Təbrizdə milli hərəkata dəstək olan sənətkar

 

 

Aşıq Hüseyn Cavan Cənubi Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülmüşdü

 

XX yüzillikdə otaylı-butaylı Azərbaycan aşıq sənətinin ünlü simalarından biri də Əməkdar mədəniyyət işçisi Hüseyn Cavan olub. O həm gözəl saz ifaçılığı, həm də aşıq şeirinin müxtəlif janrlarında qələmə aldığı diqqətəlayiq bədii nümunələrlə ədəbi-mədəni mühitdə böyük şöhrət qazanıb.

Hüseyn Mikayıl oğlu Əliyev (Hüseyn Cavan) 1916-cı ildə Cənubi Azərbaycanda – Qaradağ mahalının Uti kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Çox kiçik ikən atası qəflətən vəfat edir, ailə çətinliklərlə üzləşir. Anası Zöhrə xanım oğlu ilə birgə Şimali Azərbaycana pənah gətirir. Ağdam rayonunun Şərəfxanlı kəndində məskunlaşırlar.

Hüseyn yeddi yaşından əzaba qatlaşır, nökərçilik edir, qoyun-quzu otarır. Qoyun sürüsünün ardınca yamaca qalxarkən öz-özünə zümzümə edir. Onun məlahətli səsi çoban yoldaşlarının diqqətini çəkir. El yaylağa gedərkən kəndin ağsaqqalı Hüseyni Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış edir. Hüseyn səkkiz il onun yanında qalır, sənətin sirlərini öyrənir. Yavaş-yavaş el şənliklərinə də qatılır, aşıq kimi tanınmağa başlayır. Şifahi xalq ədəbiyyatını dərindən mənimsəyir. O, ifaçılıqla bərabər, yaradıcı sənətkar olaraq da özünü göstərir. Bədahətən söylədiyi şeirlər, oxuduğu havacatlar dinləyicilərin ruhunu oxşayır.

Aşıq-şair 20-25 yaşlarında qələmə aldığı “Təbriz” rədifli şeirində elm, söz-sənət mərkəzi, arzuların şəhərinə olan həsrətini belə ifadə edirdi:

 

Sarılıb boynuna bir körpə sayaq,

Doyunca hüsnünə baxaydım, Təbriz.

Sən bir dağ olaydın, mən bir bulaq,

Şırhaşır sinəndən axaydım, Təbriz.

 

Şeirlərində tez-tez Güney Azərbaycanın dağlarını, şəhərlərini yada salan şairQaradağrədifli qoşmasında doğma elini Təbrizlə müqayisə edir:

 

Təbriz bir anadır, sən oğlusan,

El bilir, ürəkdən ona bağlısan.

Oğlun Səttarxandan sinə dağlısan,

Onunçün ağarıb başın, Qaradağ...

 

Aşıq Hüseyn 1938-ci ildə Cənubi Azərbaycan mənşəli olduğundan sovet Azərbaycanını tərk etməli olur. Təzə-təzə isinişdiyi dost-tanışlarından ayrı düşür. Həmin il Təbrizdə məskunlaşır.

Onun ilk qələm təcrübəsi olanGül Azərbaycan”, “Oyan, vətəndaşım”, “Ana vətən s. şeirləri Təbrizdə nəşr edilənVətən yolundaqəzetində dərc olunub. O, Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli demokratik hərəkatın alovlandığı günlərdə sazı sözü ilə fədailəri qələbəyə ruhlandırıb. Cənubi Azərbaycan Milli Hökuməti onun bu fəaliyyətini “21 Azərmedalı mükafatlandırıb. 1946-cı ilin martında Təbrizdə Dövlət Dram Teatrı təşkil olunur. Aşıq-şair direktor müavini vəzifəsinə təyin edilir. Rəsmi tədbir şənliklərdə coşqun inqilabi ruhlu nəğmələri ilə çıxışlar edir. Təbrizdə aşıqlar ansamblı yaradır. Əməyi yüksək qiymətləndirilən Hüseyn Cavan Azərbaycan Demokrat Firqəsi tərəfindənXalq artistifəxri adına layiq görülür.

Azərbaycan Demokrat Firqəsi süqut etdikdən sonra, 1946-cı ildə Aşıq Hüseyn Cavan bir daha Sovet Azərbaycanına pənah gətirir. O, vaxtının böyük hissəsini yaradıcılığa həsr edir. Üç xalq dastanı yaradır. Bir müddət sonra M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur.

Mənbələrdə o da qeyd edilir ki, sənətkar 1948-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Əzizbəyov (indiki Kəhrizli) kəndinə köçür. Mərkəzdən uzaqda yaşasa da, respublika ümumittifaq səviyyəli tədbirlərdə yaxından iştirak edir. O, Ümumittifaq Xalq Yaradıcılığı Festivalına qatılır. MoskvadaBöyük Teatr”da çıxışı alqışlarla qarşılanır. 1953-cü ildə Bakı şəhərində keçirilən Respublika özfəaliyyət incəsənət festivalının laureatı olur, birinci dərəcəli diploma layiq görülür. Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyündə aşıqlar ansamblının rəhbəri olur.

Aşıq Hüseyn Cavan Azərbaycanın əsrarəngiz təbiətindən vəcdə gəlib, bu gözəlliklərdən ilhamlanıb. Ölkəmizi kəndbəkənd, şəhərbəşəhər gəzən şair təbiətin hər gülünə, çiçəyinə bir nəğmə qoşur. “De, dağların bu çağındanşeirində yazır:

 

Aşıq, götür telli sazı,

De, dağların bu çağından.

Eşidilsin xoş avazın

Xaçbulağın yaylağından.

 

Bax qartallı qayalara,

Bəzəkdi ulu dağlara,

Göz vururlar buludlara

Yurdumun hər bucağından.

 

Cavan Hüseyn, avazın xoş,

Zildən oxu, ürəkdən coş,

Şeiryaz, nəğmə də qoş,

Dürr süzülsün dodağından.

 

Güneyli-Quzeyli Azərbaycanda istedadlı sənətkar kimi tanınan aşıq-şairin sağlığında “Azadlıq mahnıları”, “Aşığın arzuları”, “Sədəfli saz”, “Qoşmalar”, “Danış, telli sazım” və s. kitabları işıq üzü görüb. Xalq şairi Səməd Vurğun onun yaradıcılığına yüksək qiymət verib, Azərbaycan Yazıçılar İttifaqı sıralarına qəbul edib.

Əməkdar mədəniyyət işçisi Aşıq Hüseyn Cavan 14 noyabr 1985-ci ildə, 69 yaşında vəfat edib, Goranboy rayonunda dəfn olunub. 2016-cı ildə sənətkarın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 30 sentyabr.- S.7.