zəhməti və sevgisi ilə bu gün səhnəmizin ən sevilən aktyorlarındandır. Nəinki çalışdığı səhnədə, ümumən fərqli teatr və rejissorların işləmək istədiyi ifaçılardandır. Çünki durmadan öz üzərində çalışır. Necə deyərlər, öz aləmindədir...
Səhnə yaşı 30-u, ömür yaşı 50-ni haqlayan bu sənətkarın oyunu kimi söz-söhbəti də maraqlı və səmimi idi. Elə isə Gənc Tamaşaçılar Teatrının 50 yaşlı “cavanı”, Əməkdar artist Şövqi Hüseynovla söhbətimizə “tamaşa” edək.
– Növbəti festivaldan qayıtmısınız. Maşallah, artıq hər yay festivallarla dincəlirsiniz...
– Məncə, aktyorun ən böyük istirahəti səhnədədir və mən bundan böyük zövq alıram. Festivallara getmək həm də aktyorun format olmasıdır. Biz öz şirəmizdə bişə bilmərik. Mən çox sevinirəm ki, buna dəstək var. Aktyor olaraq nə qədər istəsəm də, maddi baxımdan bunu sistemli təmin edə bilmərəm. Təşəkkür edirəm ki, Mədəniyyət Nazirliyi bütün bu təklif və dəvətlərə dəstək verir. Budəfəki festivalda – Rusiyada təşkil olunan “Ostrovski – FEST” Beynəlxalq Teatr Festivalında F.Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə ölkəmizi layiqincə təmsil etməyə çalışdım və diplomla təltif olundum. Bu və ümumən bütün monotamaşalarım mənə uğur gətirib və inanıram ki, bundan sonra da belə olacaq.
– Mütəmadi festivallara gedirsiniz deyə soruşuram: teatr və tamaşa üzərində “velosiped icadı” bütün başqa ölkələrdəki teatrlara da xarakterikdir, yoxsa biz qalmışıq yolayrıcında?
– Xeyr, bu, bütün dünyada baş alıb gedən prosesdir. Mən yeni meyillərin hər formasını qəbul edirəm. Təki bütün dediklərimiz insana xidmət eləsin. Səhnədə canlı insan olmalıdır. Bu olmazsa, bizi kreativ ideyalarımız xilas etməyəcək. Tamaşaçı teatra yalnız insana görə gəlir. Söhbət əsl tamaşaçıdan gedir. O tamaşaçı “nə baş verir”ə yox, “necə baş verir”ə baxmağa gəlir. Nə sualına cavab axtaran sirkə gedir. Biz nə qədər çalışsaq da, istənilən tryuk və performansları sirkdən yaxşı edə bilmərik. Amma teatrın üstünlüyü ondadır ki, onda insan var və o, duyğularının dilində danışa bilir. Tamam, yenilik gətirin. Amma özülü dağıtmaq olmaz. İnsanla məşğul olmaq üçün yuxusuz gecələr, savad, enerji və istedad lazımdır. Bu, əzablı bir prosesdir və çox adam dözə bilmir. Amma mümkündür.
– İndiki teatr, indiki rejissura nə istəyib, nəyi göstərir?
– Rejissor
aktyoru istənilən formada təqdim edə bilər. Amma içi yoxdursa, yalnız siz deyən o əlavə
effektlərdən ibarətdirsə, ona bir dəfə baxmaq
olar. Amma insana, səhnədə
özünü hiss edən və etdirən insana yorulmadan
tamaşa edərsən. Baxın, repertuarda
elə tamaşalar var ki, uzun illərdir oynanılır.
İndi bir fikir də atıblar ortaya: tamaşa köhnəlib.
Qətiyyən razı deyiləm. Tamaşa tamaşaçı gətirirsə və
izləyici ona hər dəfə maraqla baxırsa, deməli,
burada köhnəlikdən söhbət gedə bilməz.
Əvəzində bu gün oynanılıb, sabah
“köhnələn”lərdən danışsınlar.
–
Yaxşı, o meyarı kim müəyyən
edir? Tamaşaçı, yoxsa teatr?
–
Tamaşanın yaşamasını, əlbəttə ki,
tamaşaçı təyin edir. Hə, bir də
teatrın, tamaşanın taleyini peşəkar
teatrşünaslar, sənətinə hörmət edən
teatr tənqidçiləri həll etməlidir. Mütləq yazılmalı, deyilməli, analiz
olunmalıdır. Müzakirələr
aparılmalı, premyeralar ətrafında fikir axını
olmalıdır. Hər şey
yaxşıdır deyib keçmək olmaz. Ümumən, ən vacib faktor
tamaşaçıdır, meyar da elə odur.
– Onda, gəlin,
bir az da bizim tamaşaçıdan
danışaq. O necədir və səhnədən necə
görünür?
– Bizim
tamaşaçı daha sərtdir və mən ona borcluyam. O,
bizi, şəxsən məni rahat olmağa qoymur. Amma rus tamaşaçısı elə deyil. Gözləyir, sənə imkan verir ki, səhnədə
nə qədər istəyirsən yaşa, pauza ver. Amma bizim
tamaşaçı yox. O, tonu aşağı salmağa
qoymur. Bir az temp düşən kimi durub
gedir. Beləcə, məni formada saxlayır,
tempə kökləyir.
– Yəni
gərginlikdə saxlayır?
– Mən
ona formada saxlayır deyirəm. Beləcə, mən
onu itirməkdən qorxuram. Hər oyunda
bizim tamaşaçı ilə “müharibə”yə
çıxıram. Ya o mənə qalib gələcək,
ya da mən ona. Bəzən qalib gəlirik,
bəzən də məğlubiyyətlə
razılaşırıq. Canlı sənətlə
məşğuluq. Bəzi tamaşalardan sonra adam istəyir ki, ərizəsini yazıb
çıxıb getsin. Məndə belə
hallar dəfələrlə olub. Hətta
bir dəfə Kamera Teatrında tamaşanı
yarımçıq qoyub çıxmışam. Birinci hissəni oynadım. Antraktdan
sonra tamaşaçı qarşısına
çıxmağa utandım. Tamaşaçı
mənə qalib gəlmişdi.
– Bəzi
rejissorlarımız, aktyor həmkarlarınız da “hər
tamaşa hər tamaşaçı üçün deyil”
deyirlər. Razısınız?
– Xeyr, əsla.
Biz bilet satanda tamaşaçının diplomuna
baxıb, intellektual səviyyəsini yoxlayıb,
zövqünü ölçmürük ki. İstənilən tamaşaçı istənilən
tamaşaya baxmaq hüququna malikdir və mənim də vəzifəm
onun qarşısına çıxıb öz sənətimi
göstərib özümü ifadə etməkdir. Tamaşaçı mənə baxmırsa, zaldan
gedirsə, ümumən teatra gəlmirsə, bunun
günahkarı aktyordur.
“Rejissor
barmağı tamaşada görünməməlidir”
– Bəs
uğurlu-uğursuz tamaşa bölgüsündə əsas
pay kimə düşür?
– Aktyor əvvəl
gəlir, sonra, təbii ki, rejissor və teatr. Çünki
səhnədə tamaşaçı qarşısına
çıxan aktyordur. Düzdür,
rejissor onu yönəldir. Amma ilk ünsiyyət
aktyorla başlayır. Ümumiyyətlə,
rejissor barmağı tamaşada görünməməlidir.
Görünürsə, deməli tamaşa
yaxşı alınmayıb. Rejissor
tamaşaçıdan əvvəl görür prosesi. Aydındır, rejissor aparıcı qüvvədir və
aktyor onun fikrini daşımalıdır. Amma
vicdanla. Tamaşa uğurlu olanda aktyorlar
deyirlər bizim işimizdir, pis olanda rejissorun üzərinə
atırlar. Əslində, ikisi də
realdır. İkibaşlıdır. Hər iki tərəf məsuliyyət
daşıyır. Yaxşıdırsa da,
pisdirsə də, bizim işimiz, bizim məhsulumuzdur –
hamımızın. Niyə
ayırmalıyıq? Bilirsiz, son nəticədə
uğursuzluqların bir səbəbi çıxır –
rejissor aktyoruna etibar eləmir, yaxud əksinə.
– Bəlkə
aktyor o deyil?
– O deyilsə,
niyə rol verir? Fikrimcə, rejissor aktyoruna tam
etibar eləməlidir. Əgər aktyor mənə etibar
eləmirsə, gücümə inanmırsa, onunla nə
işim ola bilər? Yaxud o işin keyfiyyətinə
kim zəmanət verə bilər? İllər əvvəl bir televiziya filminə
çəkilirdim. Rejissor kamera arxasında
oturub heç mənim fərqimə belə varmadan “Yox, o
deyil” deyib dururdu. İnanın, heç məni
görüb energetikamı hiss belə etmirdi. Mən də cavanam da. Daha
çox tər tökür, daha yaxşısını eləməyə
çalışıram. Görürəm
yox e, heç bunun vecinə də deyil. Nəticədə
çəkilişi yarımçıq qoyub getdim. Rejissor aktyora baxanda, onu görəndə nə isə
alına bilər. Bir də
qarşılıqlı inam və mübadilə vacibdir.
Onda nə isə əmələ gəlir.
Xəstə həkiminə, tələbə
müəlliminə inanan kimi. Rejissor imkan
verməlidir ki, aktyor özü tapsın, özü manevr
etsin. Yenə məni keçmişə
apardınız... Mərhum
rejissorlarımızdan birinin məşqi idi. Mən
qarışıq hamımızı robot kimi qəlibə
salıb, az qala hansı sözdən sonra
göz qırpacağımıza da qərar verməyə
çalışırdı. Axır necə
boğaza yığıldımsa, fəryad elədim, “Evim yox,
maaşım yox, şan-şöhrətim yox, bircə sənətim
var. Heç olmasa, icazə ver, ondan zövq alım,
özümü tapım, sevincimi yaşayım” deyib səhnədən
düşdüm. Çətin də olsa,
razılaşdı və nəticədə yaxşı
iş alındı.
– Amma əksər
rejissorlar deyir ki, aktyor birmənalı icraçıdır.
– Xeyr,
düz yanaşma deyil. Aktyor marionet yox,
yaradıcı insandır.
– Hər
aktyor?
– Hər
bir aktyora elə yanaşmaq lazımdır. Sən kim olursan ol, bu an hansı aktyorla işləyirsənsə,
“O, dünyanın ən gözəl aktyorudur ki, mən onunla
işləyirəm” düşüncəsini özün
üçün təlqin etməlisən. Yoxsa
“o pisdir”, “əlimizdəki variant budur”, “bunlardan alınmayacaq”
deyirsə, sözsüz ki, alınmayacaq. Düzdür,
bəzi aktyor da bu nəticəni özü hasil edir. Təsəvvür edin, Xalq artistidir, rejissora “Bu
sözü gülərək deyim, burada əlimi belimə
qoyub danışım” kimi gülməli suallar verir. Belə tamaşa hazırlamaq olar? Yaxud deyir filan rejissor pisdir. Soruşanda
niyə, deyir mənə mizan vermir. Amma
unudur ki, yaxşı rejissor heç vaxt mizan vermir. Metaforik mizan verə bilər, amma “Fatı dur,
Fatı otur” yox.
– Bu lap
“Yaxşı aktyora heç rejissor lazım deyil” oldu ki...
– Elə
niyə? Məhz yaxşı aktyora rejissor
lazımdır. Təbii ki, yaxşı
rejissor. Nə qədər güclü,
böyük aktyor olsan da, mütləq sənə rejissor
lazımdır. Kənar göz. Amma mütləq aktyoru hərəkətə gətirməlidir,
imkanlarını üzə çıxarmağa vadar eləməlidir.
Alınmırsa, bayaq dediyim düz
variantını, seçdiyi formasını ortaya
qoymalıdır. Yenə deyirəm, yaxşı rejissor
mizan vermir; iç verir, hal verir, səni düz istiqamətdə
düşünməyə yönəldir.
–
Rejissorları seçmək imkanınız olsaydı...
– Təəssüf
ki, yoxdur. Bizim valideyn seçmək hüququmuz
olmadığı kimi, rejissor seçimi lüksümüz də
yoxdur. Amma mənim imkanım var ki, “O mənim
rolum deyil, onu oynamağa yaşım imkan vermir” deyə bilim.
Bəli, artıq bunu deyə bilən
yaşdayam, əməldəyəm.
“İstədiyim
rolları oynayıb, gücümün çatdığı
işləri görmüşəm”
– Lap
rejissordan zülm görən, əziyyət çəkən
aktyor kimi danışırsınız...
– (gülür). Hesab edirəm ki, əksinə, mən bəxti
gətirən aktyoram. İstədiyim
rolları oynayıb, arzuladığım, gücümün
çatdığı işləri görmüşəm.
Bəxtim həm də ona görə gətirib
ki, Xalq artisti Cənnət Səlimova kimi yaxşı
ustadım olub. Bilirsiniz, əslində,
aktyor yox, yaxşı rejissor aktyorunun rol pilləsini
düşünməlidir.
– Bəlkə
bu, həm də ona görədir ki, siz daim öz üzərinizdə
çalışırsınız?
–
Başqa cür ola da bilməz. Aktyor rejissordan narazıdırsa, onun oyununu qəbul
etmirsə, nə məcburdur, işləməsin onunla. Rejissor aktyora rol vermirsə, birmənalı
günahkar aktyordur. Mən
yaradıcılıqdan danışıram. Şəxsi münasibət, dostluq, qrupbazlıqdan
yox. Elə şeyləri mən də
çox görmüşəm. Amma yenə
də təslim olmamışam. Onda da, indi
də oynamaq, sadəcə, səhnədə işimi görmək
istəyirəm. Rol vermirlər,
dayanmıram. Monotamaşalar
hazırlayıram, fərqli janrlarda nümayişlər təqdim
edirəm. Amma söhbət yaradıcı
insandan, normal rejissordan, yaradıcılıqdan gedirsə və
rejissor bu vəziyyətdə mənə rol vermirsə, təqsir
yenə məndədir. İstər
rejissor, istər aktyor özünün,
tamaşaçısının düşməni deyil axı.
Yaxşı rejissor istəyər ki, tamaşasında
yaxşı aktyor oynasın, elə aktyor da...
– Lap
rejissor kimi danışırsınız. Nə əcəb
quruluşa cəhd göstərmirsiz. Axı
bu tendensiya da geniş yayılıb.
– Yox, istəmirəm.
Bir dəfə əsəbiləşib
qurmuşdum, daha təkrarlamadım (gülür). Çünki mən aktyoram, aktyor kimi də qalmaq istəyirəm.
– Səhv
etmirəmsə, A.Çexovun sözüdür. Deyir “Rol pencəkdir, aktyor onu istənilən vaxt
geyinib-soyuna bilməlidir”. Bizdə isə hələ də
ampluada ilişib qalanlar var...
– Hə,
bax bunun günahı məhz rejissordadır. Mən istəmirəm
rejissor mənim boyuma biçilən, başqa
tamaşadakına oxşar rolumu versin. Əksinə,
bu dəfə məni daha çətin sınağa salıb,
daha çox işlətsin, başqa bir hala salsın.
– Bəzi
rollar da olur ki, “bu mən deyiləm, bu mənim işim deyil”
dedirdir?
– Olur. Amma deyim ki, mən deyiləm deyə-deyə
gördüyüm işdən aldığım zövqün
ölçüsü yoxdur. İndi deyəcəksiniz
ki, özünüzə əziyyət verməyi
xoşlayırsız. Bəli,
çünki sənət, aktyorluq budur. Biz
xərclədikcə böyüyəcək, seviləcəyik.
– Sizin Məşədi
İbad roluna girişməyiniz də əziyyətsevərliyinizdən
xəbər verirdi. Beyinlərdə dərin iz salmış
obraz və Şövqi Hüseynov...
– Bəli,
böyük məsuliyyət idi və çox çətin qərar
verdim. Çünki o personaja tam başqa cür
baxdım və stereotipi qırmaq elə də asan olmadı.
Birinci “proqon”da soyuq tər tökdüm. Əslində, hamımız bərbad halda idik.
Səhərədək evə getmədim. Öz-özümə saatlarla məşq etdim və
sonda personajı gördüm. Ondan sonra
öz-özümə “Şövqi, daha sənə zaval yoxdu”
dedim. Səhər çıxıb şəhəri
dolaşdım, saçlarımı dibindən kəsdirdim və
teatra qayıtdım. Hamı məəttəl
qaldı. Beləcə, parikdən də,
qaşlardan da, xaldan da, butafor qarından da imtina etdim. Ardınca özümün anladığım və
sevdiyim Məşədi İbadı göstərdim. Düşünürəm ki, sevdirməyə də
nail oldum. Təbii ki, bu işdə Cənnət
Səlimova və Musiqili Teatrın truppasının
böyük əməyi vardı.
– Bir də
filan rejissorun aktyoru faktoru var. Məsələn, Cənnət
Səlimovanın aktyoru.
–
Normaldır, ustadımdır və sevimli rejissorumdur. O, tələbə
vaxtımdan mənim vizit kartımdır.
– Ötən mövsümdə sizi üç ayrı teatrın tamaşalarında gördük. Fərqli üslub və yanaşması olan rejissorlarla işləyirsiz. Yəqin bu da sizə güvən verir.
– Təbii ki, hamısından da zövq almışam, özümü hər dəfə başqa aktyor keyfiyyətlərimə görə göstərməyə nail olmuşam. Amma buna qədər axı əziyyət çəkmişəm. Sözün bütün mənalarında, sıfırdan başlamışam və yalnız başımı aşağı salıb sənətimlə, işimlə məşğul olmuşam.
– 50 yaşlı Şövqi Hüseynov sənətdə daha çox nəyi gördü: sevgini, şöhrəti, yoxsa əzab-əziyyəti?
– Sadaladıqlarınızın hamısını. Özü də hər biri əziyyətdən, məhrumiyyətdən keçdi və hazırda olduğum mövqedən çox razıyam. Aktyora nə lazımdır? Təbii ki, yaradıcılıq şəraiti – səhnə, rol, özünü ifadə imkanı. Bu mənada şəxsən məni xoşbəxt eləmək çox asandır. Roluma dəyməyin, səhnəmi əlimdən almayın, vəssalam. Hə, bir də aktyor, yaradıcı insan diqqəti, dəstəyi sevir. Sözsüz ki, onun əsas meyarı tamaşaçı münasibəti və sevgisidir. Şükür Allaha, bu barədə də məmnunam. Yaradıcılıq üçün şərait və imkanlar var. Qalır işləmək. Mən də öz işimi sevə-sevə icra edirəm. Təbii ki, nəticəsini düşünmədən. Çünki biz sənətə gələrkən heç bir qarşılıq düşünməmişik. Nəzərə alın ki, həmin dövr də ağır idi. Amma heç vaxt peşman olmadım, bezmədim, ruhdan düşmədim. O demək deyil ki, mənə asan oldu. İki ilə yaxın teatrda yaşadım. Ev, şərait yox idi. Amma buna rəğmən xoşbəxt idim. Amma təəssüf ki, indiki gənclikdə o yoxdur.
– Gəlin, söhbətimizə başlayan yeni mövsüm və yeni planlarla nöqtə qoyaq.
– Sevinirəm ki, fasilədən sonra təzəcə əsaslı təmirdən çıxan doğma səhnəmizə qayıtdıq. Sonuncu premyeramız “Qağayı”nı, nəhayət, öz səhnəmizdə oynayacağıq. Bundan başqa, teatrda Mehriban Ələkbərzadə və Nicat Kazımovun quruluşlarında iki fərqli tamaşanın məşqləri gedir və orada da rollarım var. Akademik Musiqili Teatrda isə “Kimyagər” yeni quruluşda hazırlanır, orada da rolum var. M.Ələkbərzadə ilə monotamaşa üzərində də çalışırıq. Pedaqoji fəaliyyətimi də davam etdirirəm.
Söhbətləşdi: Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 23
sentyabr.- S.5.