Səs və musiqinin rənglərdə təcəssümü...

 

Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi”

 

“Yaxşı rəsm musiqidir, melodiyadır” deyib dünya şöhrətli italyan rəssamı Mikelancelo. Beynəlxalq Muğam Mərkəzində (BMM) sentyabrın 28-də açılışı keçirilən Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” adlı fərdi sərgisi də musiqi ilə rəssamlığın bir-birinə çox yaxın olduğuna əyani sübut idi.

Qonaqları salamlayan BMM-in direktoru, Xalq artisti Murad Hüseynov rəssamın yaradıcılığında milli üslubdan söz açdı. Bildirdi ki, muğama olan sonsuz sevgidən yaranan bu əsərlər muğam ifaçılarının ən dərin meditasiyadan tutmuş, ən yüksək emosional yüksəlişə qədər olan həssas-ekspressiv hallarının dinamikasını simvolizə edir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərgi münasibətilə rəssamı təbrik etdi. Bildirdi ki, Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibəti əsərlərində hər zaman ön plandadır.

Əşrəf Heybətovun xeyir və şər mövzusunun, milli-mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləri sənətsevərlərə yaxşı tanışdır. Rəssamın əsərləri bu ilin aprelində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdi.  Əşrəf Heybətovun işlərinin əsas mövzusu Azərbaycandır, xalqımızdır. Onun yaradıcılığında xalqımızın tarixi, mədəniyyəti və folkloru önəmli yer tutur.

Azərbaycan Milli Konservatoriyasının (AMK) elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova rəssamın əsərlərinin  bir çox ölkələrin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların sərgi zallarında nümayiş etdirildiyini qeyd edərək öz sənəti, yaşam fəlsəfəsi ilə Azərbaycan mədəniyyətini dünyada tanıtdığını dedi. Vurğuladı ki, “Muğam aləmi” sərgisinin səciyyəvi cəhəti rəssamın lirik məqamları emosional intensivliklə birləşdirə bilməsi, rənglər palitrası vasitəsilə çatdırmasıdır. Bu əsərlərdə rənglərin səs ştrixləri rolunu öz üzərinə götürməsi diqqət çəkir.

Filologiya üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Fəxrəddin Salim, Əməkdar artist Elza Seyidcahan çıxış edərək rəssamı sərgi münasibətilə təbrik etdilər.

İndiyədək bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilən Əşrəf Heybətov Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Rəssamlıq Akademiyası, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

Muğam aləmi” sərgisində rəssamın 25 əsəri nümayiş olunur. Bu əsərlərdə sənətkar xarakterik təsviri üslubda muğamların ifasını səciyyələndirən xüsusi texnikadan, bədii temperamentdən, mənəviyyatdan bəhs edir. Parlaq rəngarəng vurğular tamaşaçını melodik pafosun dərinliyinə və nüfuzuna kökləyir. Bədii kətanlara baxarkən onlarda nəyin “səsləndiyini” tanımağa çalışırsan: “Bayatı” və yaDilruba”, “Şur” və yaHumayun”...

Muğam aləmi” sərgisi ənənəvi Azərbaycan musiqisinin tərənnümüdür. Rəssam doğma yurdunun mədəniyyətindən ilham alaraq tamaşaçıları yenidən öz mədəni irsinə, tarixi köklərinə cəlb edir.

 

Əşrəf Heybətovun “Muğam aləmi” fərdi sərgisi oktyabrın 1-dək açıq olacaq.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 30 sentyabr.- S.1;2.