Görkəmli tarixçi
və şərqşünas
Ötən əsrin birinci yarısında elmin keşməkeşli yollarında inamlı addımlar atan, tarix və şərqşünaslıq elmimizə töhfələr verən görkəmli alimlərimizdən biri də tarix elmləri doktoru, akademik Əbdülkərim Əlizadədir. Alim ölkəmizdə mətnşünaslıq elmi məktəbi yaradanlardan hesab olunur.
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakının Bilgəh kəndində dünyaya göz açıb. Kiçik ikən ailəsi İrana köçür, uşaqlıq illəri Tehran şəhərində keçir. Əbdülkərim burada ibtidai təhsil alır, fars dili ilə yanaşı ərəb dilini də öyrənir. 1918-ci ildə ailə Bakıya qayıdır. O, orta məktəbi, 1926-cı ildə isə fəhlə fakültəsini bitirir. 1927-ci ildə Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutuna qəbul olunur. 1930-cu ildə təhsilini başa vurduqdan sonra şəhərdəki Maddi Mədəniyyət Tarixi Dövlət Akademiyasının aspiranturasında oxumağa başlayır.
Gənc tədqiqatçı Orta əsr farsdilli məxəzlərlə tanış olur. Cüveyni, Fəzlullah Rəşiddədin, Vəssaf, Həmdullah Qəzvini, Şərəfəddin Əli Yəzdi və başqa alimlərin əsərlərini araşdırır. Eyni zamanda Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilindən dərs deyir. Şəhərin elmi mühiti gənc alimin karyerasında həlledici rol oynayır. O, bu elm ocağında V.Bartold, İ.Kraçkovski, İ.Meşşaninov, N.Marr, S.Malov, A.Samoyloviç, V.Struve kimi şərqşünas alimlərdən çox şey öyrənir. Mətnşünas-tədqiqatçı kimi formalaşır, Orta əsr farsdilli ədəbiyyatın bilicisi olaraq tanınır.
Araşdırmalarda bildirilir ki, SSRİ EA Şərqşünaslıq İnstitutu görkəmli dövlət xadimi, həkim və alim Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” (“Tarixlər toplusu”) adlı çoxcildlik ensiklopedik əsərinin elmi-tənqidi mətnini hazırlayarkən mətnşünaslıq işlərini Ə.Əlizadəyə həvalə edib və o, bu etimadı doğruldub. Eyni zamanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıqla əlaqədar Ə.Əlizadə Azərbaycana dəvət edilir. O, görkəmli şərqşünas Y.Bertelslə Bakıya gəlir və şairin əsərlərinin elmi-tənqidi mətnlərini hazırlayan heyətə başçılıq edir. Beləliklə, Ə.Əlizadənin taleyi öz vətəninə bağlanır. Azərbaycan EA Tarix İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərir, 1950-ci ildə isə institutun direktoru təyin edilir.
Ə.Əlizadə 1954-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi alır. 1955-ci ildə AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi, 1958-ci ildə isə yeni yaradılan Şərqşünaslıq İnstitutuna direktor təyin olunur. O, 1963-cü ildən ömrünün axırına kimi Azərbaycanda şərqşünaslıq elminin mənbəşünaslıq və mətnşünaslıq sahəsinə rəhbərlik edir. Həmin illərdə Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzlərin çapa hazırlanması şöbəsində akademikin rəhbərliyi altında onlarla mühüm mənbənin elmi-tənqidi mətni hazırlanıb çap edilir.
Görkəmli alimin fəaliyyəti əsasən Azərbaycan və Şərq ölkələrinin feodalizm dövründəki iqtisadi və siyasi tarixinin tədqiqi və Orta əsr mənbələrinin elmi-tənqidi mətnlərinin hazırlanması, nəşri istiqamətlərini əhatə edib. O, Azərbaycanda Orta əsr tarixşünaslığının əsasını qoyanlardan biridir. Tədqiqatçı yaradıcılığının ilk dövründə (40-50-ci illər) əsas diqqətini Azərbaycanın monqol dövrü tarixinin araşdırılmasına yönəldir. Azərbaycanda mədənlərin, pul tədavülünün və s. tarixinə həsr olunmuş məqalələr nəşr etdirir. Həmçinin Elxanilər dövləti (1256-1357) tarixinin ictimai-siyasi dövrləşməsini müəyyən edir. Elxanilərin Azərbaycandakı torpaq siyasətinə, Şirvanın və şirvanşahların XIII-XIV əsrlər tarixinə həsr olunan əsərləri ilə yanaşı, Azərbaycan uğrunda Qızıl Orda xanları ilə Elxanilər arasında gedən mübarizəni əks etdirən silsilə tədqiqat əsərləri yazır.
Tarix elmləri doktoru, professor Vaqif Piriyev araşdırmasında yazır ki, 1940-cı illərdə Azərbaycanda XIII-XIV əsrlər tarixinin tədqiqi sahəsində yeni elmi məktəb – “Əlizadə məktəbi” yaranıb və zaman keçdikcə inkişaf edib, öz bəhrəsini verib. Alimin 1956-cı ildə nəşr olunmuş “XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi” (rus dilində) monoqrafiyası və 60-dan artıq elmi məqaləsi Azərbaycanın eləcə də qonşu Şərq ölkələrinin Orta əsrlər tarixinin öyrənilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə onlarla elmlər doktoru və elmlər namizədi (fəlsəfə doktoru) yetişib.
Ə.Əlizadə prinsipial tədqiqatçılardan olub, tarixi saxtalaşdıranlarla heç vaxt barışmayıb. O, erməni tarixçi L.Babayanın 1969-cu ildə nəşr etdirdiyi əsərində Arranın guya erməni torpağı olması ilə bağlı fikirlərini elmi faktlarla təkzib edib. 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana qarşı üsyana qalxanların guya ermənilər olması iddialarına tutarlı cavab verir, erməni alimin yalanını ifşa edir. Akademik üsyançıların başçısının “kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi”ni erməni tarixçisinin nəzərinə çatdırır və soruşur: “Ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?”.
Azərbaycan elminin inkişafına mühüm töhfələr verən alimin xidmətləri yüksək qiymətləndirilib. O, 1948-ci ildə Nizami Gəncəvinin “İskəndərnamə” əsərindən “Şərəfnamə” hissəsinin elmi-tənqidi mətninə görə akademik Y.Bertelslə birlikdə SSRİ Dövlət mükafatına, 1978-ci ildə isə məşhur tarixçi, dilçi, filosof Məhəmməd Naxçıvaninin (1245-1328) “Dərəcələri müəyyənləşdirməkdə katibin göstərişləri” (“Dəstur əl-katib fitəyin əl-məratib”) əsərinin elmi-tənqidi mətninə görə respublikanın Dövlət mükafatına layiq görülüb. 1960-cı ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilib. Yeri gəlmişkən qeyd edək ki, 1948-ci ildə verilən SSRİ Dövlət mükafatı Sovetlər Birliyində mətnşünaslıq sahəsində təqdim edilən ilk mükafat olub. Məşhur şərqşünas, akademik İ.Kraçkovski Ə.Əlizadəyə göndərdiyi təbrik məktubunda yazıb: “Mən ələlxüsus ona şadlanıram ki, bu yüksək mükafat həmişə qəlbimə yaxın olan mətnşünaslıq işinə görə verilmişdir...”.
Ə.Əlizadə şərqşünasların Münxen, Moskva, Tehran, Ankara, Varşava, Təbriz qurultaylarının və başqa elmi toplantıların iştirakçısı olub. Azərbaycan tarix elminin yenilik və nailiyyətlərini dünya alimlərinin diqqətinə çatdırıb.
Akademik Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.6.