Qarabağı tərənnüm edən “Xarıbülbüllər”

 

Təbrizdə almanax çap olunub

 

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixipublisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin tərtibi ilə Təbrizdə Qarabağı tərənnüm edən “Xarıbülbüllər” şeirlər toplusu işıq üzü görüb.

İnstitutdan bildirilib ki, kitabda GüneyQuzey Azərbaycanın 110-a yaxın şairinin doğma Qarabağı vəsf edən şeirləri toplanıb. Topluya daxil olan Azərbaycan şairlərinin əsərləri Vüqar Əhməd, Cənubi Azərbaycan şairlərindən poetik nümunələr Nurəddin Müqəddəm və Seyid Mahmud Sani İbadi tərəfindən tərtib olunub.

Kitaba Əliağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza, Zəlimxan Yaqub, Musa Yaqub, Vaqif Aslan, Nüsrət Kəsəmənli, Sücaət, habelə Vahid Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və başqa şairlərin Qarabağ ətirli əsərləri daxil edilib.

Topluya, həmçinin Məhəmmədhüseyn Şəhriyar, Nadir İlahi, Nurəddin Müqəddəm, Seyid Mahmud İbadi, Hikməti, Niksad, Kamil Qəhrəmanoğlu, Səmədi Niroğlu, İsa Paşapur, Səhər Xiyavi, Lütvəli Fikrət, Məsimə Cavid, Mehdi Nəcəfli, Qızılqələm, Səmədi, Kərimi Marağayi, Fatimə Əbdi, Seyid Cəlil Hüseyni, Əsəd Tisvənd kimi şairlərin yaradıcılığından seçmələr salınıb.

İranlı şairlərin əsərlərinin təqdimatına həsr olunan məqaləni professor Sədiq Məmmədzadə qələmə alıb. Qeyd olunur ki, kitab Qarabağ Zəfərimizə və İran-Azərbaycan qonşuluğu, dostluğu və ədəbi əlaqələrinə ərməğandır.

 

Mədəniyyət.- 2022.- 22 yanvar.- S.2.