44 günün əbədiyyət
və şərəf yolu
Bölgələrdəki mədəniyyət müəssisələrində 27 Sentyabr – Anım Günü münasibətilə müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yerindən, hərbçilərimizin misilsiz qəhrəmanlıqlarından söz açılıb.
Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub. Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas qayəsi yeniyetmə və gənclərdə vətənpərvərlik hissini daha da yüksəltmək, insanların teatra marağını artırmaqdır.
Tamaşanın nümayişindən sonra çıxış edən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan tamaşaların əhəmiyyətini qeyd edib, yaradıcı heyətə uğurlar arzulayıb.
Bərdə RMİ tərəfindən keçirilən anım tədbirində Dövlət Himnimiz səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli bayrağımız və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları Şəhidlər xiyabanını və düşmənin Bərdəyə raket hücumu zamanı şəhid olan dinc sakinlərin xatirəsinə yaradılmış lövhəni ziyarət ediblər.
Tərtər rayonunun Ələsgərli kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Tədbirdə rayonun icra başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Sabirabad RMİ və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, İcra Hakimiyyətinin təşəbbüsü ilə Anım Günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə icra başçısı Siraqəddin Cabbarov çıxış edərək şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib. Bədii hissədə Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Regional idarənin əhatə etdiyi digər mədəniyyət müəssisələrində də anım tədbirləri təşkil olunub.
***
Şəmkir RMİ Şəmkir rayon MKS-nin Qaralar və Qılıncbəyli kənd kitabxana filialları açıq havada “27 Sentyabr Anım Günüdür” başlığı altında sərgi təşkil edib.
Şəmkir şəhərində Anım Günündə Şəhidlər abidə kompleksinin açılışı olub. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göygöl rayon Mədəniyyət Mərkəzində isə “Vətənim sənsən” adlı sərgi keçirilib.
***
Anım Günü münasibətilə Ağcabədi rayonunda keçirilən tədbirdə ilk olaraq Bayraq meydanından Qəhrəmanlar parkına doğru yürüş təşkil olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi RMİ-nin rəisi Qalib Həsənovun da iştirak etdiyi tədbirdə Qəhrəmanlar parkı ərazisində şəhid qəhrəmanların xatirəsinə ağaclar əkilib.
***
Ağdaş RMİ, Ağdaş rayon Mədəniyyət Mərkəzi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “44 günə gedilən yol” adlı tədbir təşkil edilib. Tədbirdə Ağdaş Xalq teatrının hazırladığı “Şəhid atası” kompozisiyası təqdim olunub.
Göyçay rayonunun Ləkçılpaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zamiq Çingiz oğlu Əhmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı keçirilib.
***
Sumqayıt RMİ Anım Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasına qoşulub. Şəhər bulvarında keçirilən aksiyada 100-ə yaxın həmişəyaşıl ağac əkilib.
Regional idarənin Xızı rayonu üzrə nümayəndəliyinə tabe olan müəssisələrin əməkdaşları Vətən müharibəsi şəhidi, C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin Giləzi qəsəbə Folklor klubunun əməkdaşı İlahə Allahverdiyevanın övladı Vidadi Fazil oğlu Allahverdiyevin anım mərasimində iştirak ediblər.
Sumqayıtın Tarixi Muzeyində “Azərbaycanın sumqayıtlı Milli Qəhrəmanları” adlı tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovun ailəsini ziyarət ediblər.
Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin ailəsi ilə görüşüblər.
Abşeron rayon Mədəniyyət Mərkəzi Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları Vətən müharibəsi şəhidi Rüfət Şabanovun ailəsinə baş çəkiblər.
***Xaçmaz RMİ Quba rayon Heydər Əliyev Mərkəzində “Təki Vətən yaşasın!” adlı tədbir keçirilib. Tədbirdə Quba şəhər 6, 7 saylı və rayon Alekseyevka kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
***
İsmayıllı RMİ və İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidləri Tural Rəcəbalıyev və Fuad Nəcəfovun ailələri ziyarət olunub.
***
Kürdəmir RMİ-nin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Köksündə Vətən yürü...” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlının da iştirak etdiyi tədbirdə Vətən müharibəsi döyüşlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Vətənpərvərlik mövzusunda şeirlər, muğamlarımızdan parçalar və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Kürdəmir Dövlət Rəsm Qalereyasında keçirilən anım tədbirində məktəblilərin və qalereyanın dərnək üzvlərinin əl işlərindən ibarət “Şuşa şəhərinin tarixi abidələri” adlı sərgi nümayiş etdirilib.
Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları 140 beyləqanlı şəhidin xatirəsinə ehtiram olaraq üzərində şəhidlərin şəkilləri əks olunmuş geyimlərlə Şəhidlər abidəsinin önündə keçirilən anım tədbirində iştirak ediblər.
Füzuli rayonunun Bala Bəhmənli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Abidədə kəndin Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkilləri və onların haqqında məlumatlar yer alıb.
***
Lənkəran RMİ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Anım Günü ilə əlaqədar şəhid ailələri və qazilərlə görüş keçirilib.
Lənkəranın Ürgə kəndində şəhid polkovnik-leytenant Mehman Şirvanovun anım mərasimi və xatirə lövhəsinin açılışı olub. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.
Lənkəran rayonunun Gəgiran kəndində Vətən müharibəsi şəhidi Baloğlan Şakir oğlu Əhədlinin xatirəsinə inşa edilən xatirə kompleksinin açılışı keçirilib. Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən danışıb, şəhidlərimizin qisasının alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.
***
Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan tarixində Zəfərə aparan yol” adlı tədbir keçirilib. Tədbirdə Salyan şəhidləri haqqında məlumatları əks etdirən videoçarx nümayiş olunub.
***
Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, idarə əməkdaşları, həmçinin Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri Qəhrəmanlar parkında ucaldılmış Şəhidlər abidə kompleksini ziyarət ediblər.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı və Cəlilabad xalq teatrlarının aktyorları və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında hazırlanmış “Tabuta sığmayanlar” adlı tamaşa-kompozisiya nümayiş etdirilib. Tamaşanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri izləyiblər. Rejissoru Cəmaləddin Əliyev olan tamaşanın səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.
***
Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevə (1973-2020) həsr olunan “Artilleriyanın atası” sənədli filmi nümayiş etdirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən çəkilən sənədli filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə, operatorları Soltan Abdullayev və Murad Nəzərli, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.
Tovuz rayon Mərkəzi Kitabxanasında Anım Gününə həsr olunan “Qanları ilə tarix yazanlar” başlıqlı tədbir keçirilib.
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi İmamverdi İsmayılovun ailəsini ziyarət ediblər.
***
Şəki RMİ-nin rəisi Azər Yusubov, idarə əməkdaşları və Şəki Regional Ərazi Metodiki Mərkəzinin rəhbəri Rəhman Məmmədov Vətən müharibəsi şəhidləri Vilayət Allahverdiyev və Röyal Xasıyevin ailələrinə baş çəkiblər.
Oğuz rayon M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Tarix yazan qəhrəmanlar” adlı ədəbi-bədii kompozisiya təşkil edilib.***
Gəncədə Anım Günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri, incəsənət xadimləri iştirak ediblər. İlk olaraq Vətən müharibəsi zamanı düşmənin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazi ziyarət edilib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçirilib. Silsilə tədbirlərin davamı olaraq Nizami Gəncəvi Məqbərəsinin ərazisində Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib.
Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbində keçirilən tədbirdə Anım Gününə həsr olunmuş musiqilər səsləndirilib.
Samux rayon Heydər Əliyev Mərkəzində “Zəfərə aparan yolun ilk günü – 27 sentyabr” adlı tədbir keçirilib. Samux şəhər 1 saylı məktəb-liseyin şagirdləri tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı kompozisiya təqdim edilib.
Regional idarənin tabeliyində fəaliyyət göstərən digər mədəniyyət müəssisələrində də anım tədbirləri təşkil olunub.
Hazırladı:
N.Məmmədli
Mədəniyyət.- 2022.- 30
sentyabr.- S..4.