İplər kimin əlindədir?
Sumqayıt teatrının “Müsyö
Jordan və dərviş Məstəli
şah”ı haqqında
1968-ci ildə yaradılan Sumqayıt Dövlət Dram Teatrı 55 illik yubileyində tamaşaçılara baş rejissor Firudin Məhərrəmovun quruluşunda Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim etdi. Sumqayıt teatrı ilk dəfə tamaşaçıların görüşünə məhz bu əsərlə (1969-cu ilin 14 martında) gəlmişdi...
Firudin Məhərrəmov Sumqayıt Dövlət Dram Teatrında bu günə kimi bir çox klassik və müasir əsərlərə səhnə quruluşu verib. İlk dəfə 90-cı illərin sonunda səhnələşdirdiyi “Müsyö Jordan və dərvişi Məstəli şah”da rejissor insanların şeytanlar tərəfindən idarə edilməsini, şeytanların əmr və göstərişlərinə insanların müticəsinə boyun əyməsini maraqlı səhnə yozumu ilə tamaşaçılara təqdim edir. Şeytanların alçaq xislətini və insanlara əzab verməkdən duyduqları mənəvi həzzi tamaşaçıya çatdırmaq üçün rejissor səhnənin mərkəzində rəngarəng pərdə və işıqların “çılğın və dəlisov rəqs”ini qurur. Bundan başqa, Firudin Məhərrəmov tamaşada kişi obrazlarını arxa, qadın qəhrəmanları isə ön planda təqdim edərək, nəinki kişilərin, hətta dünyanın ipinin qadınların əlində olduğunu özünəməxsus tapıntıları ilə tamaşa boyu inkişaf etdirir.
Pyesdə hadisələr Novruz bayramında, Qarabağda cərəyan edir. Əsərdə avamlıq, cəhalət, savadsızlıq, cahillik, nadanlıq kimi hallar gülüş obyektinə çevrilir. Hadisələr zahirən gülüş doğursa da, müəllif insanları ayıltmağa çalışır, dünyadakı inkişafı Müsyö Jordanın gəlişi ilə onlara xəbər verir. Müsyö Jordanın Qarabağa gəlməsi təsadüfi deyildi. Mirzə Fətəli dövrünün tanınmış, savadlı və uzaqgörən şəxsiyyəti idi. O, şəhər və kəndlərdə yaşayan insanların vəziyyətindən xəbərdar idi. Mirzə bilirdi ki, kəndlərdə vəziyyət şəhərə nisbətən daha acınacaqlıdır. Ona görə də o, bir tərəfdən Müsyö Jordanı Qarabağda təsvir edir, digər tərəfdən də Qarabağdakı ab-havanı Şəhrəbanu xanımın “dili” ilə tamaşaçılara çatdırır. Müsyö Jordan həkim-alimdir. O, müalicəvi otlarla bağlı araşdırma aparmaq üçün Azərbaycana gəlib. Qarabağ nadir bitkilərlə zəngin bir yer olduğuna görə dramaturq hadisələri orada təsvir edir. Beləliklə, Mirzə Fətəli Müsyö Jordanın diliylə Avropadakı, Şəhrəbanunun diliylə isə Qarabağdakı vəziyyəti tamaşaçılara çatdırır.
Rejissor bu məqamları daha qabarıq və dərindən tamaşaçılara çatdıra bilmək üçün hər iki obraza xüsusi yanaşıb, onların simasında Şərqlə Qərbi qarşılaşdıraraq hər iki cəmiyyətdəki düşüncə və fikirləri, mədəni səviyyə və dünyagörüşü müqayisə edib.
Firudin Məhərrəmov səhnədə Hətəmxan ağa və Şahbaz bəy obrazlarına xəsisliklə yanaşaraq hər iki obrazı əsas qəhrəmanların öz məqsədlərini həyata keçirmələrinin başlıca “səbəbkarı” kimi təqdim edib. Əgər Şahbaz bəy Parisə getmək fikrinə düşməsəydi Şəhrəbanu xanım bu qədər canfəşanlıq etməz, bütün “ağbirçək” qadınları başına toplayıb, Parisi “partlatmaq” xəyalına düşməzdi. Bu səhnədə dramaturq parisli qadınların həyasızlığını qabardır, onların kişilərlə “üzüaçıq oturub söhbət etmələri”ni, kişilərin “ağıllarını başlarından aldıqlarını” ortaya ataraq Şəhrəbanu xanımın əlinə fürsət verir. Şəhrəbanu xanım Müsyö Jordandan qisas almağın yollarını axtararkən parisli qadınların bütün bu bəlalara səbəb olduğunu əsas gətirərək, onların yerli-dibli köklərini kəsməyin ən düzgün qərar olduğu qənaətinə gəlir və dərviş Məstəli şahdan Parisi dağıtmasını istəyir.
Tamaşada Şəhrəbanu xanım obrazını Əməkdar artist Fəranə Musayeva ifa edir. Onun Şəhrəbanusu fransalı qonağa əslində kinayə ilə yanaşır, ancaq qarabağlı qadınların şanını ucaltmaq xatirinə qonaqpərvərliyini yalançı “təbəssümlə” parisli həkimə nümayiş etdirir. Əri Hətəmxan ağanın Şahbaz bəyin Parisə getməsini normal qəbul etməsini həzm edə bilmir, bu işə əncam çəkməyin yollarını axtarır. Şəhrəbanu məqsədinə nail olmaq üçün kələk işlədərkən də özünü ağıllı, çoxbilmiş, səxavətli qadın kimi göstərməyə çalışır. Məstəli şahın işin qarşılığında alacağı pulu eşidəndə isə qəzəbindən gözləri bərəlir, Parisin partlamasına görə bu qədər pulundan keçməyinə “yanıb-yaxılır”. Fəranə Musayeva özünəməxsus oyun tərzi ilə Şəhrəbanu xanım obrazını şirin, baməzə, nazlı, eyni zamanda avam, cahil, dünyadan tamam bixəbər qadın təəssüratı ilə tamaşaçılara təqdim edir.
Tamaşada ən maraqlı və gülüşdoğuran səhnələr Şəhrəbanu xanımla müsyö Jordanın üz-üzə gəldiyi məqamlarda üzə çıxır. Müsyö Jordanı teatrın sevilən aktyoru Oqtay Mehdiyev oynayır. O, obrazdan-obraza dəyişməyi ustalıqla bacaran aktyordur. Onun ifasındakı parisli həkim duzlu, məzəli, incə ruhludur. Tamaşa zamanı Şahbaz bəy səhnədə vəhşi at kimi o baş-bu başa vurnuxub, əlindəki çomaqla yerin-göyün altını üstünə gətirəcək gücə sahib bir qarabağlı kişi olduğunu sübut edirdisə, parisli həkim öz incə hərəkətləri, oturuşu-duruşu ilə onun tamamilə əksini tamaşaçılara təqdim edir. Müsyö Jordan qadınlarla oturub söhbət edərkən də onlardan daha incə, zərif, həssas, yumşaq təbiətli bir məxluq olduğunu göstərməkdən çəkinmir, əksinə, qarabağlı qadınların kişilər kimi vüqarlı görünüşünə heyranlıqla tamaşa edir. Oqtay Mehdiyev qəhrəmanını tez-tez komik vəziyyətə salır, ondakı qadınlara məxsus incəliyi, nəzakəti özünəməxsus boyalarla “tənqid edir”.
Müsyö Jordan Paris mədəniyyətini və insanlarının obrazını səhnədə simvolik olaraq təqdim edirsə, Şahbaz bəylə Hətəmxan ağa qarabağlı, azərbaycanlı kişilərin nümunəsi kimi təsvir olunub. İstər Hətəmxan ağa, istərsə də Şahbaz bəy ağır oturuş-duruşları, qadınlar üzərindəki hökmranlıqları ilə səhnədə diqqəti cəlb etməyə çalışırlar. Şahbaz bəy həmçinin Parisə gedərək dil öyrənməyin vacibliyini, bir neçə dil bilsə də, bunların azlıq etdiyini nişanlısı Şərəfnisə xanıma söyləyir. Şərəfnisə xanım heç cürə nişanlısı Şahbaz bəyin Parisə getməyini istəmir. Buna da səbəb Parisdə qadınların kişilərlə birlikdə üzüaçıq oturub, söhbət edib, əylənməsidir. Əgər Şahbaz bəy dil öyrənmək istəyirsə, Parisə yox, Tiflisə gedə bilər. Bu təklifə də Şahbaz bəy heç cürə razı deyil, çünki fransız dilini ən yaxşı Parisin özündə öyrənmək olar.
Şahbaz bəy aktyor Cəlal Məmmədovun ifasında dəliqanlıdır, gözütoxdur, igiddir, qorxmazdır. Eyni zamanda tərbiyəli və mədənidir, özünü inkişaf etdirməyə çalışır, çünki başa düşür ki, dünya artıq onların ağıllarına gəlməyəcək qədər inkişaf edib. Şahbaz bəy isə Qarabağda otura-otura tamam-kamal inkişafdan geri qalıb. O, Şərəfnisəni çox sevir, buna baxmayaraq, özünün inkişafını da hər şeydən vacib hesab edərək, dünyanı gəzib-dolaşmaq istəyir.
Vəfa Qurbanovanın oynadığı Şərəfnisə dəcəl, şıltaq və eqoistdir. Şahbazın istəyini ürəyində qoyub, Parisin “altını-üstünə” çevirmək istəyir. Yaşına yaraşmayan hiyləbazlıq və ədabazlığı var. On altı yaşlı Şərəfnisə Şahbazın sözünə məhəl qoymadan anasıyla birləşib müsyö Jordanın vilayətinə od qoymaqla, parisli qadınları “cəzalandırırlar”.
Aktyor İlham Səfərli dərviş Məstəli şahı maraqlı çalarlarla canlandırır. O, qara geyimdə səhnədə dəli kimi o baş-bu başa qaçır, tez-tez göyə atıla-atıla səhnə boyu qadınlara nə qədər güclü sehrbaz, cadükün, falçı olduğu fikrini sırımağa çalışır. Rejissor dərviş Məstəli şahın hiyləgərliyini, pis niyyətini tamaşaçılara daha aydın göstərmək üçün onu gülünc vəziyyətdə – uzun saqqalda, bərəlmiş gözlərilə tez-tez ətrafı seyr edən halda səhnə boyu kukla kimi oynadır. Dərviş Məstəli şah özü də düşdüyü vəziyyətdə çaşqındır, nə edəcəyini tam kəsdirə bilməsə də, Parisi mütləq dağıtmalıdır. Özü öz dediyinə inanmadığı halda bu avam qadınların onun ağzından çıxan hər sözü acgözlüklə içlərinə çəkmələrinə gülür. O həm də şorgöz və tamahkardır. Qadınların pullarını almaqla kifayətlənməyib, onlara tamahla, ehtirasla nəzər salıb, bəhanə tapdıqca onlara yaxın oturur. Şəhrəbanu xanımla dərviş Məstəli şah səhnəsi tamaşanın kulminasiya nöqtəsidir. Bu səhnədə Şəhrəbanu xanımın cahilliyi, avamlığı, savadsızlığı, dərviş Məstəli şahın isə hiyləgərliyi, namussuzluğu bütün çılpaqlığı ilə tamaşaçılara təqdim edilir.
Firudin Məhərrəmov tamaşanı əvvəldən sona kimi gülüş, məsxərə janrı üzərində qurub, kişilərin “ipinin” qadınların əlində olmasını səhnə boyu simvolik olaraq da göstərmək üçün hər qadının əlinə bir ip verib. Qadınların ipi isə rejissorun fikrincə, şeytanların əlindədir. Qadınlar hara gedirsə, tamaşa boyu şeytan da onları izləyir.
Firudin Məhərrəmov tamaşanın səhnəqrafiyasını pərdələrin köməkliyi ilə həll edərək, həmçinin pərdələrdən otaqlara giriş-çıxış qapısı kimi də istifadə edib. Şeytanlar, əcinnə və cinlər səhnədə rəqs edərkən həmin pərdələr də onların rəqslərinə uyğunlaşdırılaraq səhnə boyu enib-qalxır, dəniz kimi gah coşaraq dalğalanır, gah da yavaş-yavaş geri çəkilirdi. Pərdələr həmçinin qəhrəmanların gizlənmək üçün istifadə etdikləri vasitəyə çevrilir, Şəhrəbanu xanım dərviş Məstəli şahı tamaşanın sonunda həmin pərdənin arxasında gizlədərək, heç kimin görməməsinə nail olur.
Rejissor tamaşanın geyim məsələsində millilik ruhunu qoruyub saxlayıb, ornamentlərlə zəngin milli geyimlərdən istifadə edib. O, müsyö Jordanı da fransız milli geyimində səhnəyə çıxardaraq, hər iki millətin özünəməxsus geyim və adət-ənənələri mövzusuna həssaslıqla yanaşıb. Eləcə də tamaşanın musiqi həllində də quruluş müəllifinin milli köklərə dayanan xalq musiqi parçalardan yerində istifadə etməsi qeyd olunmalıdır.
Tamilla Əliyeva
Teatrşünas
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.7.