“Ön
söz – on söz” davam edir
YARAT Müasir İncəsənət
Məkanının 10 illiyi
münasibətilə Daş
Salnamə Muzeyində
açılan “Ön
söz – on söz” xronikal qrup sərgisi
davam edir.
Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə
istinadla bu dövr ərzində keçilən yola nəzər salır və yeni nəsil
müasir rəssamların
yetişdirilməsi və
formalaşdırılmasında YARAT-ın oynadığı rolu vurğulayır.
Yaddaş və tarix anlayışları
ətrafında toplanmış
ekspozisiya keçmişin
indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Sərgi ənənə
və cəmiyyət,
dəyərlər sistemi,
ziddiyyətli həqiqətlər
mövzularına toxunur,
insan varlığı
və mövcudluğunda
keçmişin əhəmiyyətini
və rolunu ön plana çəkir.
Ekspozisiya
YARAT kolleksiyasından Afruz
Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə
Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və fotoəsərlərini
bir araya gətirib. Yanvarın 31-dək davam edəcək
sərginin kuratoru Fərəh Ələkbərlidir.
Mədəniyyət.- 2022.- 26
yanvar.- S.3.