“Balaca, yaramaz
məxluq” özünsən!...
Yazının
başlığını əcaib saymayın. Təki
bütün balaca və yaramaz görünən məxluqlar
sonda belə qalib olsunlar. Əslində, çox vaxt məhz
onlar – yəni imtina, gözardı edilmişlərin həqiqəti
zəfər çalır. Amma bu, elə də
asan olmur. Bizim “Balaca, yaramaz məxluq” kimi...
Alman filosof Hegelə görə, məhəbbət insanın
özünü başqasında
tapmasıdır. İş belədirsə, deməli,
biz istər fərd, istərsə də cəmiyyət olaraq ömrü boyu itmək üçün axtarırıq. Təbii ki,
söhbət burada fiziki və yaxud mənəvi məhəbbət və ya itkidən yox, canlı olaraq natamamlığa sərf olunan ömrümüzün müddətindəki
qazanc və itkilərdən gedir.
Belədirsə, heç bir
uzun-uzadı plan-proqram,
çəhrayı xəyallar
qurmadan, başımızdan
yekə iddialar etmədən yaşamalıyıq.
Bacarsaq.
Yaxşı, gəlin görək yaşaya bilirikmi, daha da önəmlisi,
yaşatmağa, yaşamağa
imkan veririkmi? Amma bəzən
bir tikə də olsa özünü,
azadlığını, ruhunu,
hisslərini ifadə edib, bununla özünü
xoşbəxt hiss etmək
istəyən, yaxud xoşbəxt olduğunu xəyal edən adamların başının
üstündən fırtına
kimi keçib, onları həyatından bezdirənə qədər
dirəşirik. Nəticə bəzi hallarda çox acı olur. Həyata son vermək, intihar...
Səksəndiniz? Bu günlərdə premyera ilə sənətsevərləri
ətrafına toplayan
Dövlət Gənc Tamaşaçılar Teatrı
cəmiyyəti narahat
edən, onun ağrısına çevrilən
problem mövzunu səhnəyə
gətirən “Balaca, yaramaz məxluq”u təqdim etdi. Adına çox da bənd
olmayın. Ya hamımız
yığılıb o balaca
yaramazı qorumalı,
ya da vicdanımızı
qarşımıza qoyub
içimizdəki bala
yaramazları böyütməliyik.
Tamaşa son zamanlar cəmiyyətimizdə
yeniyetmə və gənclər arasında baş verən intihar hadisələrinin əsas səbəbləri
üzərində qurulub. Problemi harada axtarmaq lazımdır: cəmiyyətdə,
ailədə, məktəbdə,
biganəlikdə, yoxsa
ikili həyat tərzi standartlarında?
Səhnə əsərinin iddia
və ideyası çox
sadə və konkretdir. Hadisə məktəblərin birində baş verir. Tamaşa boyu üzünü
görmədiyimiz, yalnız
haqqında danışılan
Aysel adlı yeniyetmənin ruh halı, yaşadığı
problemlər, həmyaşıdları
tərəfindən psixoloji
şiddət və təzyiqə (yeni terminlə ifadə etsək, bullinqə) məruz qalmasından danışılır. Daha doğrusu,
onun müəllimi Fidan həyəcan təbili çalır və bütün məktəb rəhbərliyini
problemin həllinə
cəlb etməyə çalışır.
Proseslər idman zalında gedir və təxminən
bir saat müddətində Ayselin
yaşadıqları fonunda,
əslində, məktəb
kollektivinin hər bir üzvünün mənəvi problemləri,
dərdləri üzə
çıxır və
sonda hamılıqla bir qərara gəlirik: hər kəs ilk olaraq özünə baxmalı
və yalnız özü üzərində
nəzarəti təmin
etməlidir. Belə olduqda nə
başqalarını tərbiyə
və tənqidə, nə də mühakimə etməyə
vaxtı olmayacaq.
Bəlkə də heç
buna ehtiyac qalmayacaq. Bu anlamda
səhnə işi sırf cəsarətinə
və ideyanın sadə və lakonik həllinə görə bütün görünən qüsurlarının
üstünü örtür.
Tamaşanın ədəbi əsasının
müəllifi dramaturq
İsmayıl İmandır. Psixoloji dram janrında
yazılan pyesə Əməkdar incəsənət
xadimi, teatrın baş rejissoru Bəhram Osmanov quruluş verib. Sadə tərtibatlı tamaşanın
quruluşçu rəssamı
Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal
Novruzlu, xoreoqrafı Nigar İbrahimbəylidir.
Rolları Yasəmən
Məmmədova (Solmaz),
İlahə Əmirxanova
(Fidan), Elşən Hacıbabayev (Həsən),
Əməkdar artist Gülər
Nəbiyeva (Tamilla) və Araz Pirimov
(Toğrul) ifa edirlər.
Tamaşa ritmik musiqinin sədaları altında məktəbin direktor müavini Həsənlə
müəllim yoldaşı
Toğrulun voleybol oyunu ilə başlayır. Tamaşaçının nəbzini tutmağa,
onunla hərəkətli
ünsiyyətə hesablanan
bu səhnədə onlar topu tez-tez
tamaşaçı tərəfə
atırlar. Cavab olaraq
isə sıralardan kimlərsə ayağa qalxıb topu yenidən səhnəyə
qaytarır. Onu da deyim ki, premyeranın
nümayiş olunduğu
Teatr Xadimləri İttifaqının nisbətən
soyuq zalında büzüşüb oturan
tamaşaçıların qırışığı bu
yolla 2-3 dəqiqədən
sonra açıldı.
İclas üçün idman zalının seçilməsi
də təsadüfi deyil. Çünki biz burada mübahisə-mühakimələrin
zaman-zaman fiziki təsvirlərini də görürük. Məsələn,
məktəbin direktoru,
yas məclisindən yenicə qayıdan və orada yediyi
plovu həzm etməkdə çətinlik
çəkən Solmazın
ona qarşı iddialar irəli sürən Fidanı saçından tutub sürüməsini, yaxud
“Üzdəniraq məxluqlardan
yaxşı ki, bizim məktəbdə yoxdur” deməklə, əslində, özünün
o şakərini
ustalıqla gizləyən
Həsənin hoqqabazlıqlarını.
Bura Fidanla eşq yaşamaq üçün əlindən
cəsarətdən başqa
hər iş gələn Toğrulun xəyalını qurduğu
macəralar üçün
də əvəzsiz məkandır.
İş gününün sonudur və gərgin pedaqoji heyət onsuz da zəhlələri gedən və hər vəchlə əxlaqsız damğasını vurduqları Fidana qəzəblidir. Bütün bunları bilən və vecinə almayan Fidan məktəbli Ayselin problemini sadaladıqca və ona kömək üçün təkliflər verdikcə başda direktor olmaqla hər kəs onu tənə yağışına tutur. Gah onu, gah da qızcığazı asıb-kəsirlər.
Beləcə, qəhrəman (Fidan) tamaşa boyu rüşvətxor direktor və üzdəniraq müavini, ona sevgisini hər kəsdən gizlədən istismarçı Toğrul, özündən başqa qadın yaratmağa çalışan Tamilla – bir sözlə, hər kəs ilə ayrı-ayrı müzakirə qurur. Nəticədə Ayselin pedaqoqların problemləri fonunda görünməz qalan məsələsini həll edir. Uzun çəkişmələrdən sonra direktor “Qızı götürüb yanıma gələrsən”lə bizə işığın ucunu göstərir. Yəni cəmiyyət olaraq hər birimizin dialoqa, bir-birimizi dinləməyə ehtiyacımız olduğunu deyir.
Tamaşadan gəldiyimiz qənaətlər təxminən bunlardır: sizi idarə etdiklərini düşünənlər, əslində, özləri marionetlərdir; əxlaq dərsini heç də həmişə əxlaqlı insanlar vermirlər; zəif adamlar daim şişkin əzələləri ilə qorxularını boğmağa çalışırlar; başqalarının doğruları ilə hərəkət edənlər heç vaxt həqiqətlə rastlaşmırlar; haqqın yolu, çətin olsa da, birdir və s.
Dramaturqdan işıqçıya böyük bir heyət uzun müddət (tamaşanın məşqləri hələ pandemiyanın ilk dövrlərində “Zoom” proqramı ilə başlanmışdı) götür-qoy etdikdən sonra səhnəyə çıxardıqları iş vasitəsilə bizə incə bir məqamı pıçıldadılar: “Bilirəm, əslində, sən özün ən mükəmməl “Balaca, yaramaz məxluq”san, sadəcə, bunu etirafa cəsarətin çatmır...”.
Əvvəldə də dediyim kimi, tamaşa qüsursuz deyildi və hətta hazırlıq müddətinin bu qədər uzunluğunu nəzərə alsaq, gərək oturub əməlli-başlı müzakirə edək. Bura aktyorların temp adı ilə bir-birinin oyununu vurmasından bir mövzu ətrafında ard-arda az qala onlarla problemin sadalanmasına və onların bəzən havadan asılı qalmasına qədər nüansları daxil edə bilərik. Hətta kommersiya filmlərində oynadığı rolların təsirindən Elşən Hacıbabayev və Araz Pirimov səhnədə bəzi “yolavermələri”ni də nəzərə almasaq, “Balaca, yaramaz məxluq” baxımlı tamaşadır. Ən azı günümüzün reallığını teatrdan “indi və burada” iş prinsipini tələb edənlər, bunu görmək istəyənlər üçün.
Sonda onu da qeyd edim ki, budəfəki səhnə-salon rabitəsində özüm üçün bir qənaəti yəqin etdim: bu günün teatrı da, tamaşaçısı da nəyi göstərib, nəyə baxmaq istədiyini yaxşı bilir. Sadəcə, hələ ki birləşib zaman və məkan arasındakı böyük səddi yıxa bilmirlər...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2022.- 28
yanvar.- S.5.