Tarixin qan
yaddaşı: yerlərdə anım tədbirləri
1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı birləşmələrinin xalqımıza qarşı həyata keçirdiyi misli görünməmiş qırğınların 105-ci ildönümü ilə bağlı yerlərdəki mədəniyyət müəssisələrində anım tədbirləri təşkil olunub, soyqırımının ağır nəticələrindən danışılıb.
Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Tarixin qan yaddaşı: Mart soyqırımı” adlı tədbir keçirilib. İştirakçılar “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı sərgiyə baxıblar.
Ağstafa Dövlət Rəsm Qalereyasında “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır”, Qazax rayon Mədəniyyət Mərkəzində “Soyqırımı dəhşətlərini unutmayın!” mövzularında tədbirlər keçirilib.
Tovuz rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ermənilər tərəfindən xalqımıza qarşı iki əsrə yaxın bir dövrdə yeridilən soyqırımı siyasəti barədə məlumat verilib.
Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbində sərgi, Masallı rayon Heydər Əliyev Mərkəzində isə tarix dərsi keçirilib.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən anım tədbiri keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı RMİ, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə ötən əsrin əvvəllərində erməni quldur dəstələrinin xalqımıza qarşı törətdiyi qırğınlar haqqında məlumat verilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdaş nümayəndəliyi ilə birgə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil olunub. Soyqırımının tarixindən və ağır nəticələrində söz açılıb, Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla faciəyə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsi F.Salmanov adına şəhər tam orta məktəbinin şagirdləri ilə birlikdə “Bir əsrə sığmayan zülm” adlı tədbir təşkil edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xatirə Muzeyində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət” mövzusunda açıq dərs keçirilib.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən “31 Mart – tariximizin qanlı salnaməsi” adlı tədbirdə qətliamları əks etdirən materiallar əsasında sərgi nümayiş olunub. Bu faciənin unudulmaması, gəncliyin bu istiqamətdə maarifləndirilməsi işinin zəruri olduğu diqqətə çatdırılıb.
Şəki şəhər Heydər Əliyev Mərkəzi və Şəki MKS-nin 9 nömrəli kitabxana filialının təşkilatçılığı ilə anım tədbiri keçirilib. Çıxışlarda qeyd olunub ki, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində üzə çıxmış tarixi faktlar ermənilərin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib.
İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd kitabxanası “31 Mart soyqırımını unutma!” başlığı altında kompozisiya təşkil edib.
Gəncə şəhər Uşaq incəsənət məktəbində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm, Goranboy Dövlət Rəsm Qalereyasında isə foto sərgiləri təşkil edilib.
Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və mədəniyyət işçiləri tərəfindən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Sabirabad rayonunda ucaldılan “Kədərli ana” abidə kompleksi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “Soyqırımı dəhşəti rəsmlərdə” adlı sərgi təşkil olunub.
N.
Məmmədli
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.4.