Yaşamı mənalı
edən insanlarla çalışmaq
xoşbəxtlikdir
İnsan özü-özünü formalaşdırır. Əvvəl var olub, sonra özünü mövcud edən yalnız insandır. Məsələn, bir masa nəyə yarayacağı, necə olacağı əvvəldən düşünülərək var edilir (düzəldilir). Masanın özü var olmasından əvvəldir. Tək insandır ki, əvvəl var olur, sonra özünü, necə olacağını, nəyə yarayacağını özü əməlləriylə göstərir. İnsan mövcudluqdan əvvəl təyin oluna bilməz. Ancaq var olduqdan sonra, həm də özünü necə etsə, elə olacaq.
Platona görə, insanlarda üç yaşam tərzi vardır: həzz (bitkisəl) yaşamı, şərəf, şöhrət (toplumsal) yaşamı, hikmət (teoretik) yaşamı. Aristotel müəlliminin fikirlərini davam etdirərək Yunanıstanda keçirilən olimpiadalara gələn insanları üç qismə ayırırdı: həzz üçün gələnlər, yarar, mənfəət üçün gələnlər və sadəcə, olanları dəyərləndirmək, nəzər yetirmək, tamaşa etmək üçün gələnlər. Sonuncular bioteorikos – nəzəriyyəçilər, hikməti sevənlər idilər.
Dünya yaşamını mənalı edən belə insanlardır. Onlar sıralarımızda davranışlarıyla çoxlarına nümunə ola biləcək aydınlardır. Bu gün xeyir əmələ, doğru sözə həmişəkindən daha çox ehtiyacımız var. Həyatımızı mənalı edən, çoxsaylı ağrı-acıları yüngülləşdirən, yaşam labirintlərinin çözümünü asanlaşdıran hikmət sahiblərini tanımalı və tanıtmalıyıq. Ən azı cəmiyyəti sağlamlaşdırmaq, yaşam həvəsini artırmaq üçün bunu etməliyik. Əslində, onların buna ehtiyacı yoxdur. Toplumun və onu təşkil edən fərdlərin buna ehtiyacı var.
AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva bu elm ocağında insanlıq aləminə işıqsaçan alimlərdən biridir. Yunus Əmrə deyirdi: “Elm elmi bilməkdir, elm kəndin (özünü) bilməkdir. Sən kəndini bilməzsən, bu necə bir bilməkdir”. Nəsnələrin insan zehnindəki təsvirinə elm deyilir. Alimlik zaman və məkana bağlıdır. Detalların (duyğusal) təsbiti və təkrarı adamı alim edər. Özünü bilmək irfandır. İrfan görgüyə əsaslanır və arif adlandırılır.
Rəna xanım alim olmaqla yanaşı, həm də arifdir. Yüksək elmi nailiyyətləri ilə bərabər insani keyfiyyətləri onu hər zaman arzuedilən edir. Xüsusilə kollektivdə anlaşılmazlıq olanda ilk yada düşən o olur. Bir yerdə oxumuşdum ki, insanlar çətinə düşəndə iki yerə: Allaha və hikmət sahiblərinə, müdriklərə müraciət edirlər. Belə müdriklərin sıralarımızda olması çox yaxşı haldır. Bəzən bunun fərqində olmasaq belə, mədəni insanların olduğu mühitdə pozitiv düşüncələr, həyat eşqi xırda çatışmazlıqları görünməz edir.
Professor Rəna Abdullayeva institutumuzda Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinə rəhbərlik edir. Musiqinin funksiyasının estetik təhlili və Azərbaycan estetik fikir tarixində tədqiq təcrübəsi, informasiya mədəniyyətində bədii üslub problemi mövzularında tədqiqatların, ölkəmizdə və xaricdə çapdan çıxmış yüzdən çox elmi əsərin müəllifidir.
Onun rəhbərlik etdiyi şöbə bütün sahələr üzrə nümunəvi sayıla bilər. Burada çalışan əməkdaşlar fəaliyyətlərini sevgi, qayğı, səmimiyyət üzərində qurmuşlar, vəzifədən çox insanlığa görə tanınırlar. Hər kəs öz işini sevərək icra edir. Əslində, bu gün bizə ən çox lazım olan da budur. Azərbaycan çiçəklənməkdədir. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi hər birimizə əlavə ruh verir. Şöbənin fəaliyyəti müvafiq elmi istiqamətlə yanaşı, həm də əldə edilmiş tarixi uğura elm nəzərindən töhfə verməkdir. 44 günlük Vətən müharibəsindən sonra qısa müddətdə şöbə əməkdaşlarının ərsəyə gətirdiyi işlər – dosent N.Abbasovun “Qarabağın qara bağı” və L.Əliyevanın “Qarabağ münaqişəsi: Azərbaycanın milli mədəni irsi” monoqrafiyaları, eləcə də çoxsaylı elmi məqalələr bu yolda vətəndaş borcunun ifadəsidir. Əlbəttə, belə müsbət nəticələrdə bütövlükdə institut rəhbərliyinin də payı vardır. AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ə.Salamzadənin kollektivdə yaratdığı elmi-yaradıcı mühit təkcə bir şöbənin deyil, digər şöbələrin də fəaliyyətində uğurlu nəticələrə mühüm zəmindir.
Sənətşünaslıq doktoru, professor Rəna Abdullayevanın ad günü yaxınlaşmaqdadır. Belə aydınların varlığı sağlam cəmiyyətin, işgüzar kollektivin mövcudluğunu ifadə edir. İnsanların həyatına sevinc, əzm, mübarizlik və yaradıcılıq enerjisi qatır. Rəna xanıma institut kollektivi adından ən xoş arzularımızı bildiririk. Hər zaman sağlam, gümrah və aramızda olmasını arzu edirik. Onun ölkəmizin mühüm elm ocaqlarından olan AMEA Memarlıq və İncəsənət İnstitutunun davamlı inkişafını zənginləşdirən töhfələri bu arzunun səmimiliyinin ifadəsidir. Dəyərli insanlar haqqında layiq olduqları, qəlbimizin dərinliyində çağlayan fikirləri ifadə etməyə bəzən sözün gücü çatmır. Rəna xanım, çox yaşayın!
Namiq Abbasov
AMEA Memarlıq və
İncəsənət İnstitutunun əməkdaşı,
fəlsəfə doktoru
Mədəniyyət.- 2022.- 28
yanvar.- S.7.