Səhnə, sənət kamı
– həyat nakamı
Ülvi Rəcəb
Azərbaycan səhnəsinin parlaq
simalarından olub
Azərbaycan səhnəsinin unudulmaz sənətkarlarından söz düşəndə ilk xatırlananlardan biri də Əməkdar artist Ülvi Rəcəbdir. Aktyor sənət və həyat üçün ötəri hesab olunan yaşda, ömrünün 35-ci ilində repressiya qurbanına çevrilsə də, zəngin sənət mirası yaradıb, sənətin şöhrət zirvəsinə yüksəlib.
Ülvi Molla Rəcəb oğlu Şaşıqzadə 9 yanvar 1903-cü ildə Gürcüstanın Batumi şəhəri yaxınlığındakı Canivri kəndində dünyaya gəlib. Milliyyəti acar olan Ülvinin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindəndir.
Atası Ülvini oxumaq üçün Türkiyəyə yola salır. O, İstanbul şəhərində yaşayan xalasının yanında qalır. Həmin ərəfədə atası vəfat edir. Bu dövrdə həm də I Dünya müharibəsi (1914-1918) başlamışdı. Ailənin maddi vəziyyəti çətinləşir və Ülvi təhsilini yarımçıq qoyaraq işləməyə başlayır.
Ülvi Rəcəb 1918-ci
ildə Batumi şəhərinə
qayıdır, teatrla maraqlanır. Şəhərdəki
teatr kollektivlərindən biri
ilə əməkdaşlıq edir. Bu ərəfədə Azərbaycanın
tanınmış səhnə xadimi Hüseyn Ərəblinski öz
truppası ilə Batumiyə gəlir. “Artistlər Cəmiyyəti”nin
zalında “Otello” tamaşasını
göstərir. 15 yaşlı Ülvi Rəcəb
də tamaşaya baxırdı. H.Ərəblinskinin
Otello obrazında
çıxışı gənc teatr həvəskarının
xoşuna gəlir. Tamaşanın nümayişi başa çatandan sonra H.Ərəblinski
ilə görüşür, istəyini ona bildirir. Ülvi
həmin qastrol zamanı xəstələnən
aktyorları əvəz edir. Hətta “Arşın
mal alan” operettasında Soltan bəy rolunda səhnəyə çıxır.
Üzərinə düşən işin
öhdəsindən bacarıqla
gəlir. Onun ifasından
H.Ərəblinski də
məmnun qalır və Ülviyə “Sən gələcəkdə
böyük aktyor olacaqsan” deyir.
Araşdırmalarda bildirilir ki, Ülvi Rəcəb 20 yaşında Tiflis Azərbaycan
Teatrının aparıcı
aktyorlarından olub. Yaratdığı obrazlar lirik, romantik üslubu ilə tamaşaçıların
diqqətini çəkib.
Teatrda tamaşaya qoyulan “Otello”da Otello, “Qaçaqlar”da Dərviş , “Şeyx Sənan”da Şeyx, “İblis”də İxtiyar,
“Arşın mal alan”da
Soltan bəy və başqa rollarda çıxış
edib. Həmin dövrdə teatrın
quruluşçu rejissoru
olan Aleksandr Tuqanov Ülvi Rəcəbin potensialını
yüksək qiymətləndirib.
Onu baş rollarda görmək istədiyini bildirib. Beləliklə, bu gənc aktyor Abbas Mirzə
Şərifzadədən sonra
Hüseyn Cavidin əsərlərinin tamaşasında
aparıcı obrazları
yaradan aktyorlardan biri kimi tanınıb.
Teatrşünas, professor İlham Rəhimli
Ülvi Rəcəbin
sənət yolu barədə araşdırmasında
yazır: “Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Əməkdar artist Ülvi
Rəcəb olub.
Tiflis Azərbaycan Teatrından
başlanan bu ənənəni o, 1925-ci ildən
1937-ci ilə qədər
Bakıda Milli Dram Teatrının səhnəsində
müxtəlif quruluşlarda
daha böyük sənətkar vüsəti
ilə canlandırıb...”.
1924-cü
ildə Bakıya dəvət olunan A.Tuqanov Akademik Milli Dram Teatrına baş rejissor təyin edilir. Bir müddət sonra Ülvi Rəcəbi öz yanına dəvət edir. Gənc aktyorun oynadığı
ilk böyük rol
Hamlet olur. Qeyd edək
ki, o, Hamlet rolunu həm A.Tuqanovun (1926), həm də Sergey Mayorovun (1933) quruluşlarında
oynayıb. Gənc aktyor
teatrda eyni zamanda A.M.Şərifzadənin
dublyoru kimi çıxış edib.
Ülvi Rəcəb səhnədə faciəvi, dramatik və mürəkkəb psixoloji personajlarla yanaşı, lirik qəhrəmanları da məharətlə oynaya bilib. Roldan-rola dəyişməyi özünəməxsus şəkildə bacaran aktyor Azərbaycan və Avropa dramaturqlarının əsərlərində yaratdığı obrazlarla tamaşaçıların qəlbində silinməz iz qoyub.
Sənətkarın V.Şekspirin “Romeo və Cülyetta” əsərinin tamaşasında Romeo rolunda çıxışı Milli Dram Teatrının ən parlaq baş qəhrəmanı kimi tarixiləşib. Azərbaycan aktyorları arasında “psixoloji teatr” istiqamətinin əsasını qoyanlardan biri də Ülvi Rəcəb olub. Onun C.Cabbarlının “Sevil” tamaşasında yaratdığı Balaş rolu da sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib. Tamaşada SSRİ Xalq artisti Mərziyyə Davudova ilə tərəf-müqabil olaraq parlaq sənət örnəyi yaradıblar.
İstedadlı aktyorun yaradıcılığı yüksək qiymətləndirilir. O, 1933-cü ildə, 30 yaşında “Əməkdar artist” fəxri adına layiq görülür...
Azərbaycanda da mədəniyyətin, ziyalılığın məhv edilməsini qarşıya məqsəd qoyan 30-cu illərin repressiya bəlası istedad sahiblərini haqlamışdı. “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayında dərc edilən məqalədə “Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli” kimi hökm böyük zəlalətin qapını kəsdirməyindən xəbər verirdi. Məqalədə “düşmənlərin” siyahısında Əməkdar artist Ülvi Rəcəbin də adı çəkilmiş, haqqında belə yazılmışdı: “Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur...”.
Beləliklə, milli teatrımızın görkəmli sənətkarı Ülvi Rəcəb 1937-ci ildə “xalq düşməni” adı ilə həbs edilir. Yaradıcılığının ən bəhrəli çağını yaşayan aktyor 1938-ci il yanvarın 2-də Bakıda güllələnir. Səhnə-sənət kamına çatan həyat nakamı Ülvi Rəcəbə ölümündən 18 il sonra, 1956-cı ildə bəraət verilir...
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.6.