Verdinin “Traviata”sı yeni Alfredlə səhnəyə çıxır
Ramil Qasımov: “İnanıram ki, debüt ifamla dinləyici rəğbətini
qazanacağam...”
Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkar Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” əsəri əsasında yazılan məşhur opera Parisin kübar təbəqəsindən Violetta adlı gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir. Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Akademik Opera və Balet Teatrının solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq.
Baş rollarda Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər. Digər rolları Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D’ Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) ifa edəcəklər. Tamaşanın dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Dünya opera
teatrlarında ən çox səhnələşdirilən
əsərlərdən olan “Traviata”da debüt edəcək Ramil
Qasımov ürək sözlərini belə ifadə edib: “Hər bir opera tamaşasında çıxış etmək
mənim yaradıcılığımda yeni
nailiyyətdir. Bu gün
ölkəmizdə klassik vokal
sənətinin təbliği və inkişafı üçün geniş
zəmin yaradılıb və qürur hissi ilə deyə bilərəm ki, mən də bu yolda əlimdən gələni edirəm. “Traviata” dahi Cüzeppe Verdinin əsərləri
xüsusilə seçilən və İtaliya
musiqisində əbədi olaraq iz qoymuş klassik operalardandır. Xeyli
müddətdir ki, xüsusi
müəllim ilə italyan dilini öyrənirəm. Klassik vokal
sənətinə hər zaman ciddi yanaşmaq
və daha ciddi məşğul
olmaq tələb olunur.
İtalyan dilini
öyrənməyim ifamın mükəmməlləşməsi,
obrazların daxili aləmini daha yaxından anlamaq, qəhrəmanların
hiss və həyəcanını istənilən
səviyyədə ifadə edə bilmək
baxımından çox vacibdir.
Alfred çox fərqli
və özünəməxsus koloritli
obrazdır. Mən də öz növbəmdə
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti kimi
rolumun öhdəsindən gəlməyə
çalışıram. İnanıram ki,
debüt ifamla dinləyici
rəğbətini qazanacağam. Tamaşanın dirijoru Fəxrəddin
Kərimovun çox məsuliyyətli və
qızğın məşqləri hər birimizə böyük şövq verir və bunu tamaşada mənimlə tərəf-müqabil
olan bütün sənət
dostlarım təsdiq edə bilərlər. Fürsətdən
istifadə edərək teatrımızın bütün
yaradıcı və texniki heyətinə
uğurlar arzulayıram”.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.5.