Yaradıcılıq zəminli
görüşlər
Mədəniyyət nazirinin
birinci müavini gənc
teatr sənətçilərini, habelə
bəstəkar və musiqişünasları dinləyib
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yanvarın 13-də gənc teatr xadimləri ilə görüş keçirib. Görüş Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) baş tutub.
Əvvəlcə ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətovla birlikdə burada fəaliyyət göstərən yaradıcılıq laboratoriyasına, Mustafa Mərdanov səhnəsinə baxış keçirilib.
Nazirin birinci müavini Elnur Əliyev paytaxtdakı həm dövlət, həm də özəl teatrlarda çalışan gəncləri bir arada görməkdən məmnunluq duyduğunu vurğulayıb. Mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə nazirlik tərəfindən aparılan islahatlardan danışan Elnur Əliyev bu sahənin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması üçün yaradıcı gənclərin dəstəyinə ehtiyac duyulduğunu bildirib. O, həmçinin teatr sənətçilərinin intellektual potensialını, ixtisas bacarıqlarını inkişaf etdirmək üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərin, ustad dərslərinin əhəmiyyətini diqqətə çatdırıb.
Gəncləri prosesdə aktiv iştirak etməyə səsləyən Elnur Əliyev daha sonra sözü onlara verib. Gənc teatr aktyorları, rejissorlar və teatrşünaslar Azərbaycan teatrının bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Onlar teatrın inkişaf etməsi, qlobal arenaya çıxması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini nazirliyin nümayəndələrinə təqdim ediblər.
Görüşün sonunda Elnur Əliyev gənclərə yaradıcı fəaliyyətdə uğurlar arzulayıb.
***
Nazirin birinci müavini Elnur Əliyevin yaradıcılıq zəminli daha bir görüşü yanvarın 14-də bir qrup bəstəkar və musiqişünasla keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin də iştirak etdiyi görüşdə gələcək layihələr, qarşıda duran hədəflər, mövcud problemlər geniş müzakirə olunub.
Elnur Əliyev həmçinin çıxışında Mədəniyyət Nazirliyinin yaradıcı yönlü təkliflərə açıq olduğunu, birgə əməkdaşlığın səmərəli olacağını xüsusi qeyd edib.
Bu qəbildən
görüşlərin davamlı olması nəzərdə tutulur.
Mədəniyyət.- 2022.- 19
yanvar.- S.5.