Haqq-ədalət soraqçısı – Qəmkeş Allahverdi

 

Erməni məkri üzündən texnikum təhsilini yarımçıq qoymuşdu

 

 

Kəlbəcər aşıq mühitinin yetirmələrindən söz düşəndə adı hörmətlə çəkilən sənətkarlar arasında şair-aşıq Qəmkeş Allahverdi də xatırlanır. Şöhrəti ölkələr dolaşan sənətkar Aşıq Ələsgər və Aşıq Şəmşirin sənət çeşməsindən nurlanaraq aşıq şeirimizin bir çox janrlarında al-əlvan əsərlər yaradıb.

Allahverdi Əli oğlu Allahverdiyev 1933-cü ildə Kəlbəcər rayonunun Şapılar kəndində dünyaya göz açıb. Açıqfikirli, geniş dünyagörüşlü Əli kişi söz-sənət qədri bilən, el-obanın savadlı şəxsilərini dəyərləndirən insanlardan olub. O, övladlarının təlim-tərbiyəsinə də diqqət yetirib.

Allahverdi erkən çağlardan musiqiyə maraq göstərir. İncə və məlahətli səsi ilə tay-tuşları arasında diqqət çəkir. Kənddə hamı elə bilir ki, Allahverdi böyüyəndə aşıqlıq edəcək. Amma o, 1955-ci ildə kənd orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Şuşa şəhərinə gedir. Sənədlərini Pedaqoji Texnikumuna verir. Bir il sonra Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyünə qatılır. Sənət festivalının laureatı olan Allahverdi geri qayıdanda texnikumda heç də yaxşı qarşılanmır. Təhsil ocağının direktoru Armen Xaçaturyan azərbaycanlı tələbənin bu uğurunu həzm edə bilmir. Allahverdiyə hər addımbaşı nöqsan tutulur, töhmət verilir. Bütün bunlara dözümsüzlük göstərən Allahverdi erməni direktoru möhkəm döyür. Beləliklə, o, texnikumdan çıxarılır. Bir xalq məsəlində deyildiyi kimi “əli ətəyindən uzun” kəndə dönür. Əli kişi əhvalatla tanış olur. Oğluna səbirli olmağı tövsiyə edir. Sonra ətraf bölgələrin tanınmış aşıqları ilə əlaqə saxlayır. Allahverdi üçün yaxşı bir saz bağlatdırır. Əvvəlcə onu Aşıq Şəmşirin, sonra da Dədə Ələsgərin yetirməsi olan Aşıq Ağayarın yanına şəyirdliyə qoyur.

Ustad sənətkarların yanında sənətin sirlərinə vaqif olan Allahverdi elin toy şənliklərində yaxından iştirak edir. Gündən-günə söz-sənət meydanında püxtələşir. Məlahətli səsi, dəyərli sözləri ilə el şənliklərinin bəri-bəzəyi olur. Onu da qeyd edək ki, Aşıq Allahverdi həm də yaradıcı aşıq olub. “Qəmkeş təxəllüsü ilə xeyli qoşma, gəraylı, təcnis, müxəmməs və s. qələmə alıb. Şeirlərində insanları pis yoldan çəkindirməyə, gəlimli-gedimli dünyaya bel bağlamamağa və haqq-ədalətli olmağa səsləyib. Elin sevimli aşıq-şairi “Yatıbdı” qoşmasında yazır:

 

Bu gün yolum düşdü qəbiristanlığa,

Orda zaman qışdı, dövran yatıbdı.

Sanki pıçıldaşdı hər məzar daşı:

- Şair, asta yeri, insan yatıbdı.

 

Pul işləmir orda, qiymətsizdir zər,

Sərdar hökm etmir, işləmir nökər.

zəhmət var orda, alında tər.

Ağadan yuxarı çoban yatıbdı.

 

Dünya vəfasızdı, yolları çətin,

Onun şikarısan, çox olsan mətin,

Şaha baş əyməyən nazlı afətin,

Məzarda qoynunda ilan yatıbdı.

 

Ötən əsrin 60-70-ci illərində Qəmkeş Allahverdi sənətinin şöhrəti, səsi-sorağı Dağıstan, GürcüstanOrta Asiya respublikalarına gedib çatır. Təbriz şəhərindən də dəvətlər alır. Amma ona İrana getməyə icazə vermirlər...

Qəmkeş Allahverdi 1993-cü ildə erməni işğalı zamanı doğma yurd-yuvası Kəlbəcərdən didərgin düşüb Gəncə şəhərində məskunlaşır. Həmin ərəfədə təbrizli aşıqlar Gəncəyə gəlib sənətkarı ziyarət edirlər.

Sənətkar Aşıqlar Birliyinin üzvü kimi aşıqların III, IV, V qurultaylarında iştirak edib. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində fəaliyyət göstərən aşıqlar ansamblının bədii rəhbəri olub. Yaradıcılığı və ictimai fəaliyyəti yüksək qiymətləndirilən sənətkar “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Qəmkeş Allahverdi 2002-ci ildə vəfat edib. 2008-ci ildə filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlinin ön sözü iləŞair-aşıq Allahverdi Qəmkeş xatirələrdəkitabı çapdan çıxıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.6.