“Qərbi Azərbaycan yaddaşı”
“Qərbi Azərbaycan yaddaşı” layihəsinin əsas məqsədi hazırda Ermənistan Respublikasının nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, adları dəyişdirilən yaşayış məskənlərimizin mədəni irsini və yaddaşını elektron daşıyıcılara həkk etmək, ötən yüzillikdə 4 dəfə erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında evlərini tərk etməyə məcbur olmuş insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
Bu barədə layihənin ideya müəllifi, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli məlumat verib.
Layihə Qərbi Azərbaycan İcması və “Sinam” şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki dəstəyi ilə həyata keçirilir.
Alim bildirib ki, GoMap.Az portalı vasitəsilə həyata keçirilən bu layihənin əsas özəlliyi ondadır ki, Qərbi Azərbaycan ərazisindəki adları dəyişdirilmiş 1000-dən artıq toponimimiz (yaşayış məskənləri, tarixi yerlər, dağ zirvələri, göllər, çaylar və bulaqlar) öz tarixi adları ilə verilir və tarixi yaddaşı bərpa etmək üçün Qərbi Azərbaycan İcmasının və bu bölgə ilə əlaqədar olan bütün soydaşlarımızın səylərini birləşdirir. Layihə XX əsr ərzində bir neçə dəfə öz tarixi yurdlarından qovulmuş soydaşlarımıza bir daha (hələlik virtual da olsa) o yerlərə səyahət etmək, Qərbi Azərbaycanda yaşadıqları şəhər və kəndlərdəki ünvanlarını paylaşmaq, həmin yerlərlə bağlı fotoları dərc etmək və itirilmiş insani əlaqələri bərpa etmək imkanı verir.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.6.