Vətəndaşların müraciətləri
dinlənilib, mədəniyyət müəssisələrinə
baxış keçirilib
Mədəniyyət naziri
Ağdaş rayonunda olub
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Hər ay müxtəlif rayonlarda keçirilən qəbullarda sakinlərin müraciət və problemləri dinlənilir, həlli ilə əlaqədar müvafiq addımlar atılır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2014-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar saxlanılır.
Sonra rayon Heydər Əliyev Mərkəzində nazirliyin əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda sakinlərin müraciətləri işlə təmin olunma, işə bərpa olunma, əmək müqaviləsinin uzadılması, kadr məsələləri, uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə, heykəltəraşlıqla bağlı layihələrə cəlb olunma, tarixi abidənin şəxsi vəsait hesabına bərpası barədə və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
***
Mədəniyyət naziri sentyabrın 23-də Ağdaşda vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.
Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət Mərkəzində olub. Müəssisənin əsaslı təmir planı barədə ətraflı məlumat alan nazir görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən muzeyin fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü daimi nümayiş olunur.
Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kamança ifaçısı, Xalq artisti Habil Əliyevin adını daşıyan 1 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyəti ilə də tanış olub. Bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir üslubda inşa edilən yeni binasının açılışı olub. Məktəbdə hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim çalışır.
Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Anar Kərimov Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin binada yerləşən ev-muzeyinə də baş çəkib. Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat verib. Bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə məxsus 224 eksponat saxlanılır.
Qeyd edək ki, kitabxana və muzeyin yerləşdiyi bina 1904-cü ildə inşa edilib və İsmayıl bəy Soltanbəyova məxsus olub. Tikili yerli əhəmiyyətli tarixi abidə kimi (inv. ¹ 4061) dövlət qeydiyyatına alınıb. Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evini də (inv. ¹ 4060) ziyarət edib. Məlumat verilib ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi komissarlıq, 1986-2015-ci illərdə Tarix-diyarşünaslıq muzeyi, sonra isə Uşaq-gənclər inkişaf mərkəzi kimi istifadə olunub.
Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. ¹ 4070) gəlib, məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki, binada uzun illər körpələr evi, uşaq bağçası fəaliyyət göstərib.
Bununla da mədəniyyət nazirinin Ağdaş rayonuna səfəri başa çatıb.
Xatırladaq ki, Anar Kərimov bir gün öncə Göyçay rayonunda bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat alıb.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.3.