Özbəkistanın mədəniyyət və milli mətbəxinin təqdimatı

 

Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF – 2023”) çərçivəsində aprelin 5-də “Fairmont Baku” hotelində Özbəkistanın turizm və mədəniyyət günlərinə həsr olunan ziyafət təşkil edilib.

Tədbir Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açaraq bildirib ki, tədbirdə iştirak etmək üçün ölkəmizdən çoxlu sayda nümayəndə təşrif buyurub: “Bu cür tədbirlərin keçirilməsi iki qardaş ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcək. Bu gün burada təşkil olunmuş ziyafətdə, eyni zamanda Özbəkistanın milli xalq musiqi və rəqs folklor nümunələri nümayiş olunur. Həmçinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş “Xarəzm ləzgi rəqsi” təqdim olunacaq”.

Özbəkistan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Milli Piar Mərkəzinin rəhbəri Dilfuza Samandarova Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu deyib: “AITF – 2023” sərgisi çərçivəsində bu cür tədbirlərin təşkili, milli musiqi və rəqs folklorumuzun, milli mətbəximizin təqdimatı bizim üçün böyük şərəfdir”.

Sonra Özbəkistanın musiqi və rəqsləri ifa olunub, eləcə də milli mətbəx nümunələri təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.8.