“Türk” sözünün qədim yazılı mənbələrdə
ilk qeydə alındığı daş kitabə
Bursada “İlteriş
Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsinin təqdimatı olub
Türkiyənin Bursa şəhərində “Orxondan Orxan Qaziyə” mövzusunda IV Beynəlxalq arxeoloji və mədəni ekskursiya çərçivəsində Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsinin təqdimatı keçirilib. Tədbir Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən təşkil olunub.
Türk tarixi üçün son 130 ilin ən mühüm kəşflərindən və türk adının keçdiyi ən qədim qaynaq olan “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və daş kitabəsi Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının birgə arxeoloji qazıntıları nəticəsində aşkar edilib.
Tədbirdə BTA-nın vitse-prezidenti Füzuli Məcidli, Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin və başqaları çıxış ediblər.
Diqqətə çatdırılıb ki, beynəlxalq arxeoloji və mədəni ekskursiyada Azərbaycan, Türkiyə, Rusiya, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Monqolustandan nümayəndələr iştirak edirlər. BTA-nın “Türk dünyasının müqəddəs yerləri” layihəsi çərçivəsində ənənəvi arxeoloji və mədəni turlar çərçivəsində növbəti tədbirin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşa şəhərində təşkili planlaşdırılır. Diqqətə çatdırılıb ki, bu turlardan birincisi 2015-ci ildə Rusiyanın Altay Respublikasında “Qızıl beşik Altay” mövzusunda keçirilib. Növbəti tədbir 2016-cı ildə “Tanrı dağlarından Ötükənə” mövzusunda Monqolustanda, üçüncü tur isə “Kentaydan Ulutauaya: yenilənmə” idi. “Tarixi yaddaş” mövzusunda 2017-ci ildə Qazaxıstanda baş tutub.
Füzuli Məcidli bildirib ki, 2009-cu ildə türkdilli ölkələrin başçılarının Naxçıvan sammitində qəbul edilmiş qərara əsasən təsis olunan BTA-nın mənzil-qərargahı Qazaxıstanın Astana şəhərində yerləşir. Təşkilat 2016-cı ildən etibarən bir çox layihələr həyata keçirir. Onlardan biri də tarixi türk mirası istiqamətində aparılan arxeoloji qazıntılardır. Bu işlər bir neçə şəhərdə paralel şəkildə həyata keçirilir. Lakin qazıntılar ən geniş şəkildə Monqolustanda aparılır: “Bizim və Monqolustanın arxeoloqlarının birgə işi nəticəsində bu ilin avqust ayında çox vacib bir kəşfə imza atılıb. Tapıntı 130 ilin ən böyük kəşfi deyilə biləcək səviyyədə bir tarixi əsəri ortaya çıxartdı. Bu, “Türk” sözünün qədim türkdilli yazılı mənbələrdə ilk qeydə alındığı bir daş kitabədir. Beynəlxalq Türk Akademiyasının üzvü olan dövlətlərimizin arxeoloqları bu işi həyata keçirdilər və belə bir nailiyyətə imza atdılar. Bilgə Xaqan, Kültegin kimi kitabələrdən sonra bu, çox əhəmiyyətli bir tarixi kəşfdir. Tapıntının əhəmiyyəti ondan ibarətdir ki, bu əsər türk yazı tarixinin və “Türk” kəlməsinin yazılı mənbələrdə istifadəsini yüz il daha əvvələ, yəni təxminən yeddinci əsrə aparır. Bu da bizim ortaq türk yazı tariximizin nə qədər qədim və zəngin olduğunu sübut edir”.
BTA-nın vitse-prezidenti qeyd edib ki,
bu il Bursa
şəhərinin “Türk
Dünyasının Mədəniyyət Paytaxtı”
olmasını nəzərə alaraq kitabənin
ilk təqdimatını burada
keçirdik. Abidə Bursada
həm fotosərgi, həm də tanıtım proqramı ilə
ictimaiyyətə təqdim olundu.
Qarşıdan gələn günlərdə eyni
təqdimatın Bakıda, daha sonra isə bütün Türk dünyası ölkələrinin
paytaxtlarında keçirilməsi nəzərdə tutulur. Son olaraq
bu ilin sonunda
15 dekabr – “Beynəlxalq Türk
Dili Günü”
münasibətilə Parisdə, UNESCO-nun
qərargahında bu tapıntının
beynəlxalq səviyyədə nümayişi
keçiriləcək.
Mədəniyyət.- 2022.- 30
sentyabr.- S.1;8.