“Min bir
gecə” yenidən
Neva sahilində
Sankt-Peterburq
şəhərində Fikrət
Əmirovun yubiley ilinin ilk tamaşası
Bu il dünya
şöhrətli Azərbaycan
bəstəkarı Fikrət
Əmirovun 100 illik yubileyi ölkəmizdə
və xaricdə təntənə ilə qeyd olunacaq. Dahi musiqiçinin 100 illiyi
UNESCO-nun yubileylər proqramına
daxil edilib.
Fikrət Əmirovun dünya musiqi xəzinəsinə bəxş etdiyi ən böyük inci “Min bir gecə”
baletidir. Müxtəlif ölkələrin səhnələrini fəth
edən balet 2020-ci ildə həmvətənimiz,
Rusiyanın Əməkdar
incəsənət xadimi,
Mariinski Teatrının
Primorsk filialının
(Vladivostok şəhəri) balet truppasının bədii rəhbəri Eldar Əliyevin quruluşunda yenidən səhnələşdirilib və
müxtəlif şəhərlərdə,
festivallarda nümayiş
olunur.
22-23 yanvar tarixlərində
Sankt-Peterburq şəhərində,
Mariinski Teatrının
yeni səhnəsində
Azərbaycanın və
SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı
Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə
“Min bir gecə” baleti nümayiş olunacaq. Tamaşa Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub
Quliyevin dirijorluğu ilə Mariinski Teatrının Primorsk truppasının ifasında
təqdim ediləcək.
“Min bir gecə” baleti yeni quruluşda
Mariinski Teatrının
bədii rəhbəri
və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin təşəbbüsü ilə
səhnələşdirilib. Tanınmış baletmeyster Eldar Əliyevin quruluş verdiyi tamaşa ilk dəfə 2020-ci ilin 14 avqustunda “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalının açılış
günü göstərilmiş
və əsər
festival çərçivəsində ümumilikdə dörd dəfə nümayiş olunmuşdu.
Bundan sonra,
2021-ci ilin yanvarında
Rusiyanın əsas balet səhnəsində –
Mariinski Teatrının
özündə Fikrət
Əmirovun sənət
incisi dörd gecə alqışlandı. “Min bir gecə” Mariinski Teatrının Primorsk filialının
Sankt-Peterburqa qastrol proqramı çərçivəsində
15, 16, 17, 18 yanvar tarixlərində
təqdim edildi və şəhərin ən əlamətdar mədəni hadisələrindən
birinə çevrildi.
2021-ci ilin mayında Kazan şəhərində keçirilən
Rudolf Nureyev adına
XXXIV Beynəlxalq Balet
Festivalı da Eldar Əliyevin quruluşunda “Min bir gecə” baleti ilə açılmışdı.
Beləliklə, Fikrət Əmirovun yubiley ilinin ilk böyük sənət
nümayişi də Sankt-Peterburq
şəhərində gerçəkləşəcək. Böyük bəstəkarın ecazkar musiqisi məşhur
həmyerlimizin xoreoqrafik quruluşunda
yenidən Mariinski Teatrının səhnəsini
fəth edəcək. Onu da
qeyd edək ki,
tamaşanın səhnə tərtibatında rəssam Pyotr Okunev rəngkarlıq
dekorasiyalarını videoproyeksiyalarla
uzlaşdırıb.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.1.