Aprel döyüşləri yeni zəfərlərə yol açıb

 

Aprelin 4-də Milli Kitabxanada 2016-cı ilin Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar tədbir və elektron məlumat bazasının təqdimatı keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru professor Kərim Tahirov dördgünlük Aprel döyüşlərindən, Ordumuzun göstərdiyi şücaətdən danışıb. Bildirilib ki, Aprel zəfərindən iki il sonra, 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə 11 min hektarlıq ərazi azad olunub, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirilib. 2020-ci ilin iyulunda isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbələr vurulub.

Qeyd olunub ki, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnib, Azərbaycan Ordusu parlaq Zəfər qazanıb.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Aprel döyüşləri” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/aprel_doyusleri/index.html) və “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.2.