Ustad tarzən Əhməd Bakıxanovun xatirəsi
anılıb
Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) xatirəsinə həsr olunmuş tədbir təşkil edilib.
Əvvəlcə qonaqlar Əhməd Bakıxanovun həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi Hafiz Quliyev görkəmli tarzənin Azərbaycan xalq musiqisinin inkişafındakı rolundan danışıb. Qeyd olunub ki, Əhməd Bakıxanov ömrünü muğama, onun tədrisinə, ifaçılıq sənətimizə həsr edib. Sənətkarın Azərbaycan Radiosu nəzdində yaratdığı Xalq çalğı alətləri ansamblı Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələri müşayiət edib, konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin təbliğində onun böyük xidməti var. Ə.Bakıxanovun yaratdığı musiqi rəngləri tar ifaçılığında geniş yayılıb. Musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Tədbir BMM-in solistlərinin ifasında konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.5.