Naxçıvan səhnəsinin 140 illik işığı
Peşəkar teatrımız bu il 150 illik yubileyini bayram edir. Bu böyük və zəngin tarixə nəzər salmaq üçün “Mədəniyyət” qəzeti olaraq müxtəlif rubrikalarla yubiley təqvimini daha da yaddaqalan etməyə çalışacağıq. Bu sayımızdan etibarən “Uzaq-yaxın səhnədaşlar” rubrikası altında bölgə teatrlarının tarixi və hazırkı fəaliyyətinə nəzər salacağıq. İlk olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrından başlayırıq.
Əlimdə çoxdan saralmış kiril əlifbalı nadir və vacib bir kitab var: “Azərbaycan teatrının salnaməsi”. Bu kitabı hər vərəqləyəndə qəribə bir həyəcan, zaman səyahəti, keçmişlə izahsız rabitə yaşayıram. Qəribə səslənəcək, amma elə bilirəm ki, o tarixdə mən də ruhən məhz oradayam. Təsəvvür edirsiniz, xurafatın, bərabərsizliyin, savadsızlıq və kütləvi məişət düşüncəsinin içində çapalamaq istəməyən bir qrup teatr adlı unikal, müqəddəs və həm də çətin bir işin qulpundan yapışıb əbədi bir sənət yolu açırlar. Asan olur, ya çətin? Bax, bunu az-çox milli teatrımızın tarixini oxuyub izləyən hər kəs bilir... Ehtiram və sevgi ilə andığımız böyük səhnə yolumuzun yoldaşlarından bəziləri də peşəkar Azərbaycan milli teatrından onca yaş kiçik Naxçıvan teatrının əsasını qoyub, inkişafına nail olublar.
Bu gün özünün 140 illik yubiley təntənəsinə hazırlaşan Naxçıvan Dövlət Milli Dram Teatrının təməl prinsipi, sözsüz ki, maarifçilik və xalqı yüksək sənət zövqü ilə təmin etməkdir. Yerli ziyalıların 140 il öncəki müqəddəs səyləri sonradan zəngin bir tarixin başlanğıcı olur. Gəlin, fakta birgə nəzər salaq: “Hacı Nəcəf Zeynalovun evində Eynəli Sultanovun idarəsi altında “Müsyö Jordan və dərviş Məstəli şah” oynanılmışdır. 11 mart, 1883-cü il, Naxçıvan”...
Sözsüz ki, bu da elə-belə deyildi. XIX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Naxçıvanda ilk dəfə yeni üsullu milli məktəblərin açılması, kitabxana yaradılması və bu kimi, mütərəqqi addımların atılması bölgədə mədəni tərəqqi üçün münbit şərait yaradırdı. Beləcə, bir qrup ziyalı Naxçıvan şəhərində teatr yaratmağa təşəbbüs göstərir. Onlar Azərbaycan milli peşəkar teatrının yaranmasının 10 illiyini böyük təntənə ilə qeyd etmək üçün şəhərin tanınmış və nüfuzlu ziyalılarından olan Hacı Nəcəf Zeynalovun evini münasib bilərək burada yubiley gecəsi keçirir. Məhz həmin gün Naxçıvan teatrının təməli olan, gələcək inkişaf yolunu təyin edən tamaşa oynanılır. Böyük səhnəyə gedən yolun ikinci sədası da 1887-ci ilin 2 sentyabrında eşidilir. Müəllim, yerli ziyalı Mirzə Sadıq Qulubəyovun rəhbərliyi ilə M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyası oynanılır. Özü də bu tamaşanı böyük dramaturqumuz Cəlil Məmmədquluzadə və Əliməmməd Xəlilov hazırlayırlar. Elə əsas rollardan birini də böyük mirzəmiz özü ifa edir.
1883-1890-cı illər arasında Naxçıvan şəhərində hər il 3-4 tamaşa hazırlanıb. Teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin Naxçıvan teatrının tarixi ilə bağlı məqalələrini oxuyarkən görürük ki, yerli teatr həvəskarları müxtəlif janr və üslublu tamaşalar hazırlayaraq zaman üçün cəsarət tələb edən mövzuları da səhnənin imkanları ilə diqqət mərkəzinə gətirə biliblər.
XX əsrin əvvəllərinə kimi həvəskarlar fərqli repertuar tərtib edərək tamaşalarını Naxçıvan şəhəri ilə yanaşı, ətraf rayonlarda da həvəslə göstəriblər. Bu tendensiya yeni dram dərnəklərinin də yaranmasına təkan verib və 1917-ci ildə “El güzgüsü” (rəhbəri Rza Təhmasib) və “İmdad” dram dərnəkləri yaradılıb. 1912-1917-ci illərdə Naxçıvan səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Nadir şah”, “Ölülər”, “Məşədi İbad”, “Arşın mal alan”, “Evliykən subay” və digər tamaşalar yerli həvəskarlar və Naxçıvana qastrola gələn Bakı və Tiflis teatrlarının aktyorları tərəfindən nümayiş olunub.
Ümumiyyətlə, XX əsrdə Naxçıvan teatrı özünəməxsus ənənələrini formalaşdırmağa nail olub, peşəkar səhnəni tamaşaçılara sevdirib. Bu dövrdə teatrın səhnəsində Azərbaycan və dünya klassiklərinin pyesləri tamaşaya qoyulub, xüsusilə 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən ictimai-siyasi proseslərə biganə qalmayıb. Sənət ocağı 1923-cü ildə “dövlət dram teatrı”, 1964-cü ildə “dövlət musiqili dram teatrı”, 2022-ci ildə “dövlət milli dram teatrı” statusları ilə 140 yaşını haqlayıb.
Bu il may ayının 11-də həm 140 yaşını, həm də “dövlət teatrı” statusu almasının (1923) 100 illiyini qeyd edəcək teatr bu gün də tamaşaçı auditoriyasını qoruyub saxlamaq üçün maraqlı repertuar təyin etməyə çalışır.
Doğrudur, son illər repertuarında tarixi əsərlər üstünlük təşkil etsə də, yaradıcı heyət janr müxtəlifliyini qoruyub saxlamağa da səy göstərir. Hazırda kollektiv K.Çapekin “Ana”, H.Cavidin “Topal Teymur”, N.Qoqolun “Müfəttiş”, Elçinin “Teleskop”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” və s. əsərləri nümayiş etdirir.
Tamaşaların quruluş heyətinə nəzər yetirdikdə maraqlı mənzərə hasil oldu. Belə ki, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnə əsərlərindən yalnız birinin rejissoru teatrda çalışır, gənc Həcərxanım Məmmədova. Onun quruluşunda “Teleskop” və “Ana” əsərləri hazırlanıb. Digər tamaşaların rejissorları isə Xalq artisti Kamran Quliyev (“Topal Teymur” və “Müfəttiş”), Əməkdar artist Tofiq Seyidov (“Xurşidbanu Natəvan”) dəvətlidirlər. Teatrdan bildirildi ki, kollektivdə yetərincə aktyor olsa da, peşəkar rejissor baxımından sıxıntı var. Quruluş heyətində ixtisas sahibi yalnız H.Məmmədovadır.
Hazırda paralel üç tamaşanın məşqləri gedir. Bunlar Xalq artisti K.Quliyevin quruluş verdiyi “Xilaskar” (Aqşin Babayev), H.Məmmədovanın rejissorluğu ilə “Lənkəran xanının vəziri” (M.F.Axundzadə) və muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyevin rejissoru olduğu M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” əsərləridir.
Müxtəlif səbəblərdən uzun illərdir Naxçıvan teatrının ölkənin paytaxtı və digər şəhərlərində fəaliyyət göstərən teatrları ilə əlaqələri zəifləyib. Teatr ölkə səviyyəsində keçirilən festivallarda və digər tədbirlərdə demək olar ki, fəal iştirak etmir. Ümid edirik ki, son aylar Naxçıvanda baş verən ictimai-siyasi yeniliklər bu sahəyə də təsirsiz qalmayacaq...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.6.