Şuşa İli”ndə Şuşadan ilk reportaj

 

Pənahəli xanın təməlini qoyduğu Şuşa qala-şəhərinin bu il 270 yaşı tamam olur. Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşa 28 illik barbar istilasından sonra artıq ikinci ildir azad həyatını yaşayır. Prezident İlham Əliyev tərəfindən elan edilənŞuşa İlişəhərin tarixində xüsusi mərhələ olacaq. AZƏRTAC-ın bölgə müxbiriŞuşa İli”ndə mədəniyyətimizin paytaxtından ilk reportaj hazırlayıb.

 

Şuşa bir qış səhərində qonaqları yanvar ayına xas olmayan günəşli hava ilə qarşılayır. Elə ilk anlardan quruculuq işləri diqqəti cəlb edir. İnfrastrukturun qurulması ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının, tarix mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Pənahəli xanın sarayının, xan qızı Natəvanın, dahi Üzeyir Hacıbəylinin, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərinin, qədim məhəllələrdəki məscidlərin, Şirinsu hamamının, digər tikililərin erməni vandalizminə məruz qalaraq dağıdılmış görkəmi ürəyi dağlasa da, tarixi mədəniyyət abidələrində bərpa işləri bizi sevindirir. Şuşa işğaldan azad edildikdən sonraXan qızıbulağı bərpa edilib.

Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa yenidənqurma işləri görülüb. Şəhərdə Üzeyir Hacıbəylinin heykəli və Molla Pənah Vaqifin büstü qoyulub. Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati bina müasir şəkildə yenidən qurulur.

 

Xalq artisti Bülbülün erməni barbarlığına məruz qalmış ev-muzeyi ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən Polad Bülbüloğlunun bilavasitə iştirakı ilə bərpa edilib. Muzeyin direktoru – əslən Şuşadan olan Fəxrəddin Hacıbəyli söhbət zamanı illərdir həsrətində olduğu baba yurduna gəlişi, muzeyin fəaliyyəti, mədəniyyət paytaxtımızın inkişafı ilə bağlı fikirlərini bizimlə bölüşür: “Mən Şuşada doğulmasam da, babam, nənəm buralıdırlar. Mərdinli məhəlləsində çörəkçi Muxtarın nəvəsiyəm. Şuşa mənim doğma yurd yerimdir. İllərdir Qarabağımızın, Şuşamızın həsrəti ilə yaşamışıq. Odur ki, ilk dəfə Şuşaya gələrkən hansı hisslər keçirdim, onu ifadə edə bilmirəm. Bu şəhərdə ata-baba yurdum var. Bu torpaq mənim üçün əzizdir. Bunlar adi hisslər deyil. Elə duyğular var ki, onu sözlə ifadə etmək olmur...”.

F.Hacıbəyli Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək bildirir ki, Şuşa təkcə şuşalılar, qarabağlılar, azərbaycanlılar üçün deyil, bütün Türk dünyası üçün dəyərli bir şəhərdir. 2022-ci ilinŞuşa İlielan edilməsi mədəniyyətimizin beşiyi, Qarabağımızın incisi sayılan Şuşanın inkişafına böyük təkan verəcək. Dünya 2022-ci ildə mədəniyyət paytaxtımızda baş verən möhtəşəm hadisələrin şahidi olacaq. Bu baxımdan 2022-ci ilinŞuşa İlielan olunması həm də mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, muğam sənətimizi dünyaya bəyan etməkdir.

... Axşam düşür. Şuşada vaxt sanki daha tez keçir. Bu torpağın, bu şəhərin sanki bir sehri, möcüzəsi var. İnsan buradan ayrılmaq istəmir. Ancaq bir daha qayıtmaq üçün ayrılırıq. Ümid edirik ki, dağlar qoynundakı bu gözəl şəhərə növbəti səfərimizdən daha böyük təəssüratlarla dönəcəyik.

 

 

Mədəniyyət.- 2022.- 19 yanvar.- S.4.