Uşaq İncəsənət Festivalının 27 minə yaxın iştirakçısı var

 

Festivalın I mərhələsi aprel-iyun aylarını əhatə edəcək

 

 

Xəbər verdiyimiz kimi, Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin keçirdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat martın 30-da başa çatıb.

Respublikamızda müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsində iştirak üçün şəhər və rayonlardan ümumilikdə 26 768 nəfər qeydiyyatdan keçib. İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılıb.

21 nominasiya üzrə nəzərdə tutulan festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

Üç mərhələdə nəzərdə tutulan festivalın I mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olmuş iştirakçılar festivalın II mərhələsində iştirak etmək hüququ qazanırlar.

Festivalın II mərhələsi iyun-avqust ayında reallaşacaq. Bu mərhələnin qalibləri isə final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Final mərhələsinin keçirilmə yeri, tarixi vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş fəallıq göstərmiş şəhər ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Qeyd edək ki, festivalın əsas məqsədi Ümummilli lider Heydər Əliyevin mədəniyyətə gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. Festivalın əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Bütün iştirakçılara uğurlar arzulayırıq.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.3.