“Şuşa İli”ndən
“Şuşa Əsri”nə...
Çiçəklərin rəqs etdiyini görən olubmu? Ümumiyyətlə, çiçəklər rəqs edə bilirmi? Fikrimizcə, yer üzündə bircə çiçək var ki, o da ömründə elə bircə dəfə rəqs edib. Kim bilir, bəlkə nəğmə də oxuyub. Sadəcə, o elə astadan oxuyub ki, kimsə eşitməyib. Yaxud da onun nəğməsini hər insanın eşitməsi mümkün deyil...
Bu o çiçəkdir ki, 2021-ci ilin may ayında Şuşada öz adı ilə şərəflənən festivalda elə məsud olub ki, deyəsən, saralıb-solmağı da “unudubmuş”. Solmağa başlayanda öz azadlıq nəğməsini Cıdır düzünün altındakı qayalara – əfsanəvi Azərbaycan əsgərinə dünyanın ən hamar yolu kimi görünən o keçilməz sıldırımlara – əmanət edib. Deyib ki, bu əbədi nəğməni zümzümə edin, may ayında yenidən estafeti sizdən təhvil alacağam. Sıldırım qayalar da “sinəmiz üstə” deyərək ifaya başlayıblar...
30 illik fasilədən sonra bu günlərdə ilk dəfə marşrut avtobusu ilə 270 yaşlı şəhərimizə gedən bəxtəvər şuşalı və Şuşa sevdalılar bu yurdun təbii qalası, istehkamı olan o qayalara yaxınlaşanda maşından enib xarıbülbülün əmanət nəğməsinə də qulaq versinlər. Hərbçilərimizin bənzərsiz şücaətinin tərənnümü, həm də xarıbülbülün vüsalının əks-sədası olan bu nəğməni eşidə bilənlərin xoş halına...
2020-ci ilin mayında Şuşasızlığın növbəti ildönümü münasibətilə qələmə aldığımız pritçada “Qarabağa getmək üçün gərək hamımız eyni rəngdə geyinək” deyə yazmışdıq. Bəli, təxminən beş ay sonra, sentyabrın 27-də xalq olaraq eyni rəngdə geyindik, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşib əsir Qarabağa, Şuşaya sarı yol aldıq. Bunu “yol getmək” adlandırmaq o qədər doğru olmasa da, şanlı Ordumuz, əslində, canı-qanı ilə elə yol açırdı. Bu, Everest zirvəsinə yol çəkməkdən daha çətin, həm də daha şərəfli idi!
Hədəfə doğru...
Yox, Qarabağ Zəfərinə doğru yolumuz uzun illər öncədən başlanmışdı. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də Qarabağsız, Şuşasız qalan, bir milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkənin paytaxtında “qara qızıl”ımızın istehsalı və dünya bazarına çıxarılmasını hədəfləyən “Əsrin müqaviləsi”nin imzalanmasından. Bəli, dünyanın aparıcı güclərinin (ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya və s.) də yer aldığı ölkələrin gənc müstəqil Azərbaycana yüksək etibarının təsdiqi olan bir müqavilədən danışırıq. Bu etibarın əsas dayağını, sözsüz ki, müdrik dövlət xadimi, Prezident Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı aydın yol xəritəsi təşkil edirdi. Hərtərəfli inkişafın daxili sabitlik və əmin-amanlığa bağlı olduğunu gözəl bilən görkəmli dövlət adamı öz ayaqları üzərində güclə dayanan respublikanın işıqlı gələcəyinə inandığı kimi, beynəlxalq birliyi də inandırmağı bacarmışdı. Müdriklər “inanmaq bacarmağın yarısıdır”, deyir...
İllər ötür, mavi Xəzərin dərinliklərindəki karbohidrogen ehtiyatlarımız üzə çıxarılır, Avropaya sarı yol alır. Böyük meqapolislərin birjalarında yeni ad yazılır: “Azeri Light”. Bu iki kəlmə xarici birjalarda oxunursa, deməli, ölkəmizə valyuta axını da başlayır. Ölkə həyatının bütün sahələri inkişafdan nəsibini alır. Bu həm də ümummilli Qarabağ dərdimizə məlhəmə çevrilir. Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir, bir nömrəli problem – ərazi bütövlüyümüzün həlli istiqamətində kompleks iş aparılır. Ölkəmizin iqtisadi inkişafı hərbi potensialımızın da artması ilə paralel addımlayır. Modern hərbi texnikalar alınır, hərbi infrastruktur yenilənir. Dünyada adından söz etdirən qardaş Türkiyə Ordusu timsalında Silahlı Qüvvələrimizin döyüş qüdrəti artırılır. Qardaş orduların mütəmadi birgə hərbi təlimləri, müxtəlif sahələr üzrə təcrübə kursları həyata keçirilir.
Bütün bunlarla yanaşı, dövlətin xarici siyasət vektoru hansı istiqamətlərə yönəlirsə-yönəlsin, sonda Qarabağ məsələsində, Azərbaycanın haqq işi üzərində birləşirdi. Yəni Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində, habelə dünyanın aparıcı ölkələri ilə münasibətdə öz dayaqlarını ildən-ilə möhkəmləndirir, tərəfdaşlarının sırasını genişləndirirdi. Getdikcə ölkəmizin Qarabağın gerçək sahibi kimi öz ərazilərinin itkisi ilə heç vaxt barışmayacağı həqiqəti beynəlxalq düşüncədə də kök salırdı.
Etiraf edək ki, Ordumuzun qüdrətinə nə qədər inansaq da, işğal davam etdikcə təkcə öz yurdundan didərgin düşənlər deyil, bütün soydaşlarımızın səbri tükənirdi. Səmərəsiz danışıqlar, beynəlxalq birliyin ikili standartları, üstəgəl işğalçı ölkənin milli heysiyyətimizlə oynaması ordu və xalqın qisas hisslərini daha da alovlandırırdı. 2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılışında çıxış edən Prezident İlham Əliyev deyirdi: “İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik... Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır...”.
Bəli, ötən onillər ərzində Azərbaycan dövləti öz hədəfindən, əsas məqsədindən heç vaxt ayrı düşmədi, Qarabağ Zəfərini hər gün bir qədər də yaxınlaşdırdı. Ordu quruculuğu prosesində döyüş qabiliyyəti ilə yanaşı, Azərbaycan əsgəri mənəvi-psixoloji cəhətdən yalnız yenilməzliyə hazırlandı. Bu hazırlıq təkcə əsgər və zabitlərlə məhdudlaşmırdı, arxa cəbhəni, hərbçilərin ailələri və yaxınlarını, bütün toplumu əhatə edirdi. Təsadüfi deyil ki, Ordumuzun generalından əsgərinə – hərbi geyim daşıyan hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi.
2020-ci ilin 27 sentyabrında işğal altındakı Vətən torpağının qurtuluşu üçün başlanan haqq savaşı ilə şücaət, cəsarət, qorxmazlıq kimi anlayışlar mücərrədlik mahiyyətini reallığa verdi. Xalq orduya çevrildi. Düşməndən fərqli olaraq Ordumuzun hər bir əsgər və zabiti əzəli yurd yerlərimiz uğrunda, müqəddəs Vətən yolunda çox asanlıqla canından keçməyin örnəyini ortaya qoydu. Məhz bu fədakarlıq və şücaət sayəsində müharibənin ömürlər kəsən ömrü 44 gün çəkdi...
Yollardan çəkilən gözlər...
Elə bilirsiniz torpaq öz sahibinin yolunu gözləmir. Axı o, “əcdadlarımızın mədfənidir”! Nəfəsimiz dəyməyən, kül tökmədiyimiz torpaq gül açarmı? Məmməd Arazın yazdığı kimi,
Bu torpaq, pilə torpaq,
Dilini bilə torpaq!
Torpağa kül tökməsən -
Dönəcək külə torpaq...
Artıq intizar yurdun da, doğma torpaq üçün burnunun ucu göynəyən insanların da gözləri yollardan çəkilib. Mənfur düşmənin xarabaya çevirdiyi Qarabağın, Şərqi Zəngəzurun yeni növrağı başlanıb, şəhər və kəndlərimiz yenidən qurulur, tarix-mədəniyyət abidələrimiz bərpa olunur. Dövlətimiz, Prezident İlham Əliyevin dediyi kimi, “təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan” bu işləri həyata keçirir. Bu bərpa və quruculuq prosesi ilə paralel vaxtilə özünəməxsus mədəniyyəti, sənəti ilə dünyada Azərbaycanın şöhrətinə şöhrət qatan əzəli torpaqlarımıza 30 illik fasilədən sonra mədəni mühiti də qaytarırıq. Yağıdan qurtardığımız torpaqlara təkcə daşı daş üstə qoymağa getmirik, biz bu yurdu gözümüzün üstünə qoymaq üçün oradayıq! Çünki öz halal yurdumuzu bizə vermədilər, onu döyüşərək, canımızla, qanımızla aldıq!
Dövlət başçısının sərəncamı ilə mədəniyyət paytaxtımız Şuşanın adı 2022-ci ilə verilib. Hər əsr bir ildən başlayır. Bu mənada, “Şuşa İli” həm də “Şuşa Əsri”nin qaranquşudur. Bəli, biz “Şuşa Əsri”nə yol almışıq. Bu yol artıq yeni tamamlanan Zəfər yolu qədər hamar və təhlükəsiz, eyni zamanda mədəniyyət yoludur. Bu gün Pənahəli xanın 270 il əvvəl təməlini qoyduğu Şuşanın yeni tarixi yazılır. Adı şanlı Zəfərlə qoşa çəkilən tarix!...
Fariz Yunisli
Mədəniyyət.- 2022.- 28
yanvar.- S.4.