“Azərbaycanın sənədli kino salnaməsi”ndə Tofiq İsmayılov yad edilib

 

Aprelin 6-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.

Xalq artisti, kinorejissor Tofiq İsmayılovun (1939-2016) doğum günündə gerçəkləşən tədbir onun yaradıcılığına həsr olunub.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Tofiq İsmayılovun bədii və sənədli kinoda xidmətlərindən danışıb.

Sonra kinorejissorun “Şəhərimin daşları” (1968) və “Prima” (1994) filmləri nümayiş olunub.

Nümayişdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist, aktyor, pedaqoq Ötkəm İsgəndərov, Xalq artisti, kinorejissor Əbdül Mahmudov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, “Primafilminin qəhrəmanı, məşhur rəqqasə Əminə Dilbazinin oğlu Mikayıl Hacıyev çıxış edərək Tofiq İsmayılovun filmlərindən söz açıb və onun haqqında xatirələrini bölüşüblər.

Sonda rejissorun ailə üzvləri adından qızı Vəfa İsmayılova çıxış edərək tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.2.