Gənc Tamaşaçılar Teatrı yeni mövsümü premyera ilə açıb
Binasındakı təmir işləri səbəbindən uzun zaman başqa səhnələrdən seyrçilərini salamlayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 24-də yubiley mövsümünü açıb. 95-ci mövsümün ilk uşaq tamaşası Pyer Külliforun (Pierre Culliford) “Şirinlər”i olub.
Tamaşadan öncə teatrın foyesində uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Gənc Tamaşaçılar Teatrı, “AskerovArt” və “Crazy Art” studiyalarının birgə layihəsi olan sərgidə fərqli yaş kateqoriyalarından uşaqların əl işləri müxtəlif mövzuları əhatə edib.
“AskerovArt” studiyasının rəhbəri, Rəssamlar İttifaqının üzvü Rüfət Əsgərov və “Crazy Art”ın rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə sərgi barədə məlumat veriblər. Bildirilib ki, məqsəd uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və təsviri sənətə olan meylinin artırılmasıdır. Qeyd olunub ki, hər iki studiyada uşaqların bacarıqlarını doğru istiqamətləndirən peşəkar pedaqoqlar çalışır.
Əl işlərinin nümayişi üçün yaradılan şəraitə görə teatrın rəhbərliyinə minnətdarlıq ifadə olunub. Sərgidə ümumilikdə 17 uşağın yağlı boya ilə çəkdiyi 20-dək rəsm nümayiş etdirilib.
Sonra “Şirinlər” tamaşası göstərilib. Quruluşçu rejissoru Elşad Rəhimzadə, tərtibatçı rəssamı Şahin Hüseynli, geyim üzrə rəssamı Yekaterina Xaritonova, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımova olan səhnə əsərində mahnıların mətni Rəna Mirzəyevaya, plastik həll Ceyhun Dadaşova məxsusdur. Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Nuriyyə Əliyeva, Qasımova Xəyalə, Könül Əbilova Anar Seyfullayev, Ramil Məmmədov və Xaliq Bəkirov ifa ediblər.
Qeyd edək ki, belçikalı rəssam və komiks-romanlar müəllifi P.Külliforun əsəri əsasında səhnələşdirilən tamaşa 2018-ci ildən teatrın repertuarındadır. Tamaşadan sonra sərgidə əl işləri nümayiş etdirilən uşaqlar aktyorlarla xatirə şəkli çəkdiriblər.
Azərbaycan səhnəsində ilk “Qağayı”
Sentyabrın 24-də axşam teatrda görkəmli rus yazıçı-dramaturqu Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Tamaşadan öncə çıxış edən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə yubiley mövsümündə qarşıda duran yaradıcılıq işləri, təqdim olunacaq tamaşalar haqqında danışıb.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov hər kəsi salamlayaraq təmirdən sonra yeni səhnə texnikası ilə təchiz olunmuş teatrda bundan sonra daha gözəl tamaşaların ərsəyə gələcəyini deyib, səhnə əsəri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan teatr tarixində Çexovun bu əsərinə ilk dəfə müraciət olunur. Tamaşaçılar teatrın tanınmış aktyorları ilə yanaşı, gənc və istedadlı aktyorlarını da görəcəklər.
Çıxışlardan sonra
“Qağayı” tamaşası nümayiş
etdirilib. Rolları Əməkdar
artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov,
Şövqi Hüseynov,
aktyorlar Səbinə Məmmədova, Bəhram
Həsənov, Kərəm Hadizadə, Anar
Seyfullayev, Sevinc Mehrəliyeva,
Anar Səfiyev, Aygün
Fətullayeva, Manaf Dadaşov,
Nurlan Süleymanlı, Mikayıl
Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb
Abuşov oynayırlar. Tamaşanın bədii
tərtibatı Telman Şıxıyevə,
xoreoqrafik həlli Nailə Məmmədzadədəyə,
musiqi tərtibatı Şamxal
Novruzluya, fəndlərin quruluşu
İsa Əsədova məxsusdur.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.5.