“Ozan-aşıq sənəti və ədəbiyyatı”
kitabı işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti və ədəbiyyatı” kitabı işıq üzü görüb. Görkəmli folklorşünas alim, aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir.
Əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən kitab 34 çap vərəqi həcmindədir və “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri”, “Aşıq ədəbiyyatı” bölmələrindən ibarətdir.
Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur.
Professor M.Qasımlının da qeyd etdiyi kimi, sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməməsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdı. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovet İttifaqındakı Azərbaycan aşıq sənətini öyrənmişlər. Bu sənətin qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edib.
Bu, müəllifin kitaba yazdığı ön sözdə də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.
Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.
Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.6.