Xalq artistininTale yazısı”

 

Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş kitabın təqdimatı

 

 

 

Yanvarın 17-də Bakı Kitab Mərkəzində tanınmış aktyor, Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuşTale yazısı” kitabının təqdimatı keçirildi. Kitabın müəllifi teatrşünasdramaturq Çingiz Ələsgərlidir.

Təqdimatda mədəniyyət xadimləri, sənətkarın həmkarları və dostları iştirak edirdi.

Əvvəlcə çıxış edən müəllif kitabda Cəfər Namiq Kamal yaradıcılığını araşdırmağa çalışdığını söylədi. Bildirdi ki, nəşrdə aktyorun teatr yaradıcılığı ilə yanaşı televiziya tamaşalarında yaratdığı obrazlar da əhatə olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov çıxış edərək aktyorun təzadlı obrazlar qalereyasından söz açdı. Dedi ki, o, Dövlət Gənc Tamaşaçılar Teatrından sonra Akademik Milli Dram Teatrında da fərqli obrazlar yaradaraq öz sənətini sübut edib.

Xalq artisti Bəsti Cəfərova aktyorla Milli Dram Teatrının səhnəsində tərəf-müqabil olduğu tamaşalardan bəhs etdi: “Cəfər Namiq Kamal 1996-cı ildə bizim teatra gələndən onunla müxtəlif obrazlar yaratdıq. Bizim ilk duetimiz İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” pyesinin tamaşasında oldu. Bu tamaşa 18 il teatrın repertuarında yer aldı...”.

Xalq artisti Tariyel Qasımov bildirdi ki, Cəfər Namiq Kamalın böyüklüyü səmimiliyindədir. Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli və başqaları çıxış edərək 70 illiyinə həsr olunmuş kitabın işıq üzü görməsi münasibətilə yubilyarı təbrik etdilər. Ssenarist, rejissor Şərif Qurbanəliyev və ssenarist, dramaturq Əhməd Orucoğlu aktyorla yaradıcılıq əlaqələrindən maraqlı anları, müzakirə və sənət mübahisələrini dilə gətirdilər.

Aktyorun qardaşı, Xalq artisti İlham Namiq Kamal bildirdi ki, kitabda Çingiz Ələsgərli Cəfərin ən kiçik rollardan tutmuş böyük rollarına qədər bütün yaradıcılığını tədqiq edib: “Buna görə ona təşəkkürümü bildirirəm”.

Çıxışlardan sonra Cəfər Namiq Kamal Bakı Kitab Mərkəzinə və tədbirə qatılan hər kəsə təşəkkürünü ifadə etdi.

Qeyd edək ki, kitabda maraqlı başlıqlar altında aktyorun bu günuğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, canlandırdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri,  başına gələn məzəli hadisələr, haqqında mətbuatda çap olunmuş resenziyalardan parçalar, fotolar və xatirələr toplanıb. Kitab geniş oxucu kütləsi, həmçinin aktyorluq, rejissorluq və teatrşünaslıq sahələri üzrə təhsil alan tələbələr üçün də maraqlı olacaq.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 19 yanvar.- S.5.