“Hər
iki oğlum Zəfər tariximizin bir parçasıdır”
İman və Bəhrəm
qardaşları eyni gündə şəhadətə
yetiblər
Müasir hərb tariximizə və milli şöhrət
salnaməmizə qızıl
hərflərlə yazılmış
44 günlük Vətən
müharibəsinin ikinci
ildönümü tamam
oldu. Bu müharibə təkcə Azərbaycan dövlətinin qüdrətini
göstərmədi, eyni
zamanda Ordumuzla xalqımızın sarsılmaz
birliyinin təcəssümünü
ortaya qoydu.
44 günün sonunda
qazanılan şanlı
Zəfər, Ali Baş
Komandan İlham Əliyevin də dediyi kimi, qəhrəman
əsgər və zabitlərimizin fədakarlığı,
şücaətləri sayəsində
mümkün oldu. Ölümü
gözə alan
igidlər Vətənimizin
müqəddəsliyini öz
canları və qanları ilə bir daha sübuta
yetirdilər. Bu yazıda haqq savaşımızda eyni gündə şəhid olan İman və Bəhrəm Məmmədzadə qardaşlarını
yada salacağıq.
Ailənin böyük oğlu
İman 1998-ci il sentyabrın 14-də,
kiçik oğlu Bəhrəm isə 2000-ci
il aprelin 18-də Lerik rayonunun Kəlvəz kəndində
anadan olublar. Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsindəki S.Abbasov
adına 117 nömrəli tam orta məktəbdə oxuyublar.
Ali təhsillərini isə Rusiyada alıblar. İki qardaş uşaq
yaşlarından idmana
maraq göstərib.
İman ağır atletika, Bəhrəm cüdo ilə məşğul olub. Hər ikisi dəfələrlə
medal və diplomlara layiq görülüb.
Bəhrəm iştirak etdiyi
beynəlxalq cüdo yarışının finalında
erməni rəqibini məğlub edərək
birinci yeri qazanıb. Ali təhsillərini başa vurduqdan sonra 2020-ci ildə Azərbaycana qayıdan qardaşlar Vətən qarşısında
borclarını ödəmək
üçün hərbi
xidmətə yollanıblar.
İmanla Bəhrəm Vətən müharibəsi zamanı bir çox döyüşdə iştirak
ediblər. Qubadlı, Füzuli və Hadrut istiqamətlərində
gedən döyüşlərdə
çiyin-çiyinə vuruşaraq
böyük şücaət
göstərən İman
və Bəhrəm
2020-ci il oktyabrın 27-də Xocavənd
rayonunun Qırmızı
bazar qəsəbəsi
ətrafında şiddətli
döyüş zamanı
şəhid olublar.
Şəhid qardaşların atası
Elman Məmmədov savaş
boyu bir an
belə bir-birindən
ayrılmayan İman və Bəhrəmin son döyüşdə ölümün
gözünə dik baxdıqlarını söyləyir:
“Təhsilləri də
bir, xidmətləri də bir, döyüş
yolları da bir, şəhidlikləri də bir. Tək təsəllim
odur ki, Vətən üçün
canını fəda edən iki qəhrəman
oğlum var. Onların
ikisi də şərəfli ömür
yaşadılar. İman və
Bəhrəmin timsalında
bütün şəhidlərlə
fəxr edirəm.
Mənim şəhid oğullarım Zəfər
tariximizin bir parçasıdır...”.
Elman Məmmədov döyüşlərin
birində Bəhrəmin
qolundan yaralansa da, qardaşı İmanı tək qoymayacağını söyləyərək
xəstəxanaya getməkdən
imtina etdiyini deyir: “Aralarında iki yaş fərqi
olmasına baxmayaraq, hər kəs onların əkiz olduğunu düşünürdü.
Oğullarım əkiz olmasalar
da, bir-biriləri ilə nəfəs alırdılar. Onları
ölüm belə ayıra bilmədi...”.
Övladlarının seçdiyi yoldan danışan E.Məmmədov
bildirir ki, müstəqilliyimiz, suverenliyimiz
uğrunda hər zaman şəhid verməyə hazır olmalıyıq. “Lazım
olacaqsa, öləcəyik,
amma bundan sonra bir qarış
torpağımızı kimsəyə
verməyəcəyik. Şəhidlərimiz üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn
etmək lazımdır.
Qoy bütün gənclər,
yeni nəsillər bilsin ki, o kimdir.
Şəhidlərin məclisini vayla
keçirmək lazım
deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla
dəfn etməyək.
Şəhidlər heç vaxt
ölmür, ölməyəcək
də. Onlar hər zaman
bizlərin qəlbində
yaşayacaq”.
Şəhid qardaşların anası Hicran Məmmədova xatirəyə dönən rəsmlərdə və övladlarının şərəfinə salınmış xatirə guşəsində yadigar qalan əşyalara toxunaraq rahatlıq tapdığını deyib. Söyləyib ki, onlar ömürlərinin müəyyən qismini qürbətdə keçirsələr də, hər zaman Vətən sevgisi ilə yaşayıblar: “İman və Bəhrəm öz qəhrəmanlıqları ilə hər birimizin başını uca etdilər. Onlar tək mənim deyil, Azərbaycan xalqının övladlarıdır. Bütün şəhid analarına demək istəyirəm ki, başlarını dik tutsunlar, məğrur olsunlar. Ölkəmizdə şəhidlərimizə olan diqqət yüksək səviyyədədir. Mənim oğullarımın da şərəfinə qəsəbəmizdə xatirə guşəsi yaradılıb”.
Hər iki qardaş 2020-ci il noyabrın 2-də Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümlərindən sonra “Vətən uğrunda” medalı, habelə Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə medalları ilə təltif ediliblər.
Şəhid qardaşların və bütün Vətən fədailərimizin ruhu şad olsun.
Nurəddin Məmmədli
Mədəniyyət.-
2022.- 28 sentyabr.- S.6.