Ölkəmiz “FİTUR-2022” turizm sərgisində təmsil olunub
Yanvarın 19-dan 23-dək İspaniyanın paytaxtı Madriddə keçirilmiş 42-ci Beynəlxalq “FİTUR-2022” turizm sərgisində Azərbaycan da təmsil olunub. Dünya turizm sənayesinin ən böyük tədbiri sayılan FITUR sərgisində 107 ölkədən 7 minə yaxın şirkət iştirak edib.
Qeyd edək ki, Berlin (İTB) və London (WTM) sərgilərindən fərqli olaraq Madrid sərgisi 2020-2021-ci illərdə COVİD-19 pandemiyası səbəbindən ləğv edilməmiş və adi rejimdə keçirilmişdi.
“FİTUR-2022” turizm sərgisi pandemiyadan əvvəlki miqyası ilə diqqət çəkib. Bu, pandemiyalı iki ildən sonra beynəlxalq turizmin bərpa olunacağına nikbinlik yaradıb. Rəqəmsal dünya ilə əyani ünsiyyəti əlaqələndirən hibrid model sayəsində FiturLİVEconnect platforması 33 mindən çox istifadəçiyə xidmət etmək imkanı yaradıb.
Sərgidə Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilati dəstəyi ilə qurulan milli stendimizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar ölkəmizin mədəniyyət paytaxtının təqdimatına xüsusi yer verilib.
Ölkəmizin turizm brendi bu dəfə də “Azərbaycan – yeni baxışla nəzər sal” şüarı ilə təqdim edilib. Bu, Latın Amerikasından olan turistlərin zəngin tarixi, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini yeniləmək imkanı verib.
Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təmin edilib. Tədbir çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib.
Mədəniyyət.- 2022.- 26
yanvar.- S.8.