Yallı: bu sirli aləmə vaqif olduqca...
Qərbin “timbirlinq”i,
yoxsa milli yallımız?
Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini,
qorxmazlığını, birlik göstərərək
həmişə haqqın,
ədalətin və sülhün tərəfdarı
olduğunu özündə
ehtiva edən dəyərlərimizdən biri
də yallı rəqslərimizdir. Yallılar bircə kəlmə
söz belə demədən xalqımıza
məxsus bütün
xüsusiyyətləri – onun
kimliyini, tarixini, birlik olub çətinliklərin
öhdəsindən mərdliklə
gəldiyini, mədəniyyətini
– nümayiş etdirən
ən qədim xalq yaradıcılığı
nümunələrindəndir.
Digər milli rəqslərimiz kimi, yallıların da ifasında şuxluq və məğrurluq nümayiş
olunur. Bu cür
ifa tərzi, sözsüz ki, xalqımızı fərqləndirən
əlamətlərdəndir. Yallılarla cəsarətin, xeyirxahlığın,
əmin-amanlığın, sadəliyin, birliyin və bütün bunların təcəssümü
sayılan insanpərvərliyin
carçısı olduğumuzu
göstəririk.
Ana yurdumuzun sinəsində
qol-boyun olan dağlara baxanda elə zənn edirsən ki, indicə hərəkətə
gəlib yallı gedəcək. Dağların səfi yallı
getmək üçün
himə bənd olan dəstəyə bənzəyir. Və bu
dəstə yalnız
və yalnız əməli birlik, söz, əqidə birliyi olanda hərəkətə keçər.
Dirilik birlikdə deyilmi?! Deməli, yallılarımız millət
olaraq bizim həm də diriliyimiz, canlı həyat tərzimizdir.
Yallılarımız ulusumuzun müdrikliyini, əcdadlarımızın tarix
boyu şəxsi mənfəəti üçün
deyil, ümummilli məsələlərin həlli
üçün milli
birliyini, kədər və sevincini özündə ehtiva edən sirli bir aləmdir. Hər bir
fərd sevincini böləndə daha çox sevindiyi, kədərini böləndə
isə mənən daha çox rahatlandığı kimi,
cəmiyyətlər də,
millətlər də
sevincini və kədərini bölüşə
biləndə inkişaf
edir, durulur. Və bu inkişaf, bu tərəqqi yalnız və yalnız yallılarımızın
rəmzi sayılan birlik nümayiş etdirməklə mümkün
olur.
Yallılarımız haqda öyrəndikcə, xalqımıza məxsus bu sirli aləmə
vaqif olduqca onun mərdliklərlə dolu tarixini, qədim keçmişini duyur, qürurlu, alnıaçıq gələcəyinə
addımlayırsan. Dərk edirsən
ki, bu addım,
bu tərəqqinin təməlində birlik dayanır.
***
Bu aralar dilimizə
təzə düşən,
Avropada məşhur olan “timbirlinq” termini ilə rastlaşırıq. Bir qədər
vaxt ayırıb bu terminin mənası,
semantik anlamı haqqında kiçik araşdırma apardıq.
Məlum oldu ki, çağımızda
Qərb ellərində
də yeni-yeni dillərə düşən
bu terminin anlamı “bir olmaq”, “kollektivləşmək”,
“bir işin, bir çətinliyin öhdəsindən birlikdə,
kollektiv formada gəlmək” imiş. Bəs babalarımızın, nənələrimizin
bir olub toy-büsat qurduğu, birlikdə əziz-xələf
qonağını qarşıladığı
yallılar tariximizin ən dərin qatlarından süzülüb
gələn birliyimiz,
cəmiyyət olaraq dayanışma rəmzimiz
deyilmi? “Timbirlinq” termininin ifadə etdiyi anlayış min illər öncədən türklərin
adəti, gələnəyi
imiş. Bu gələnəyi gələcək
nəsillərin birliyi,
xoş gün-güzəranı
və vətənsevər
böyüməsi üçün
yaşatmalı, əmanət
qoymalıyıq. Yeni nəsilləri
əmin etməliyik ki, bir xalq,
bir dövlət, bir ulus olaraq
sahib olduğumuz dəyərləri
gələcəyə daşımaq
istəyiriksə, milli
birlik nümayiş etdirmək mütləqdir.
Həmin
bu milli birlik isə öz inikasını həm də yallılarımızda tapır.
Azərbaycanın Naxçıvan bölgəsi yallının vətəni hesab olunur. Ölkəmizdə yallı getmək, yallı tutmaq deyildimi, yada ilk olaraq qədim Oğuz yurdu Naxçıvan diyarı düşür. Bu diyarda bir zamanlar yallının 100-dən çox növü mövcud olub. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində sistemli işlər görülüb. 2020-ci ildə son illər Naxçıvan diyarında ifa olunmuş 94 yallı haqqında Azərbaycan, ingilis və rus dillərində “Yallılar dünəndən bu günə” kitabı işıq üzü görüb. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti, habelə Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Bütün bunların nəticəsi idi ki, 2018-ci ildə “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edildi. Beynəlxalq ictimaiyyət də gördü ki, qədim yallılarımız bütün bəşəriyyət üçün vacib olan birlik məfhumunu özündə yaşadır.
Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla eyni zamanda xalqımızın bugünkü varlığıdır. Bəli, xalq olaraq öz varlığımızı qloballaşan dünyamızda məhz milli-mədəni sərvətlərimizlə qoruyub saxlaya bilərik. Buna görədir ki, muxtar respublikada yallılarımızın, ümumən, milli mədəniyyətimizin yaşadılması, tədqiqi və təbliği istiqamətində tədbirlərin görülməsi hər kəs tərəfindən rəğbətlə qarşılanır. İstərdik ki, ölkəmizin hər guşəsində xalq yaradıcılığına, o cümlədən milli birlik rəmzi olan yallılarımıza diqqət göstərilsin. Azərbaycanın bu qədim elində yaşayan insanlar əmindirlər ki, birlik olan yerdə dirilik, dirilik olan yerdə isə dövlətçilik var, inkişaf var... Ölkə və xalq olaraq mövcudluğumuzun məhz milli birlikdən keçdiyinə inanaq və yallılarımızı yaşadaq. Qərbin “timbirlinq”inə deyil, elə öz yallılarımıza aludə olaq. Bunun üçün gərək insanlarımız yeri gələndə əl-ələ verib yallı getməyi bacarsın, bu ulu mirası yaşatsın.
Əziz oxucular, indi özünüz qərar verin: qərblinin birlik nümayiş etdirmək üçün yeni “icadı” olan “timbirlinq”mi, yoxsa xalqımızın min illər öncə yaradıb yaşatdığı yallılarımızmı?...
Səyyar Məmmədov
Naxçıvan MR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.7.