Arazın gileyini qələmə
alan şair
“...Qalır bir tərəfdə zülmkar, yağı,
Deyirlər sən böldün
ana torpağı”
Sovet dövrü
Azərbaycan poeziyasının
tanınmış nümayəndələrindən
biri də Xalq şairi Məmməd Rahim
(1907-1977) olub. Əsasən siyasi ideologiyanın
tərənnümçüsü olan şair ideya-bədii məziyyətlərinə
görə seçilən
maraqlı ədəbi
nümunələr də
qələmə alıb.
Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda doğulub. Ədəbiyyata erkən çağlardan
maraq göstərib, bədii yaradıcılığa
1920-ci illərdən başlayıb.
1926-cı ildə “Gənc işçi” qəzetinə və “Gənc qızıl qələm” məcmuəsində
ilk şeirləri dərc
olunub və maraqla qarşılanıb.
“Arzular” adlı
ilk şeirlər kitabı
isə 1930-cu ildə işıq üzü görüb. “Partizanın
tüfəngi”, “Nübar”,
“Vətən sevgisi” və
s. əsərləri onu
qısa vaxt ərzində istedadlı şair kimi tanıdıb.
O, yaradıcılıq axtarışları
ilə günbəgün
epik poeziyaya istiqamətlənib. Araşdırmalarda qeyd edilir ki,
şairin epik janra yönəlməsi onun yaradıcılıq yollarında artıq püxtələşməsi ilə
bağlı olub.
Bu mənada müəllifin
“Döyüş günləri”,
“Şairin xəyalı”,
“Arzu qız”, “Qırx qız”, “Ölməz qəhrəman”
və s. əsərləri
həmin illərin epik şeirinin inkişaf yollarına işıq tutur.
M.Rahim II Dünya
müharibəsi illərində
daha məhsuldar şəkildə yaradıcılıqla
məşğul olub. Qələmə
aldığı “Tək
məzar”, “Neftin dastanı”, “Azərbaycan oğullarına!” , “Haqqın
məhkəməsi”, “Müqəddəs
kədər”, “Sədaqət”,
“Qafqaz ordusu” şeirləri, eləcə
də “Leninqrad göylərində” və
“Ölməz qəhrəman”
poemaları bu mənada diqqətəlayiq
nümunələr kimi,
oxuculara gələcəyə
inam, nikbinlik yaradıb. “Leninqrad
göylərində” poeması
şairin ən uğurlu əsərindən
hesab olunur. Bu əsər həm
də müəllifin
şair kimi istedadının, poetik vüsətinin miqyasını
əks etdirmək baxımından maraqlı
nümunədir. İkinci
Dünya müharibəsinin
qəhrəmanlarından təyyarəçi
soydaşımız Hüseynbala
Əliyevə (1918-1941) həsr
olunan poemanın proloqunda müəllif yazır:
Ömür dedikləri coşqun
çay kimi,
Kükrəyib köpürür, hər zaman gedir.
Ona bel bağlama o qədər də sən,
Bəzən açılmamış gül, bağban gedir...
Ey könül, fürsəti
bada vermə, gəl,
Gün keçir, ay ötür, il yaman
gedir.
Yarat, sən köçəndə
ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.
Şair həyatda yaxşı ad qazananların heç vaxt unudulmayacağını
diqqətə çatdırır.
M.Rahimin Cənubi Azərbaycan həsrətli şeirləri
də maraq doğurur. Məlum olduğu kimi,
ədəbiyyatımızda Araz çayı daha çox Vətəni ikiyə bölən, iki doğma elin qarşısında əsas
maneə kimi mənalandırılıb. Şair isə Araz çayına
fərqli münasibət
bəsləyib. “Arazın şikayəti” şeiri bu mənada
diqqətəlayiq nümunədir?
Arazla bu səhər gəldim üz-üzə,
Axıb
gedən zaman yaşıl bir düzə,
Dedi: “Şairlərdən şikayətim
var.
Mənim çox qəribə hekayətim var”.
Dedim ki: “Nə olub”?
Qövr
etdi dərdi,
Dedi: “El
bir zaman mənə deyərdi:
“– Arazım, Arazım,
axan Arazım!
Sinəsi yadlara qalxan Arazım.
Çağla ki, sən mənim öz vüqarımsan,
Sevincim,
fərəhim, iftixarımsan”!
Dedim ki: “Elədir”,
Gəldi
hiddətə:
“Elədirsə, nədən
bəs qana-qana
Şairlər salırlar məni böhtana!
Qalır bir tərəfdə zülmkar, yağı,
Deyirlər sən böldün ana torpağı”.
Ayrıldığım zaman kədərli çaydan,
Gördüm ki, qardaşım
baxır o taydan...
Şair uşaq və gənclərin də dünyasına xitab edib. Gənc nəslin hərtərəfli
inkişaf etmiş vətəndaş kimi yetişməsi bütün
yaradıcılığı boyu onu düşündürüb.
Bir sıra məqalə və çıxışlarında
uşaq ədəbiyyatının
problemlərini gündəmə
gətirib. Uşaq ədəbiyyatı
yazarlarını səmərəli
fəaliyyətə, əsərlərin
ideya-bədii səviyyəsini
yüksəltməyə çağırıb.
M.Rahim həm də musiqi duyumu olan nəğməkar
şair kimi də tanınıb. Axıcı, həzin lirikasına görkəmli bəstəkarlarımız
Üzeyir Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov və başqaları təkrar-təkrar müraciət
ediblər. Şairin sözlərinə
yazılan nəğmələr
Zeynəb Xanlarova,
Elmira Rəhimova, Məmmədbağır
Bağırzadə və
başqalarının ifalarında
könülləri oxşayıb.
Sənətkar qələmini tərcüməçilik
sahəsində də
sınayıb. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını
(farscadan), Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin
bir hissəsini, A.S.Puşkinin “Ruslan və Lyudmila”, A.Blokun “On ikilər” və s. əsərləri dilimizə
tərcümə edib.
Poeziyamızda öz dəst-xətti
ilə seçilən
Məmməd Rahim 6
may 1977-ci ildə vəfat
edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.6.