Şanlı Zəfər yolunun başlandığı gün

 

 

Müharibə deyəndə ilk ağıla gələn dəhşət və vəhşətdir. Müharibə – insan qanı ilə suvarılan torpaqlarda amansız bir döyüş, dəhşətləri yerə-göyə sığmayan bir fəlakət, bir faciə.

27 sentyabr 2020-ci il. Azərbaycan tarixinə şəhid qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin başlandığı gün. Bu tarix bizi böyük Qələbəyə aparan yolun başlanğıcı oldu. Həmin gün Azərbaycan Ordusu 30 illik həsrətimizin sona çatacağını bizə bəyan etdi...

Qarabağımızın 30 il düşmən tapdağında qalması milli-mənəvi dəyərlərimizə heç bir kölgə salmadı. Biz xalq olaraq dözdük, səbirlə Ali Baş Komandanımızın qəbul edəcəyi qərarı gözlədik. Bu qərar müasir Azərbaycan tarixinin yeni parlaq səhifəsinin ilk addımları oldu.

Ermənistanın 30 il ərzində yaratdığı ordu, sadəcə, 44 gün tab gətirə bildi. Düşmən ordusu haqda özlərinin yaratdığı “yenilməzlik” mifi ortadan qalxdı. İşğal altındakı əzəli torpaqlarımız Azərbaycanın igid oğullarının qanı-canı bahasına qaytarıldı. Üç minə yaxın Vətən oğlu şəhidlik zirvəsinə ucaldı. Minlərlə igidimiz qazi ünvanı qazandı. Düşmən ordusundan fərqli olaraq, bir nəfər də olsun, əsgər və zabitimiz yağının qarşısından geri çəkilmədi. 44 gün yalnız irəli yürüdü. Çünki biz müqəddəs amal uğrunda yola çıxmışdıq.

Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrildi. “Dəmir yumruq” əməliyyatı xalqın birlik fəlsəfəsinin təzahürü oldu. Bu birlik bundan sonra torpaqlarımıza göz dikmək istəyən başqaları üçünciddi bir xəbərdarlıqdır.

Vətən müharibəsinin son günü – 10 noyabr Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Çünki düşmən o gecə kapitulyasiya aktını, məğlubiyyət sənədini imzalamağa məcbur oldu. 10 noyabr üçtərəfli bəyanatı ilə düşmən işğalı altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan boşaldıldı.

Şanlı Zəfərimizin rəmzi olaraq 10 dekabr 2020-ci il tarixində Bakıda möhtəşəm Qələbə paradı isə müzəffər Azərbaycan Ordusunun gücünüqürurunu bir daha dünyaya göstərmiş oldu. Şanlı Azərbaycan Ordusunun düşmən üzərində parlaq Qələbəsi sayəsində bu gün üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə qürurla dalğalanır.

Ötən günlərdə – sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri iki ölkənin sərhədində genişmiqyaslı təxribat törətdi. Keçmişdən dərs almayan mənfur düşmənin bu təxribatı da ona çox baha başa gəldi. Rəşadətli Ordumuz qısa zamanda və yüksək peşəkarlıqla düşmənə layiqli cavab verdi. Strateji yüksəklikləri ələ keçirdi, düşmənin yüzlərlə canlı qüvvəsini, hərbi texnika və avadanlıqlarını məhv etdi. Yenə də şəhidlərimiz oldu, igid əsgər və zabitlərimiz canlarını Vətən sərhədlərinin qorunması uğrunda fəda etdilər.

Bəli, bizim torpağımız müqəddəsdir. Ona görə müqəddəsdir ki, uzun əsrlər boyunca igid oğullarımızın canı-qanı bahasına qorunaraq bu günümüzə qədər bizləri qoynunda yaşadır. Bu torpağın hər qarışını göz bəbəyimiz kimi qorumaq isə yaşından, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımızın müqəddəs borcudur.

27 Sentyabr – Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

 

Məryəm Əliyeva

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.6.