Ölkəmiz Qətərdə beynəlxalq
kitab sərgisində təmsil olunur
Yanvarın 13-də Qətərin paytaxtı Doha şəhərində 31-ci Beynəlxalq Kitab Sərgisi işə başlayıb. Dünyanın 37 ölkəsinin təmsil olunduğu sərgidə Azərbaycan da iştirak edir.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə ölkəmizə dair ekspozisiya qurulub. Ekspozisiyada Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb.
Ölkəmizin stendində Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı sərəncamına müvafiq olaraq dahi şair və mütəfəkkirin nəfis tərtibatda nəşr edilmiş “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərində nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr edilmiş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərə həsr olunmuş kitablar nümayiş olunur.
Sərginin açılışına Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov sərgidə iştirak edirlər.
Qətər Mədəniyyət Nazirliyinin himayəsi ilə keçirilən sərgi yanvarın 22-dək davam edəcək.
Qətərin paytaxtı beynəlxalq
kitab sərgisinə ilk
dəfə 1972-ci ildə ev sahibliyi edib. 2002-ci ilədək
sərgi iki ildən bir
təşkil edilib, ondan
sonra hər il keçirilir. 2010-cu ildən başlayaraq
hər sərginin fəxri qonaq ölkəsi
olur. 31-ci Doha Beynəlxalq
Kitab Sərgisinin fəxri
qonağı ABŞ-dır.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.1.