Biləsuvar rayonunda mədəniyyət müəssisələrinə baxış keçirilib

 

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvarda vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

Adil Kərimli rayon Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbələri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına (qəbir abidələri) da baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub.

 

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.4.