İlin ilk muğam axşamı
Şirulla İmanovun
xatirəsi yad edilib
Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış tarzən və xanəndə Şirulla İmanovun (1909-1976) anadan olmasının 113-cü ildönümü münasibətilə xatirə gecəsi keçirildi.
Yanvarın 13-də gerçəkləşən xatirə gecəsində Xalq artistləri, tarzənlər Vamiq Məmmədəliyev, Ramiz Quliyev unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər. Onun vaxtilə Opera və Balet Teatrının səhnəsində oynadığı rollardan söz açıldı. Vamiq Məmmədəliyev Şirulla İmanovun bölgələrdəki konsertləri və Bakı kəndlərindəki toy şənliklərində çıxışları, məclislərdə həm tarzən, həm də xanəndə kimi şux ifalarını yada saldı. Bildirdi ki, məhz Şirulla İmanovun qoyduğu ənənədən sonra tarzən-xanəndə kimi çıxış edənlərin sırası genişləndi.
Tədbirin bədii hissəsində Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Səbuhi İbayev , Səbuhi Cəfərov (tarzən) və Rəşad İbrahimov (tar), xanəndə Səbinə Ərəblinin ifaları təqdim edildi. İfaçıları Rəşad İbrahimovun rəhbərliyi ilə BMM-in muğam ansamblı müşayiət edirdi.
Sonda tarzənin nəvəsi, jurnalist Vüqar İmanov çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərən Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda keçirilən konsertlərdə uğurlu çıxışları ilə musiqisevərlərin rəğbətini qazanıb. Tarzənin bacarığını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli opera tamaşalarında tar ifaçılığını ona həvalə edib. Ş.İmanov böyük səhnədə ilk dəfə 1916-cı ildə “Tağıyev teatrı”nda dövrün korifey sənətkarlarının iştirakı ilə səhnəyə qoyulan Z.Hacıbəyovun “Aşıq Qərib” və 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operasında tarzən kimi çıxış edib. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacağına inanır. Bir neçə ildən sonra o, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. Yuxarıda adları çəkilən əsərlərlə yanaşı, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında da həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanıb.
Lalə
Mədəniyyət.- 2022.- 19
yanvar.- S.5.