Respublika Uşaq
Kitabxanasında uşaq yazarları ilə
görüşlər
Respublika Uşaq Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazıçısı, şair, tərcüməçi, publisist Sevinc Nuruqızı ilə oxucuların görüşü keçirilib.
Tədbirdə həmçinin Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İdarə heyətinin Yunanıstandan olan üzvü xanım Mariya Delaki də iştirak edib.
Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən İBBY-nin üzvüdür.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova gənc nəslin milli-mənəvi dəyərlərə bağlı böyüməsində uşaq ədəbiyyatı sahəsində çalışan ədiblərimizin böyük rolundan, uşaqların şəxsiyyət kimi formalaşmasında mütaliənin önəmindən bəhs edib, Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təbriklərini çatdırıb.
Sevinc Nuruqızı məktəblilərə yeni nəşr olunmuş “Duman pəriləri ŞU-ŞA” kitabının əsas qəhrəmanları haqqında məlumat verib, uşaqlar üçün yazdığı nağıl, hekayə və şeirlərindən danışıb. Məktəblilər müəllifin “Pıçıltı” kitabındakı hekayələrdən ibarət kompozisiya ilə çıxış edib, çəkdikləri rəsmlərini nümayiş etdiriblər.
Azərbaycan Dillər Universiteti Yunan kafedrasının müəllimi, İBBY İdarə heyətinin üzvü Mariya Delaki uşaqlara yunan uşaq ədəbiyyatından “Paltar sancaqları” nağılını Azərbaycan dilinə tərcümə ilə oxuyub, şagirdlərin suallarını cavablandırıb.
Sonda məktəblilərin iştirakı ilə S.Nuruqızının əsərlərinə aid “Breyn-rinq” oyunu keçirilib. Qalib komandaya müəllifin “Pıçıltı” kitabı hədiyyə edilib.
***
Respublika Uşaq Kitabxanasında 144 və 30 saylı tam orta məktəblərin şagirdlərinin uşaq yazarı Mehriban Nağıyeva ilə görüşü keçirilib.
İlk öncə məktəblilər kitabxanada təşkil olunmuş ənənəvi kitab sərgisi ilə tanış olub. Daha sonra kitabxananın oxu zalında şagirdlərin təqdimatında yazıçı M.Nağıyevanın “Lovğa tülkü” və “Paxıl toyuq” nağılları əsasında hazırlanmış kompozisiya təqdim edilib.
Müəllif yeni nəşr
olunmuş “Sunayın rəng
dünyası” kitabından “Zəfər nəğməsi” və
“Xarıbülbül” şeirlərini səsləndirib.
Nağıl kitablarını uşaqlar üçün imzalayıb.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.3.