Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın yeni ildə ilk
toplantısı
Şuranın tərkibində dörd işçi qrupu yaradılıb
Yanvarın 12-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına həsr olunan toplantısı keçirildi.
İctimai Şuranın sədri Gəray Əlibəyov iştirakçıları salamlayaraq görüşün həm də hesabat xarakteri daşıdığını diqqətə çatdırdı və şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verdi.
Bildirildi ki, 2022-ci ildən İctimai Şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərəcək. Aktyor və rejissor, Xalq artisti Vidadi Həsənovun rəhbərlik etdiyi işçi qrupu ölkəmizdəki özəl teatrların fəaliyyəti və inkişafına dəstək məqsədilə yaradılıb. Mart ayında işçi qrupu özəl teatrların festivalını təşkil edəcək.
Digər işçi qrupa aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Bu dərslər orta məktəbdə müxtəlif sənət sahələri üzrə qabiliyyət imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Layihənin məqsədi regionlarda olan istedadlı uşaqları aşkar etməkdir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik edəcəyi üçüncü işçi qrupunun fəaliyyəti mədəni irsimizlə bağlıdır. Beynəlxalq əlaqələr üzrə nəzərdə tutulan qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu qrup mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əməkdaşlığı əhatə edəcək.
Sonra qrupların rəhbərləri iş planlarını təqdim etdilər. Azad Şükürov diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət tələb edən bədii təhsil ocaqları ilə danışıqlar aparılıb. Qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır: “Çox zaman belə gənclər hara müraciət edəcəklərini bilmirlər. Bu səbəbdən də bölgələrdə görüşlər keçirilərək istedadlı gənclərə universitetlərə daxil olmaq üçün bütün məqamları izah etməyi düşünürük. Həmçinin yaxşı olardı ki, bölgələrdə yaşayan mədəniyyət xadimləri ilə də görüşlər keçirilsin. Bu, onların öz təcrübələrini bölüşməyə və bölgələrdə teatrların canlanmasına səbəb olardı. Biz istedadlı, qabiliyyətli gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”.
Cahangir Səlimxanov mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıqda üzərində durulası məqamlardan söz açdı və fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşdü. Günel Seyidəhmədli mədəni irsimizin qorunması istiqamətində araşdırmaların aparılmasının vacibliyini vurğuladı. Xalq artisti Vidadi Həsənov özəl teatrların nəzərdə tutulan festivalının teatr problemləri, görüşlər, ustad dərslərini əhatə edəcəyini bildirdi.
Toplantıda iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, İctimai Şuranın əsas fəaliyyəti bu problemlərin aradan qaldırılmasına təkan verməlidir. Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı isə işçi qrupunun təqdim etdiyi iş planı ilə bağlı fikir və təkliflərini bildirdi.
İctimai şuranın üzvlərindən Rauf Zeyni işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Bəyimxanım Verdiyeva çıxışında şuranın televiziyalarla əməkdaşlığının vacibliyini, gənclərin maarifləndirilməsi, məktəblərdə teatr dərnəklərinin, mədəni inkişafa təkan verəcək layihələrin reallaşmasının əhəmiyyətini qeyd etdi. Şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirən Mədəniyyət Nazirliyi Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov qeyd etdi ki, hər hansı nəzarətin sonunda nəticə olmalıdır: “İctimai Şura ilə birgə əməkdaşlıq problemlərin həll yolunun tapılmasında kömək ola bilər. Vətəndaşlar fəaliyyətimizdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, əməkdaşlıq nəticəsində problemlərin öhdəsindən gələ biləcəyik”.
Daha sonra toplantı müzakirələrlə davam etdi.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura 2021-ci ilin iyulunda formalaşıb. Şura doqquz üzvdən ibarətdir.
L.Azəri
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.1;3.