Qubada yaşayan dağ yəhudiləri Pesax
bayramını qeyd edirlər
Aprelin 5-dən başlayaraq Quba rayonunda yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər. Azadlıq və bahar mənasını verən Pesax bayramı dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 8 gün davam edir.
Bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Bu günlərdə dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.
Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrdə bildirilir ki, 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün Tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını bayram kimi qeyd etməyə başlayıblar.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxailov deyir ki, Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən – “matsa”dan istifadə edirlər. Bununla yanaşı, bayram süfrəsində qoz, şabalıd və almadan hazırlanan yemək də olur.
Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər evlərdə, küçələrdə təmizlik işləri görülür.
Qubadakı Qırmızı qəsəbədə
3 mindən çox dağ
yəhudisi yaşayır. Burada anadan olan, hazırda isə
xarici ölkələrdə yaşayan dağ yəhudilərinin
də müqəddəs Pesax
bayramını doğma qəsəbədə
qeyd etmələri ənənəyə çevrilib. Pesax
bayramı aprelin 13-dək davam
edəcək.
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.4.