Səttar Bəhlulzadənin Şuşa sevgisi

   

Zamanında çoxları Moskvada aldığı ali təhsilin nəticəsi olaraq Babək üsyanına həsr edilmiş iki əsər yaradan Səttar Bəhlulzadənin (1909-1974) gələcəkdə tarixi mövzuda digər tablolar müəllifi olacağını düşünürdü. Onun 40-cı illərdə yaratdığı “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi”, sonra işlədiyi “Qubalı Fətəli xanın portreti” və “Xəttat Mirəli Təbrizi” əsərləri də belə düşünməyə əsas verirdi. Amma özünün 1972-ci ildə respublika Dövlət mükafatına layiq görülməsindən sonra Azərbaycan Radiosuna verdiyi müsahibədə dediyi kimi, bu ümidləri “doğrultmadı” və tarixi janrda tablolar çəkən rəssam əvəzinə mənzərəçi oldu. Bunun düzgün seçim olduğunu isə zaman çox tezliklə təsdiqlədi...

Heç şübhəsiz, bunun başlıca səbəbi Bakıda dünyaya göz açmış rəssamın Azərbaycan təbiəti ilə çox yaxından tanışlığı və ona ürəkdən bağlanması olmuşdur. Başqa sözlə desək, Azərbaycan torpağını Məcnun məhəbbəti ilə sevən rəssam bütün ömrü boyu onu qarış-qarış gəzmiş, bu torpağın varlığına, qənirsizliyinə qəlbən inanmış, hər daşına, hər ağacına dərindən bələd olmuş və irili-xırdalı tablolarında onu böyük məhəbbətlə tərənnüm etmişdir. Əvvəlcə Bakı və Abşeron təbiətinə bədii münasibət göstərən rəssam daha sonra bağlar diyarı Qubanın, bunun da ardınca isə Şuşanın əsrarəngiz mənzərəsinə vurğunluğunu çoxsaylı əsərlərində əks etdirmişdir.

Rəssamın “Qafqazın konservatoriyası” kimi məşhurlaşan şəhərə gəlişi 1956-cı ilə təsadüf etmişdir. Onun bədii irsinin tədqiqi  göstərir ki, şəhər və onun ətrafı ilə yaxından tanış olan rəssam burada xeyli təsvir materialı toplamış, etüdlər çəkmişdir. Bu kiçikölçülü etüdlərin arasında “Dağ yolu” (25x35sm), “Vaqifin qəbri yanında” (25x34sm) və digərlərinin adını çəkmək olar. Elə həmin dövrdə rəssam iriölçülüÇaxmaq meşəsi” (70x140sm) əsərini də yaratmışdır. Araşdırmalar göstərir ki, rəssam özünün Şuşa təəssüratını daha çox qrafik vasitələrlə rəsm albomuna köçürmüş, Bakıya qayıtdıqdan sonra həmin eskizlər əsasında müxtəlifölçülü tablolar ərsəyə gətirmişdir. Hazırda onların bir qismi muzeylərdə, qalanları isə şəxsi kolleksiyalarda saxlanılır. Onu da əlavə edək ki, Səttarın Şuşa sevgisi ötəri olmayıb, bütün yaradıcılığı boyu davam etmişdir. Rəssamın Şuşa ünvanlı iriölçülü tablolarının 1956-cı ildən başlayaraq sonrakı müxtəlif illərdə yaradılması da dediklərimizi təsdiqləyir.

Bu əsərlərin ən məşhuru, şübhəsiz ki, hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində nümayiş etdirilən “Cıdır düzü” (1956) tablosudur. Kətan üzərində yağlı boya ilə çəkilmiş üfüqi formatlı lövhədə (106x221sm) Şuşaonu əhatələyən təbiət gözəlliyi əks olunmuşdur. Günün qürub çağında Qarabağ təbiətinin füsunkar mənzərəsinə göz qoyan rəssam məkanın qəribəliyi ilə gözoxşayan landşaftına kifayət qədər cəlbedici görkəm verməyi bacarmışdır. Ağaclarla əhatələnmiş şəhər evlərindən Cıdır düzünə qədər uzanan çəmənliklə yanaşı, Daşaltı çayı və onun üzərindən ucalan sərt yarğanlı təpələrdən uzaqdan görünən dağlar silsiləsinin birlikdə kompozisiyaya ovsunlayıcı ovqat bəxş etməsi adi gözlə belə görünəndir. Rəng qatını təşkil edən bədii ayrıntıların işıq-kölgə təzadı ilə cəlbedici mənəvi qaynağa çevrilməsini isə, heç şübhəsiz, Səttar Bəhlulzadənin yüksək sənətkarlığının ifadəsi saymaq olar. Tablonun bədii həllində nə qədər realist-gerçəkçi sənətin bədii prinsiplərinə tapınmaq duyulsa da, məkanın daha gözəl və cəlbedici təqdimatında müəllifin romantizm estetikasından istifadəsi qabarıqdır...

Bu əsərin ictimailəşməsindən sonra onun vurğunlarının sayı durmadan artmışdır. Odur ki, bir il sonra rəssam yenidən bu motivə qayıtmalı olmuşdur. Bu dəfə onun kiçik variantını (35x50sm) məşhur diplomatımız Ramiz Abutalıbovun (1937-2022) xahişi ilə işləmişdir. Elə həmin ildə Səttar Bəhlulzadə ölçüsünə görə əsərin ilk variantına yaxın olan  “Cıdır düzünün görünüşü” (105x225sm) tablosunu da yaratmışdır. Həmin əsər hazırda şəxsi kolleksiyada saxlanılır.

 

Bu əsərlərin daşıdığı estetik yükü dəyərləndirməli olsaq, rəssamın ilk dəfə ayaq basdığı Qarabağ torpağının heyrətamiz təbiətinin gözəlliyini bütün zənginliyi ilə duyduğunu hiss etmək olar. Səttarın dünyaya həmişə bambaşqa görünən baxışının bu tablolarda poetik-romantik tutum almasına şahidlik etmək mümkündür. Doğrudan da, Şuşa təbiətinin təsvirlərlərindəki qeyri-adi baxış nöqtələri, sayagəlməz rəng çalarlarının ecazkarlığı insanı üşəndirir, onu heyrətə gətirir. Zirvəsi zər-zibalı, çiçəyi çırtlamış budaqları, titrəşən yamacları, nur qətrəli gur şəlalələri, min cilvəli, yaxası naxışlamış qönçələri görəndə qeyri-adi öz-özünə “Belə necə görmək və duymaq olar? Bu ki lap əfsanədir, nağıldır!” sözlərini pıçıldayırsan. Rəssam əsərlərində rənglərdən elə bir qövsi-quzeh yarada bilmişdir ki, burada təbiətin ağrı işığından “boylanansevincini də, kədərdən azad olmaq istəyini də, kamillik həsrətini də, onun qeyri-adi duyğular aşılayan nurunu da görmək mümkündür. Ona görə də görünənlər rənglərin mexaniki kətana ötürülməsi yox, ilhamlı bir ruhun özünüifadəsi kimi qəbul olunur...

1957-ci ildə rəssam topladığı təsvir materiallarının əsasında Şuşa təbiətinə həsr olunmuş daha bir neçə mənzərə yaratmışdır. BunlarŞuşa ətrafında” (78x191sm), “Şuşa. Ağaclar” (40x50sm), “Şuşa yaxınlığında (35x50sm), “Yuxarı Daşaltı” (70x140sm), “Dağları duman bürüyəndə” (56x170sm) və  Qarabağ  mənzərəsi” (50x70sm) əsərləridir. Yeri gəlmişkən, qeyd edək ki, “Şuşa yaxınlığında” və “Qarabağ mənzərəsi” əsərlərini müəllif sənətin pərəstişkarı olan məşhur dövlət xadimidramaturq Şıxəli Qurbanova hədiyyə etmişdi...

Əlavə edək ki, Səttar Bəhlulzadə 1958-ci ildə “Mənzərə. Şuşa ətrafı” (80x180sm), 1959-cu ildə isə “Qarabağda” (120x310sm) tablolarını ərsəyə gətirmişdir. Hər iki hazırda şəxsi kolleksiyada saxlanılır.

Rəssamın Şuşa ünvanlı əsərlərinin yaradılması onun ilk yaradıcılıq dövrünə təsadüf etdiyindən, onların estetikasında daha çox realizm bədii prinsiplərinə istinadlar duyulmaqdaır. Amma bu lövhələrdə Səttar Bəhlulzadə “realizmi” sənətkar təxəyyülünün sərbəstliyi ilə yanaşı, həm də onun nəhayətsizliyini nümayiş etdirmək üçün vasitə olmuşdur. Özünü artıq mənzərə janrında təsdiqləmək yolunu seçən rəssamın hələlik o vaxt üçün çox qısa görünən yaradıcılıq axtarışlarında belə gerçəklikdəki poetikanı romantik ruha kökləmək yolunu seçdiyi hiss olunmaqdadır. Belə ki, təqdim olunanlar həm zərif təbiət motivlərinin özüdür, həm də obrazlaşmış biçimdə yenidir. Bu yeniliyi onun sonrakı dövrlərdə yaradılan hər bir əsərində görmək mümkün olacaq, desək, həqiqəti ifadə etmiş olarıq...

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.7.