Layihəyönlü fəaliyyət

 

İdarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsinə xidmət edəcək

 

 

 

Mədəniyyət Nazirliyi layihəyönlü fəaliyyətə başlayır.  Layihəyönlü fəaliyyətin məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu sözləri yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi daxilində layihəyönlü idarəçiliyə keçid və 2022-ci il üçün nəzərdə tutulmuş layihələrlə bağlı təqdimatdan öncə jurnalistlərə açıqlamasında bildirib.

 

Elnur Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır: “İstəyirik ki, bunu nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Həmçinin nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın mədəniyyət tarixindən, ədəbi və irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın özəyi olan dəyərlərin və fikirlərin davamlılığı təmin edilsin. Ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə idarəçiliyi yanaşmasıdır. Bununla bağlı artıq bütün sənədlər hazırlanıb və deyə bilərəm ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin tarixində belə bir yanaşmanın tətbiqinə başlanılıb. Bundan sonra bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsilə həyata keçirəcəyik”.

 

Layihə idarəçiliyinin üstünlükləri barədə məlumat verən Elnur Əliyev bildirdi ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir. Layihə yanaşması verilən resurs məhdudiyyətləri çərçivəsində bu məqsədlərə nail olmaq üçün ən səmərəli yoldur. Bizbunun tətbiqinə çalışırıq. Bunun nazirlik sistemində əlavə üstünlükləri də var. Bu yanaşma nazirlik çərçivəsində koordinasiyanı, yəni şöbələrin bir-biri ilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən, layihə yanaşması kadr potensialının gücləndirilməsi üçünvacib bir mərhələdir. Belə ki, əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da, təbii ki, bizim strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının inkişafı baxımından çox vacib addımdır”.

 

Nazirin birinci müavini bu gün təqdim edilən proses və prosedurların hələlik nazirlikdaxili layihələrə aid olduğunu söylədi. O, həmçinin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı da layihəyönlü etmək istədiklərini diqqətə çatdırdı: “Bu istiqamətdə də aparılır və yaxın zamanlarda onun meyarları da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyində idarəçiliyi təkmilləşdirək. İdarəçiliyin ilk mərhələsi, təbii ki, daxili idarəçilikdir. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunanbu fəaliyyətdə iştirak edən tərəflər o layihədən xəbərdar olacaqlar. Layihəyönlü fəaliyyətin vacib mərhələsi isə layihə sənədidir. Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu sənəd bütün tərəflərlə müzakirə ediləcək. Bu eyni zamanda ümumi koordinasiyanı gücləndirəcək, şəffaflıq yaradacaq”.

 

Elnur Əliyev dedi ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var: “Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki bizim cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub”.

 

Daha sonra Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı keçirildi.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 19 yanvar.- S.3.