Tağlar mağara düşərgəsi

 

Qədim insan məskəni

 

 

 

İşğaldan azad olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. Daha doğrusu, otuz ilə yaxın davam edən işğal zamanı erməni vandalizmi ilə üzləşmiş bu abidələrin əksəriyyətinin yalnız dağıntıları və xarabalıqları qalıb. Həmin ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış olub. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi başa çatdırılıb...

Monitorinq edilən tarix-mədəniyyət abidələrindən biridünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Tağlar mağara düşərgəsidir. Mağara düşərgəsi Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində, Azıx mağarasından 3 kilometr qərbdə yerləşir.

Tağlar mağara düşərgəsi Mustye mədəniyyəti kimi elmi ədəbiyyata daxil olan Orta Paleolit dövrü üçün ölkəmizdə ən yaxşı öyrənilmiş arxeoloji abidələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılaraq Kiçik Qafqazın cənub-şərq yamaclarında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salıblar. Arxeoloqlarımız Naxçıvanda Qazma, Qazaxda Damcılı və Qarabağda Tağlar mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edərək öyrəniblər.

Tağlar mağara düşərgəsində 1963-1978-ci illərdə arxeoloqlar Ìəmmədəli Hüseynov və Əsədulla Cəfərov tərəfindən tədqiqat işləri aparılıb. Bu zaman altı mədəni təbəqə aşkar olunub. Ìustye dövrünə aid olan ikinci-altıncı təbəqələr maddi mədəniyyət qalıqları ilə daha zəngin olub. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkarlanıb. Məlum olub ki, Tağlar mağarasının sakinləri başlıca olaraq maral, dağkeçisi ovlayıblar. İkinci təbəqədə maral sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin dövrdə meşəlik olmasından, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə quru iqlim şəraitindən xəbər verir. Mağara sakinləri, əsasən şist, çaxmaqdaşı və obsidiandan istifadə ediblər. Aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılıb. Tağlar mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar ölkə ərazisində Mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərib.

İşğal dövründə Ermənistan tərəfindən digər tarix-mədəniyyət abidələrimiz kimi Tağlar mağarasında da qanunsuz qazıntı işləri aparılıb, arxeoloji abidəyə müdaxilələr olunub.

Hazırda isə işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa və konservasiyası istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də elə Tağlar mağara düşərgəsi ilə bağlıdır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Xocavənd rayonunda yerləşən “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi ilə bağlı müvafiq addımlar atılır.

 

Fariz Hüseynli

 

Mədəniyyət.- 2022.- 28 yanvar.- S.6.