İstiqlal Muzeyində Anım Günü ilə bağlı tədbir
Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində mütəmadi olaraq tədbir-sərgilər, təqdimatlar təşkil olunur. Sərgilərdə muzeyin fondlarından Birinci və İkinci Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı faciələri, Aprel döyüşləri (2016) şəhidlərinə məxsus şəxsi əşyalar nümayiş olunur.
Sentyabrın 23-də İstiqlal Muzeyində Elm və Təhsil Nazirliyinin paytaxtdakı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə mərkəzin teatr və musiqi dərnəklərinin istedadlı uşaqları vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyublar.
Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatirəsini qəlbində yaşadacaq və onların qəhrəmanlığını
heç vaxt unutmayacaq.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.6.