“Baş tutmayan böyük görüş...”
Tolstoy və Dostoyevskinin
qiyabi ünsiyyət sərgisi
Bakıdakı Rus Evinin təşkilatçılığı ilə aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində rus ədəbiyyatının iki klassikinə həsr edilmiş “Baş tutmayan böyük görüş. Tolstoy və Dostoyevski” adlı sərgi açılıb.
Sərgidə L.N.Tolstoy Dövlət Muzeyi fondunun materialları, V.İ.Dal adına Rusiya Dövlət Tarix Muzeyinin fotoşəkilləri, habelə Rusiya Dövlət Kitabxanasının fondundan məktub təqdim olunub.
L.N.Tolstoy Dövlət Muzeyinin elmi işçisi Yelizaveta Alekseyeva qeyd edib ki, bu sərgi Lev Tolstoyun və Fyodor Dostoyevskinin baş tutmayan şəxsi görüşündən bəhs edir: “Biz sərgidə bu paradoksu təhlil etməyə, ziyarətçilərin diqqətinə iki böyük yazıçı arasında qiyabi ünsiyyəti çatdırmağa çalışdıq”.
Yazıçıların həyata birmənalı olmayan baxışı, onların eyni suallara cavablar axtarması, müasirləri tərəfindən onların yaxınlığının qavranılması məsələlərinin təqdimatı sərginin əsas qayəsidir. Layihənin məqsədi sərgiyə gələnlərin özlərinin seçim etməsi və iki dahi yazıçının qiyabi dialoqunun tarixi ilə bağlı öz fikirlərini bildirməsidir.
L.N.Tolstoy və F.Dostoyevski eyni dövrdə yaşayıb, yaradıb və vahid zaman kəsiyində həqiqət axtarışında olublar. Onlar bir-birinin yaradıcılıq yenilikləri ilə yaxından maraqlanıb və uğurlarına seviniblər. Onların hər biri öz müasirinin əsərlərini həyəcanla mütaliə edib, təkrar oxuyub və sitatlar gətirib, qarşı tərəflə qiyabi dialoq aparıb.
Yazıçıların ortaq
dostları və tanışları olub. Onlar öz əsərlərini
eyni jurnallarda dərc
elətdirib, lakin şəxsi
tanışlıqları olmayıb və yazışma
aparmayıblar, hərçənd bir-biri
ilə görüşməyi arzulayıblar. Məhz bu paradoks rus
ədəbiyyatının “qızıl dövr”ünün indiyədək açmağa
cəhd edilən sirlərindən biridir...
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.7.